Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” və ya “əleykum”) ilə kifayətlənilsin.”[1]
Əlbəttə, bu məsələ müsəlmanların onlarla nə qədər qaynayıb-qarışmasına, ünsiyyətdə olmasına bağlıdır. Bəzi hallarda onlara soyuq yanaşmaq düzgün olmaya, dində gələn tövsiyələrlə zidd ola bilər.
Rəvayətlərdə gələn bu tövsiyələrin nümunələrində deyilir: Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) “əssəlamu əleykum” əvəzinə “əssamu əleykum” (xəstəlik və ölüm istəyidir) deyə xitab edən yəhudinin cavabında “əleykə” buyurdu. O həzrət bu barədə səhabələrin bəzilərinin kəskin reaksiya göstərdiyini və nalayiq sözlər dediyini eşitdikdə onları təmkinli olmağa, mülayim rəftara çağırdı və buyurdu:
إِنَّ الْفُحْشَ لَوْ كَانَ مُمَثَّلًا لَكَانَ مِثَالَ سَوْءٍ، إِنَّ الرِّفْقَ لَمْ يُوضَعْ عَلَى شَيْءٍ قَطُّ إِلَّا زَانَهُ وَ لَمْ يرْفَعْ عَنْهُ قَطُّ إِلَّا شَانَهُ
“Həqiqətən, əgər pis və nalayiq sözü cisim halına salsaydılar, ondan çox ikrah hissi yaradan və çirkin bir surət (mənzərə) düzələrdi. Mülayim və yumşaq davranışı hər şeyə əlavə etsələr, zinətə səbəb olar. Bu ikisini hər şeydən götürsələr, çirkin və qəbahətliyə səbəbi olar.”[2]
Deməli, bizimlə dava-dalaşda olmayan və zərurətin tələbi ilə qaynayıb-qarışmalı, ünsiyyət yaratmalı olduğumuz qeyri-müsəlmanlarla elə davranmalıyıq ki, müsəlman və din barəsində zehinlərində xoşagəlməz bir xatirə yaranmasın.
[1] Bax: Fazil Lənkərani, Məhəmməd, “Cavanların hökmləri”, səh. 182, “Əmiri qələm” nəşriyyatı, Qum, 1427-ci qəməri il; Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, “Urvətul-vusqa”, 1-ci cild, səh. 536, “Əimmeyi əthar (əleyhimus-salam)” fiqhi mərkəzi, Qum, bi.ta
[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 2-ci cild, səh. 648, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il