Peyğəmbərlərin və məsumların (əleyhimus-salam) ismət məqamına malik olmaları şiə məzhəbinin mühüm etiqadlarından biri hesab olunur. Siz onun ətraflı izahına baxmaq üçün həmin saytın bu suallarına müraciət edə bilərsiniz: sual 1738 (sayt 1885), sual 1740 (sayt 2139) və sual 3026 (sayt 4594).
Amma ismət məqamının cəbri olması iddiasına gəldikdə isə, bu barədə demək lazımdır: Biz şiənin böyük alimlərindən biri olan mərhum Şeyx Məhəmməd Rza Müzəffərin yazdığı “Əqaidul-imamiyyə” (İmamiyyə şiələrinin əqidə üsulları) kitabının ərəbcə mətnində “məsumların öz ismətində heç bir ixtiyarları yoxdur və bu məsələdə məcburdurlar” ifadəsi (yaxud buna oxşar məzmunu ifadə edən bir şey) görmədik. Hətta bəzi hallarda bu məsələnin tamamilə əksi aşkar şəkildə bəyan olunmuşdur. Məsumların isməti barəsində o alimin ən aşkar bəyanı “əmrani mühimmani” (iki mühüm xartırlatma) ünvanı ilə irəli çəkdiyi məsələdir. Burada onun ibarələrini olduğu kimi qeyd edirik:
وَ مِنَ الْاُمُورِ الَّتِی یَجِبُ التَّنْبِیهُ عَلَیْهَا اَیْضاً هُوَ اَنَّ الْمَعْصُومَ (ع) لَیْسَ مَجْبُوراً عَلَی فِعْلِ الطاَّعَاتِ وَ تَرْکِ الْمَعَاصِی، وَ اِنَّمَا فَعَلَ وَ تَرَکَ بِاخْتِیَارِهِ؛ لِاَنَّ الْعِصْمَةَ مَلَکَةٌ وَ بَصِیرَةٌ فِی الْاُمُورِ؛ اِذْ اَنَّهُ یَنْفرُ مِنَ الْمَعَاصِی وَ یَبْتَعِدُ عَنْهَا، وَ یَتَشَوَّقُ اِلَی الطَّاعَةِ فَیَعْمَلُهَا، وَ کُلُّ ذَلِکَ بِتَوْفِیقٍ مِنَ اللهِ عَزَّ وَ جَلَّ
“Xatırladılması vacib olan məsələlərdən biri də budur ki, məsum şəxs itaəti yerinə yetirməyə və günahı tərk etməyə məcbur deyildir; o, yaxşı işləri öz ixtiyarı ilə görür, günah işləri öz ixtiyarı ilə tərk edir. Həmçinin, ismət (günah və xəta qarşısında toxunulmazlıq) işlərdə bir növ bəsirət və səciyyədir ki, məsum şəxs günaha nifrət hissi keçirərək ondan uzaqlaşır, itaətə şövqlü olaraq ona əməl edir. Əlbəttə, bunların hamısı ilahi tövfiq sayəsindədir.”[1]
Deməli, mərhum Müzəffərin kəlamı ismət məqamının məcburi yox, tam ixtiyari bir məqam olduğuna açıq-aşkar şəkildə dəlalət edir! Əlbəttə, ehtimal verilir ki, ingiliscə tərcüməyə lazımi qədər diqqət yetirilməmiş, kitabın bəzi bəhsləri ilə əlaqədar oxucunun çıxarışlarında səhvə yol verilmişdir və o, bu mühüm xatırlatmaya diqqət yetirməmişdir.