Həsəd insanın özündə xarlıq və həqarət hissi keçirməsindən irəli gəlir. Bunun da ardınca insan “başqalarına verilən nemətlər ümumiyyətlə olmasın!” deyə arzu edir.
Bu ruhiyyənin müalicəsi üçün çoxlu yollar təklif edilmişdir:
1. Bu xislətin ruha, dinə, dünya və axirətə vurduğu zərərlər barəsinə təfəkkür etmək;
2. Allah-taalaya imanı gücləndirmək;
3. Həsədin tələbinin tamamilə əksinə olan gözəl rəftarlar göstərmək;
4. Allah-taala dərgahında dua və raz-niyaz etmək. Belə ki, bu yol ruhi xəstəliklərin məhv edilib kökünün kəsilməsi üçün ən yaxşı üslublardan biridir.
Suala cavab vermək, həsədin köklərini və onun müalicə yollarını bəyan etmək üçün aşağıdakı mətləbləri qeyd edirik:
Həsədin tərifi, onun qibtə və qeyrət ilə fərqi, həsədin yaranma əsasları, onun aradan aparılma yolları və üslubları.
1. Həsədin tərifi:
Həsəd insanın özündə başqalarına nisbətən xarlıq hissi keçirməsi və özünü onlardan alçaq hesab etməsidir ki, bunun ardınca “başqaları, malik olduqları (həqiqi və ya xəyali) nemətlərə malik olmasın!” deyə arzu edir, istər o nemətlər onun özündə də olsun, istərsə də olmasın; istər ona nail olsun, istərsə də nail olmasın.[1]
2. Həsədin qibtə ilə olan fərqi
Qibtə bir ruhiyyədir ki, onun ardınca insan başqalarının malik olduğu nemət və kamallara özünün də malik olmasını istəyir, amma başqalarının həmin nemətdən məhrum olmasını arzu etmir.[2]
3. Həsədin qeyrətlə olan fərqi
Qeyrət elə bir ruhiyyədir ki, onun ardınca insan başqalarından hər növ çirkinlik və pisliyin aradan getməsini istəyir.[3]
4. Həsədin mənşəyi və yaranma kökləri[4]
Həsədin müxtəlif mənşəyi və amilləri vardır. Bu amillərin hər biri də təklikdə həsədin yaranmasına səbəb ola bilər. Bu amillərin az (zəif) və ya çox (şiddətli) olmasına bağlı olaraq həsədin aradan aparılması da çətin və ya asan ola bilər. İndi bu amillərin bəzilərini qeyd edirik:
a) Batini çirkinlik. Bəzilərinin ruhiyyələri mənfi istiqamətdə elə formalaşır ki, başqalarında maddi və mənəvi nemətləri heç bir vəchlə görməyə tab gətirə bilmirlər.
b) Öz daxilində xarlıq və boşluq hissi.[5] Yəni insan özündə xarlıq və zəlillik hiss etdiyinə görə başqalarında kamal və yaxşılığı görməyə tab gətirə bilmir.
v) Özünü tərifləmək və xudbinlik. Bəziləri yalnız özünün təriflənməsini və məşhurlaşmasını istəyir, buna görə də başqalarında olan kamalların məhv olmasınmı arzulayırlar.
q) Düşmənçilik ruhiyyəsi: Həsəd etdiyi şəxsə qarşı düşmənçilik etdiyinə görə onun gözəlliklərini və malik olduğu fəzilətləri görə bilmir.
5. Həsədin müalicə yolları[6]
a) Həsədin insanın ruhuna qoyduğu zərərlər barəsində fikirləşmək. Çünki həsəd edən şəxs daim qəm-qüssə içərisindədir. Allahın başqalarına verdiyi ilahi nemətlər həm əbədi və həmişəlik, həm də sonsuzdur. O da bu nemətləri görməklə daxilində nigarançılıq və xiffət odunla yanır.
b) Məsumların (əleyhimus-salam) həsəd edən şəxsin din və axirət zərərləri barəsindəki bəyanlarında təfəkkür etmək. Onların bəziləri aşağıdakılardır: həsəd dinin bəlasıdır, imanı məhv edib aradan aparır, insanı Allah-taalaya məhəbbət və vilayət hüdudlarından çıxarır, Allahın işləri ilə düşmənlikdir, itaət, tövbə və şəfaətin qəbuluna mane olur, insanın yaxşı əməllərini aradan aparır və bir çox digər günahların mənşəyidir.[7]
v) Allah-taala, Onun sifətləri və felləri ilə əlaqədar imanı gücləndirmək və bilmək lazımdır ki, bir kəsə hər hansı bir neməti – gözəllik, yaxşılıq, ruhi, dünyəvi və axirət şeyləri veribsə, deməli Özünün rəhmət, ədalət, hikməti əsasında və imtahan etmək üçün verib; insan bilməlidir ki, əgər bir şəxs bunlardan məhrumdursa, bu da ilahi hikmət əsasındandır. Misal üçün, imtahan etmək, ruhi və axirət dərəcəsinin yüksəldilməsi və s.
ğ) Həsədin özü və onun mənşəyi ilə zidd olan ruhi-mənəvi xislətləri əldə etmək. Yəni batinin çirkin olması müqabilində batinin pak və ürəyi açıq olmasına çalışsın; başqalarına verilən nemətlər qarşısında özünü zəlil hesab etmək əvəzinə nəfsani izzətə və kəramətə malik olsun; özünü tərifləmək, xudbinlik əvəzinə Allahı istəsin, Allaha mərifət əldə etsin və bəndəlik hissi keçirsin; düşmənçilik əvəzinə başqaları ilə dostluğa adət etsin.
ğ) Həsədin tələb etdiyi şeylərin əksinə olan rəftarları büruzə versin: nigaranlıq yerinə xoşhallıq hissi keçirsin, üzünü turşutmaq əvəzinə üzü açıq olsun, nalayıq sözlər demək əvəzinə başqalarını tərifləsin və bu kimi rəftarları o qədər davam etdirsin ki, axırda başqaları ilə mehribançılıq və dostluğa səbəb olsun.
q) Allah-taala ilə raz-niyaz etsin, çünki Allah-taala həm ehtiyacsızdır, həm də ehtiyacsız edəndir. Allah dərgahında raz-niyaz və yalvarış həsəd kimi ruhi və batini xəstəliklərin aradan qaldırılmasının ən təsirli vasitəsidir. İmam Zeynul-abidin (əleyhis-salam) Allah-taala dərgahında raz-niyaz edərkən belə deyir: “Pərvərdigara! Hərisliyin tufanından, həsədin qələbə çalıb şölələnməsindən Sənə pənah aparıram!”[8]
[1] İmam Xomeyni, “Çehel hədis”, səh. 105; Nəraqi, Əhməd, “Meracus-səadət”, səh. 347; Ğəzzali, “Kimyayi səadət”, 2-ci cild səh. 126
[2] “Meracus-səadət”, səh. 347; Qibtənin dəyəri barəsində əxlaqi kitablara və aşağıdakı ayələrin təfsirlərinə bax: “Mütəffifin”, 26, “Hədid”, 21, “Maidə”, 48
[3] Yenə orada
[4] Bax: “Kimyayi səadət”, “Meracus-səadət”, həsəd bəhsi
[5] İmam Xomeyni həsədi həmin ruhiyyədən ibarət və nəfsin zəlil olmasında bilir. Bax: “Çehel hədis”, səh. 107
[6] Bu üslubların hamısı digər üslublarla birlikdə əxlaqi kitablarda həmin ünvanda, yaxud başqa ünvanlarda zikr olunmuşdur.
[7] Əlavə məlumat üçün bax: “Kafi”, 2-ci cild, səh. 307; “Vəsailuş-şiə”, 15-ci cild, səh. 366; “Müstədrəkül-vəsail”, 12-ci cild, səh. 20; “Kimyayi səadət” və “Meracus-səadət”, həsəd bəhsi
[8] “Səhifeye Səccadiyyə”, səh. 56