İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs Zatı barəsində mərifətin artırılması ilə eyni zamanda ixlasın dəyəri və ixlassızlığın zərərləri barəsində təfəkkür etmək, işlərin bütün yönlərində bəndəliyin daxili və zahiri şərtlərini əldə etmək, Allah qarşısında bəndəlikdə daim səhlənkarlıq və qüsur hissi keçirmək, Allahla səmimi qəlbdən raz-niyaz etmək və s. ilə ixlasın mərtəbələrini əldə etmək olar.
Allah-taalanın qarşısında layiqincə bəndəlikdə ixlasın necə əldə olunması ilə əlaqədar verilən sualın cavabı aşağıdakı məqamlara bağlıdır:
1. İxlasın tərifi, mərtəbələri, maneələri, əldə edilmə yolları
İxlas[1] – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır.
2. Bəndəlik və ixlasın mərtəbələri[2] niyyətin mərtəbələrinə bağlıdır. Çünki həqiqi bəndəlik ilahi əzabdan qorxmaq, ilahi nemətlərə nail olmaq, varlıq aləminin Pərvərdigarı qarşısında itaətsizliyə və inadkarlığa görə xəcalət hissi keçirmək, Allahın sonsuz nemətlərinə minnətdarlıq və təşəkkür etmək, mənəvi-insani kamallara nail olmaq, Allah-taala dərgahında layiqli bəndə olmaq, Onun pak və müqəddəs zatına aşiq olmaq və Onu sevmək xatirinə ola bilər.
Qeyd olunan tərtibə əsasən aşağıdakılardan hər birini “mərtəbə” adlandırmaq olar: ibadət və qorxu üzündən olan bəndəlik, ticarət üzündən olan bəndəlik, günahlar qarşısında xəcalət, şükür etmək, məhəbbət və aşiqanə hisslər üzündən olan ibadət. Əlbəttə, qeyd etmək lazımdır ki, bu məqsədlərin bəzilərinin vahid bir mərtəbədə cəm ola bilməsi mümkündür.
Bəndəlikdə ixlasın maneələri
İxlas mərtəbələrinə və aləminə daxil olmaq üçün müxtəlif maneələr vardır ki, aşağıda onlarının ən mühümlərinə işarə edirik:
a) riyakarlıq, b) dünyaya varlılıq, v) şeytan
Riyakarlıq
Allah-taalaya bəndəlik məqamında camaatın əksəriyyətinin düçar olduqları ixlassızlıq maneələrinin çoxu riyakarlıq, başqalarının xoşuna gəlmək hissi, təriflənmək, şan-şöhrət və rəyasət arzusunda olmaqdan ibarətdir.
Riyakarlığın aradan qaldırılması yolu:
Riyakar şəxs gərək bilsin ki, bütün insanların razılığını qazanmaq mümkün deyildir. Bundan əlavə, o, daim fikri pərakəndəlikdə və ruhi nigarançılıqda yaşayır. Başqalarının razılığını qazanmaq arzusunu fərz etdikdə belə, görəsən başqalarının xoşuna gəlməsinin onun halına nə faydası olacaqdır? Həqiqi fayda və ya zərər yalnız Allah-talanın əlindədir.
Dünyaya bağlılıq
Dünyaya bağlılıq nəticəsində insanın bütün həyatı, hətta Allaha bəndəlik belə, dünyadan daha artıq faydalanmaq və dünya malına nail olmaq üçün bir vasitə hesab olunur. Bu maneənin aradan qaldırılması belə ola bilər ki, insan dünya və insan barəsində tədqiqat aparsın, insanların ötəri dünya həyatını və şan-şöhrət əldə etmək üçün düçar olduqları ruhi sarsıntıları, bədbəxtçilikləri və giriftarlıqları nəzərində canlandırsın. Bundan əlavə, insanın çoxlu ehtiyacları vardır ki, dünya onları təmin etməkdə həddindən artıq acizdir.
Şeytan
Riyakarlığı, dünya məhəbbətini və hər bir çirkin işi insan üçün gözəl cilvələndirən yalnız şeytandır.[3]
Şeytanın nüfuzunun qarşısının alınması belə ola bilər: insan bilsin ki, şeytan Adəmin cənnətdən çıxarılmasına səbəb olmuşdur. Eləcə də şeytanın törətdiyi çirkin işlərə, onların zərərlərinə dair daha artıq fikrini cəm etsin.
4. İxlas əldə etməyin yolları[4]
4-1. Allah-taalaya iman və mərifətin gücləndirilməsi
Allah-taalanın müqəddəs zatına, bütün sonsuz sifətlərinə iman, xüsusilə sevmək və pərəstiş hissini Allah-taalanın müqəddəs zatına məxsus edən sifətlərə iman şirk, küfr və nifaqın heç bir qisminə yer qoymur; Allah-taalanın müqəddəs zatının bütün sifətləri ilə yanaşı tanınması insanda bəndəlik və Allah qarşısında özünü heç hesab etmək hissini yaradır ki, məbada dünya və axirət əzabına düçar və Allah-taalanın müqəddəs camalını müşahidə etməkdən məhrum qalsın. Bu mərifətin mərtəbələrinə əsasən ixlas və qorxunun müəyyən mərtəbələri hasil olur.
4-2. İxlasın dəyəri barəsində təfəkkür etmək
İxlas – səmavi dinlərə ilahi bir fərmandır,[5] Allahın Öz sevimli bəndəsinə gizli olan bir nemətidir,[6] insanın Pərvərdigarı mənən müşahidə etməsinə,[7] qiyamət gününün hesabından asudə olmasına,[8] axirətin sonsuz nemətlərindən bəhrələnməyə səbəb olur[9] və şeytanın insanlara nüfuz etməsinin qarşını alır.[10]
4-3. İxlaslı olmamağın zərərləri barəsində fikirləşmək.
İxlassızlıq və riyakarlığın təsirləri barəsində olan rəvayətlərin məcmusundan aydın olur ki,[11] riyakarlıq və ixlasın olmaması bir növ şirk, küfr, münafiqlik, Allaha qarşı hilə işlətmək sayılır, Onun qəzəbinə, əməllərin qəbul olunmamasına, şəfaət və duanın təsirinin aradan getməsinə səbəb olur.
4-4. Bəndənin zahiri ilə batini arasında uyğunluğun yaradılması. Bu uyğunluq elə olmalıdır ki, başqalarının hazır olması insanın necə bəndə olmasına heç bir təsir göstərməsin.
4-5. Bütün yönlərdə bəndəlik
Bütün vaciblərdə Allah-taalanın fərmanlarına itaət və bütün haram işləri tərk etmək, müstəhəb əməlləri yerinə yetirib məkruhları tərk etmək, hətta mubah işlərdə belə Ona itaət etmək. Nəinki misal üçün, namaz qılmaqla eyni zamanda həsəd və qeybət də etmiş olsun. Sair dini əməl və etiqadlarda eynilə belə olmalıdır.
4-6. Bəndəlikdə daim səhlənkarlıq və acizlik hissi keçirmək
İnsan bütün hallarda ixlas və bəndəliklə eyni zamanda özünü daim bəndəlik haqqını yerinə yetirə bilməkdən aciz hesab etməlidir. Buna görə də peyğəmbərlər və övliyalar ixlasın ən yüksək mərtəbəsində nail olmaqla eyni zamanda raz-niyaz edərkən özlərini Allah-taalanın müqəddəs dərgahında layiqli bəndəliyə nail olmaqdan aciz hesab edirdilər. Buna görə də Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) buyurur: “(Pərvərdigara!) Sənə layiqincə bəndəlik edə bilmədik!”[12]
4-7. Dua
Dua insanın dünya və axirət çətinliklərinin həll edilməsi, onların asanlığa çevrilməsi üçün bir vasitədir.
İnsanların bəzi əbədi və əsaslı ehtiyaclarının həlli bəndəliklə yanaşı dua etməkdən başqa bir yolla mümkün olmur. Bəndəlikdə ixlasdan da yüksək bir ehtiyac ola bilərmi?! İmam Səccad (əleyhis-salam) acizanə şəkildə Allahdan bəndəlik istəyərək deyir: “Pərvərdigara! Bunların (əməllərimin) hamısını riya edənlərin riyalarından xalis et ki, heç kəsi Sənə şərik qərar verməyək və Səndən başqa heç bir muradı seçməyik.”[13]
[1] Əxlaq, irfan və təfsir kitablarında ixlas üçün verilən müxtəlif nəzəriyyələrə və onun müxtəlif mərtəbələrinə diqqət yetirməklə müxtəlif təriflər bəyan olunmuşdur. Misal üçün, “Meracus-səadət”, səh. 486; “Kimyayi səadət”, 2-ci cild, səh. 453; “Çehel hədis”, İmam Xomeyni, səh. 238; “Urvətul-vusqa”, Seyyid Məhəmməd Kazim Təbatəbai, 1-ci cild, səh. 472; “Əl-mizan”, Əllamə Təbatəbai ,“Bəqərə”, 264, “Nisa”, 38 və 142, “Ənfal”, 47 və “Maun”, 6-cı ayələrinin təfsirində
[2] İxlasın mərtəbələri ilə əlaqədar bəhsi daha artıq qavramaq üçün bax: “Üsuli Kafi”nin tərcümə və şərhi, mərhum Müstəfəvi; “Seyri-süluk”, Əllamə Seyyid Məhdi Təbatəbai, mərhum Seyyid Məhəmməd Hüseyn Tehraninin müqəddiməsi ilə
[3] “Hicr” surəsi, ayə: 39 və şeytanın işləri ilə əlaqədar olan çoxlu digər ayə və rəvayətlər
[4] İxlasın əldə olunma yolları qeyd olunan bu və digər əxlaq kitablarında bəyan olunmuşdur.
[5] “Bəyyinə” surəsi, ayə: 5
[6] “Meracus-səadət”, “Hədisi qudsi”, səh. 489
[7] Yenə orada
[8] “Saffat” surəsi, ayə: 128
[9] “Saffat” surəsi, ayə: 39-40
[10] “Hicr” surəsi, ayə: 40
[11] Bu rəvayətlər əxlaq kitablarında nəql olunmuşdur.
[12] “Biharul-ənvar”, 68-ci cild, səh. 23
[13] “Səhifeyi Səccadiyyə”, 44-cü dua”