“Fürui kafi”, “Mən la yəhzurluhul-fəqih” və s. şiə kitablarında İsmail ibni Mehranın belə dediyi nəql olunur: Qəbirləri ziyarət etmək və onların üzərində məscid tikmək barədə imam Sadiq (əleyhis-salam)-dan soruşduqda buyurdu: “Qəbirləri ziyarət etməyin eybi yoxdur, amma qəbrin yanında məscid düzəldilməyin.”
Həmçinin “Mən la yəhzuruhul-fəqih” kitabında imam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Qəbirin öz torpağından başqa onun üzərinə qoyulan, yaxud tökülən hər bir şey ölüyə ağırlıq gətirir.”
“Fürüi kafi” və “Vəsailuş-şiə” kitablarında imam Sadiq (əleyhis-salam)-dan nəql olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurdu: “Qəbrin özündən (qazılanda) çıxarılan torpaqdan savayı onun üzərinə başqa torpaq tökülməsin.”
“Mən la yəhzuruhul-fəqih” və “Vəsailuş-şiə” kitablarında Əli (əleyhis-salam)-dan belə nəql olunur: “Hər kəs qəbri təmir etsə, yaxud timsal düzəltsə, şübhəsiz, islamdan xaric olmuşdur.”
“Vəsailuş-şiə” kitabında imam Sadiq (əleyhis-salam)-dan nəql olunur ki, Əli (əleyhis-salam) buyurdu: “Allahın Peyğəmbəri məni Mədinəyə göndərdi və buyurdu: “Gördüyün hər şəkli məhv et və gördüyün hər bir qəbri yerlə eyni səviyyədə qərar ver.”
“Əl-istibsar” və “Vəsailuş-şiə” kitablarında Əli ibni Cəfər rəvayət edir ki, imam Musa Kazim (əleyhis-salam)-dan soruşdum: “Qəbir düzəltmək və onun üzərində oturmaq caizdirmi?” Həzrət buyurdu: “Qəbiri düzəltmək, onun üzərində oturmaq, onu gəclə işləmək (sementləmək) və palçıqla düzəltmək caiz deyildir.”
Quran-kərim “Əshabi-kəhf” hadisəsini nəql edərkən onların qəbirləri üzərində məscid tikilməsini aşkar şəkildə ünvanlamış və onu təsdiq edərək qəbul etmişdir. Çoxlu rəvayətlərdə ilahi övliyaların qəbirlərinin yanında ibadət etməyə nəinki icazə verilir, üstəlik bu cür ibadət daha artıq savab və mükafata layiq görülür. Digər tərəfdən, bir çox rəvayətlər ilk nəzərdə yuxarıdakı ayə və birinci dəstədən olan rəvayətlərlə ziddiyyətli görünür. Amma bilmək lazımdır ki, islam cəmiyyətini təhdid edən ictimai gerçəkliklər və müxtəlif təhlükələr, o cümlədən bir daha şirkə qayıdış, qəbirlərlə öyünmək, səbir və təhəmmülü əldən vermək, islam dini ilə uyğun gəlməyən bəzi digər xurafatçı təfəkkürlər və s. dəlillərə əsasən camaatın qəbiristanlığa ifrat diqqəti din rəhbərləri tərəfindən məzəmmət olunmuşdur.
3357-ci sualın cavabında (sayt 3870) araşdırıldığı kimi, “Kəhf” surəsinin 21-ci ayəsində deyilir:
قالَ الَّذینَ غَلَبُوا عَلى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِمْ مَسْجِدا
“Öz işlərində qələbə çalanlar dedilər ki, onların qəbirlərinin üzərində mütləq məscid tikəcəyik!” Bu ayəyə əsasən, qəbirlərin yanında və üstündə məscid tikmək və bunun ardınca da həmin məsciddə namaz qılmağı təklikdə islam meyarları ilə müxalif olan bir tədbir hesab etmək olmaz. Bu zəmində bir-biri ilə təfavütlü olan iki qrup rəvayət vardır ki, onları araşdırırıq:
Birinci dəstədən olan rəvayətlər ilahi övliyaların qəbirlərinin yanında namaz qılmağı nəinki caiz, üstəlik çoxlu savaba malik olan bir əməl də hesab edir. Mənəvi təvatür həddində olan bu kimi Əhli-beyt hədisləri o qədərdir ki, onlarla müxalifət üçün heç bir yozuma və əsasa yer qalmır. Belə ki, Seyyidüş-şühəda imam Hüseyn (əleyhis-salam)-ın qəbrinin yanında namaz qılmağın fəziləti ilə əlaqədar nəql olunan rəvayətlər “Vəsailuş-şiə” kitabında ayrıca bir fəsildə qeyd olunur. Orada namaz qılmağın savabı ilə əlaqədar ondan artıq rəvayət nəql olunmuşdur.[1]
Sualınızda da gələn ikinci dəstə rəvayətlər zahirən qəbrin üzərində məscid tikməyin haram və ya məkruh, yaxud vacib namazları qəbirlərin yanında qılmağın haram və ya məkruh olmasına dəlalət edən rəvayətlərdir.
Bu barədə də demək lazımdır: Quran ayələri və birinci dəstədən olan rəvayətlər qəbirlərin yanında və üzərində məscid tikməyin, onların yanında namaz qılmağın caiz olduğunu aşkar buyurur. Bu halda ikinci dəstədən olan rəvayətlərin qəbirlərə qarşı bir növ şirk, israf, yersiz öyünmək, ölülərin şəxsiyyətindən sui-istifadə etmək və s. işlərə dəlalət edən ehtiramla əlaqədar olduğunu deməliyik. Amma ilahi övliyaların qəbirlərinə adi səviyyədə ehtiram qoymağın Allaha ibadət və bəndəliklə heç bir ziddiyyəti olmadığından, üstəlik bu işə kömək də etdiyindən, onların da bu qadağaya şamil olduğunu iddia etmək olmaz.
Başqa sözlə, şərif ayə və birinci qisimdən olan rəvayətlər sabit bir hökmü bəyan edir, amma ikinci dəstədən olan rəvayətlər müvəqqəti olan və şəraitə uyğun olaraq verilən hökmlərə dəlalət edir.
Bəzi məqamlarla əlaqədar müxtəsər aydınlıq vermək istəyirik. Belə ki, onların ikinci dəstədən olan rəvayətlərin deyilməsinə dair dəlil olduğu deyilə bilər:
1. Allahın fərmanı ilə müxalifət
Bilmək lazımdır ki, qəbirlərin müqabilində səcdə etmək öz-özlüyündə şirkə səbəb ola bilməz. Necə ki, Kəbənin müqabilində dayanıb namaz qılmaq, səcdə etmək ona pərəstiş mənasına deyildir. İnsan başqa görünüşlərin də müqabilində dayanaraq Allaha görə namaz qıla bilər. Bunun nümunələrini Allah-taalanın həzrət Adəmə səcdə etməklə əlaqədar mələklərə verdiyi fərmanda,[2] habelə “İbrahim məqamı” ilə üzbəüz dayanaraq namaz qılmaq barəsində müsəlmanlara verdiyi fərmanda da[3] müşahidə etmək olar. Bildiyimiz kimi, “İbrahim məqamı” sadəcə onun ayaq yeridir. Əgər onun üzərində bina tikmək, yanında və ya onunla üzbəüz dayanıb namaz qılmaq Allaha bəndəlik nişanəsi olsa, onda misal üçün, Fələstində İbrahim (əleyhis-salam)-ın qəbrinin müqabilində və ya yanında namaz qılmağı şirk hesab etmək olmaz. Amma bununla belə, Allah-taala məlum bir yeri qiblə təyin etdiyindən, başqa bir məkanı, hətta müqəddəs olsa da belə, özbaşına digər bir qiblə ünvanı ilə seçmək olmaz.
Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən yəhudi və məsihilərin lənətlənməsinin səbəbi ehtimal üzrə bu ola bilər ki, onlar öz peyğəmbərlərinin qəbirlərini öz nəzərləri ilə və özbaşına qiblə təyin etdilər. Peyğəmbərimiz də öz vəfatından sonra bir dəstə adamın özbaşına Kəbənin yerinə o həzrətin qəbrinə üz tutaraq namaz qılacağından nigaran idi.
2. Təkasür – öyünmək
Təfsirlərə müraciət etdikdə[4] iki müxtəlif qəbilədən olan insanların özlərinin dünyadan gedən görkəmli şəxsiyyətlərini digərinin üzünə çəkməsi ilə qarşılaşırıq. Onlar dirilərdən söhbət açılan zaman, öz qəbiləsinin ölü şəxsiyyətlərinin imtiyaz və iftixarlarını irəli çəkirdilər. “Təkasür” ayəsinin ilk ayələri də bu barədə nazil olmuşdur: أَلْهاکُمُ التَّکاثُر. حَتَّى زُرْتُمُ الْمَقابِر ... “Təkasür və öyünmək sizi özünə məşğul (Allahdan qafil) etmişdir, hətta qəbirlərin ziyarətinə getdiniz (ölülərinizin qəbirlərini sadalayıb onunla öyünüb iftixar etdiniz).”
Təbiidir ki, ölülərə bu nəzərlə yanaşmaq, onların ad və şəxsiyyətlərindən sui-istifadə etmək, öz nəfsani meyllərinin və şan-şöhrət hisslərinin təmin olunması istiqamətində qəbirlərin üzərində qeyri-adi binalar tikmək və s. islam tərəfindən qəbul oluna bilməz. Qəbir üzərində bina tikilməsini məzəmmət edən rəvayətlərin çoxu da məhz belə rəftarlara işarə ola bilər. Təəssüflər olsun ki, bu məsələ hal-hazırda bəzi ailəvi məqbərələrdə müşahidə olunur.
3. Adi matəmlərdə həddini aşmaq
İslam dinində əzizlər əldən gedən zaman səbir və dözüm barədə çoxlu tövsiyələr edilməsinə baxmayaraq, hal-hazırda da bəzi insanlar adi ölülərin matəmində ifrata düçar olurlar, sanki, səbir edənlərin malik olacaqları əcr və savaba etiqadları yoxdur. Bəzi rəvayətlərin də bunu çatdırması mümkündür ki, dostların, tanışların ölümü gərək insanı öz şərafətli həyatdan saxlamasın.
4. Qəbirlərin zinətləndirilməsindən ölülərin heç bir bəhrəsi yoxdur.
Qədim dövrlərdə təsəvvür olunurdu ki, insan ölümündən sonra da yeməyə, münasib məkana, bəzək əşyalarına və s. ehtiyac duyur. Bu kimi maddi işlərin çoxu qədim mədəniyyətlərdə mövcud olan qəbirlərdə görünməkdədir. Bəzi rəvayətlərdə də qəbirlərin bu məqsədlə təmir olunmasının rəva olmamasına işarə edilməsi mümkündür və buyurulur ki, qəbirlərin kənarında mövcud olan maddi imkanların ölülərin halına heç bir faydası və xeyri yoxdur.
5. Bütpərəstliyə qayıdış ehtimalı
İslamın əvvəllərində şirklə qarışıq olan əməl və rəftarlar cəmiyyətin zehnindən tamamilə silinməmişdi və cahiliyyət dövrünə qayıdış ehtimalı müsəlmanları təhdid edirdi. Buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alih) şirkin kökünü tamamilə kəsmək üçün bəzi öyünmələr qarşısında daha şiddətli tədbirlər görmüşdü. Təbiidir ki, şirkin kökü tamamilə kəsiləndən sonra bu barədə verilən göstərişlərin şiddəti azalır.
Bu göstərişlərdən biri də şərab saxlanan qabların sındırılmasına dair verilən göstəriş idi. Bildiyimiz kimi, hazırda belə işlərin görülməsi vacib deyildir.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbirlərlə əlaqədar verdiyi ciddi və şiddətli göstərişlərin bəzilərini bu yolla izah etmək olar. Nümunə üçün, əhli-sünnət inanırlar ki, o həzrət əvvəlcə qəbirlərin ziyarətini müsəlmanlara qadağan etmişdi, lakin zamanın keçməsi ilə bu qadağa aradan qaldırıldı, üstəlik bu işə (qəbir ziyarətinə) dair tövsiyələr də etdi. Qiyamətin xatırlanması, insanın zöhdü, dünya malına məftun olmaması və s. qəbirlərin ziyarət olunmasının təsirlərindən biri kimi qeyd olundu.[5]
Qeyd olunanları, eləcə şiə imamların hərəmləri ilə əlaqədar mövcud gerçəklikləri nəzərə almaqla nəticə almaq olar ki, onların şərif qəbirlərinin ətrafında bina və məscid tikmək Əshabi-Kəhfin qəbirləri üzərində məscid tikməyə oxşayır və Allaha ibadət mərkəzi kimi dəyərləndirilir. O yerlərdə mövcud olan imkanlar ya zairlərin rifahını yüksəltmək, ya da islami incəsənət əsərlərini göstərmək məqsədi daşıyır, habelə qəbirlərlə əlaqədar qadağan olunan işlər qəbilindən və onların nümunəsi deyildir. Buna əsasən, şəriət nəzərindən onu “səhih olmayan” iş hesab etmək olmaz.
Hazırkı əsrin ehtiyaclarından irəli gələn belə vəziyyətin oxşarını Məkkə və Mədinə hərəmindəki müqəddəs məkanların bəzilərində inşa olunan binalarda da müşahidə etmək olar:
1. Şiə və sünnü rəvayətlərinə əsasən Məkkədəki “Səfa” dağında ibadət etməyin çoxlu savabı vardır, amma hazırda bu tarixi dağ mühafizə olunduğuna görə onun ətrafında hasar çəkilmiş, zirvəsində bir günbəz düzəldilmişdir! Allah evinin ziyarətçiləri yalnız onun ətrafına çəkilən dəmir şəbəkələrin yanında dayanaraq ibadət edə bilərlər. Bundan əlavə, əvvəllər açıq fəzada yerləşən bir yolda əncam verilən “Səfa-Mərvə” arasındakı səy əməli hal-hazırda üstüörtülü mühitdə və müxtəlif mərtəbələrdə yerinə yetirilir. Səbəbi də zairlərin sayının artması qeyd olunmuşdur.
2. Kəbənin hörmətinə hər bir halda riayət etmək lazım və vacibdir. Hətta bəzi rəvayətlərdə Məscidul-həramdan hündür olan evlərin tikilməsi məkruh hesab olunur.[6] Amma hal-hazırda Məscidil-həramin ətrafında Kəbə evindən on dəfə hündür olan binalar vardır! Təbiidir ki, onun izahında “Allah evi zairlərinin ehtiyacı” qeyd olunur.
İndi sualımız budur: Belə izahlarla “Bəqi” ziyarətçiləri üçün də münasib və tavanlı bir fəza icad etmək olmazmı?! Halbuki çoxlu məhdudiyyətlərə baxmayaraq şiələr çox çətin və izdihamlı şəraitdə ziyarət edirlər. Əgər Səfa və Mərvə dağları üzərində günbəz qoyulması şirk nümunəsi sayılmırsa, onda ilahi övliyaların qəbirləri üzərindəki həmin günbəzi necə şirik hesab etmək olar?!
Axırda “Səhihi Buxari”də gələn və Süfyan Təmmarın nəql etdiyi bir rəvayəti qeyd edirik. O deyir: “Mən Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in qəbrini dəvənin küvəni kimi (təqribən kiçik günbəzə oxşar) gördüm.”[7]
Görəsən, ziyarətçilərin sayının çox az olduğu bir vaxta qəbirin kiçik günbəz kimi gözə dəyən şəkildə inşa olunmasının eybi yox idi, amma hal-hazırdakı günbəzlərin işkalı vardır?!
[1] Hürr Amili, Məhəmməd ibni Həsən, “Vəsailuş-şiə”, 14-cü cild, səh. 517 bab 69 (اسْتِحْبَابِ کَثْرَةِ الصَّلَاةِ عِنْدَ قَبْرِ الْحُسَیْنِ فَرْضاً وَ نَفْلا), “Alul-beyt” müəssisəsinin çapı, Qum, 1409
[2] “Bəqərə” surəsi, ayə: 34, “Ə’raf” surəsi, ayə: 11, “İsra” surəsi, ayə: 61, “Kəhf” surəsi, ayə: 50, “Taha” surəsi, ayə: 116:
وَ إِذْ قُلْنا لِلْمَلائِکَةِ اسْجُدُوا لِآدَم
“O zaman ki, mələklərə “Adəmə səcdə edin!” deyə əmr etdik.”
[3] “Bəqərə” surəsi, ayə: 125: وَ اتَّخِذُوا مِنْ مَقامِ إِبْراهیمَ مُصَلًّى “İbrahim məqamında özünə namaz yeri seçin!”
[4] Qurtəbi, Məhəmməd ibni Əhməd, “Əl-camiu li əhkamil-Quran”, 21-ci cild, səh. 169, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1364-cü hicri şəmsi
[5] “Sünəni ibni Macə”, 1-ci cild, səh. 501, hədis 1571, Məhəmməd Fuad Əbdül-Baqinin tədqiqi, “Darul-fikir”, Beyrut
کُنْتُ نَهَیْتُکُمْ عَنْ زِیَارَةِ الْقُبُورِ، فَزُورُوهَا فَإِنهَّاَ تَزَهُّدٌ فِی الدُّنْیَا وَ تَذَکُّرُ الْآخِرَةِ
Bu barədə 8146-cı cavab (sayt 8926) müraciət edin.
[6] Hürr Amili, Məhəmməd ibni Həsən, “Vəsailuş-şiə”, 13-cü cild, səh. 235, 17-ci bab, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu il
[7] “Səhihi Buxari”, 2-ci cild, səh. 106, “Darul-fikir”, Beyrut, 1401-ci il