Dinin tədrici olaraq göndərilməsi bir tərəfdən insanın ruhi və fikri qüdrətinin tələbidir, digər tərəfdən isə onun ictimai-dünyəvi ehtiyaclarına və qarşıya çıxan gündəlik məsələlərə aiddir. Qədim insanlar kifayət qədər təfəkkür qüdrətinə malik olmadığından sonrakı əsrlərin maarifini əxz edə bilməzdilər. Habelə, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besətindən əsrlər qabaq yaşamış insanlar da o həzrətin təlimlərini əxz etmək üçün lazımi qədər mənəvi, ideoloji və fikri qüdrətə malik olmamışdılar. Buna görə də qəbilə-tayfa şəkilində yaşayan, ictimai həyat və əlaqələrə çox da ehtiyacları olmayan ibtidai insanların ictimai təlimlər və hökmləri əxz etməyə ehtiyacları, onu qavramağa qüdrətləri təsəvvür oluna bilmirdi. İslamdan əvvəlki məhdud cəmiyyətdə və ictimai həyatda bu kimi geniş səviyyəli təlimlərə olan ehtiyac dərk edilmədiyinə görə onların qüdrət və düşüncəsinin fövqündə olan (ilahi) təlimlərin göndərilməsi, eləcə də onlara lazım olmayan hökmlərin verilməsi əbəs bir iş olardı.
Bundan əlavə, onlara belə ilahi vəzifələrin verilməsi, öyrədilməsi və başa salınması “təklifun bi ma la yutaq” (bəndəni, qadir olmadığı şeylərə vəzifəli etmək) olardı. Lakin cəmiyyətin lazımı təkamül seyrindən, bəşəriyyətin ruhi və fikri cəhətdən inkişafından sonra onların ixtiyarına elə qanunlar, təlimlər və maariflər verildi ki, qiyamətə qədər onun sayəsində tərəqqiyə çatıb, dünya və axirətin yüksəliş yolunu ötüb keçə bilərlər.
Allah tərəfindən dinin göndərilməsi və bəndələrə müəyyən vəzifələrin verilməsində əsas məqsəd bəşəriyyətin ruhi irəliləyişə, tərəqqiyə hidayət edilməsi, onların tərəqqisinə mane olan maneələrin yol üzərindən götürülməsi, onun həqiqi insaniyyət səmtinə hərəkət etdirilməsidir. Habelə bir tərəfdən insanın ruhi və əqli qüdrəti, digər tərəfdən isə onun ehtiyacları tərəqqiyə, təkamülə və dəyişikliyə məruz qalır. İnsanın elə ilk əvvəldən ən yüksək və mütərəqqi təlimləri əxz etməyə qüdrəti yoxdur. O, ilahi vəhy sistemi qarşısında bir uşağa bənzəyir: ona ilk növbədə bəzi sadə məfhumları, daha sonra müəyyən hərfləri və rəqəmləri öyrətmək lazımdır ki, elm öyrənməyə, təlim-tərbiyə almağa hazırlaşsın, bundan sonra elm dərəcələrini lazım olan miqyasda və onun tələbinə əsasən biri digərindən sonra, müvəffəqiyyətlə ötüb elə bir məqama çatsın ki, ona “tədqiqatçı” və “məzun” adı verilə bilsin. Məhz bundan sonra başqaları onun faydalı səylərini, işgüzar fəaliyyətlərinin nəticəsindən istifadə edir və özü də bunlardan bəhrələnir. Birinci sinfə gedən uşağa ikinci sinfin dərs materiallarını öyrətmək olmaz, eləcə də orta məktəbin son sinfində oxuyanlar da institut materiallarını mənimsəyib öyrənə bilməz və s...
Həyatın ilk və ibtidai mərhələsində olan insanın gələcək peyğəmbərlərin təlim və hökmlərini əxz etməyə ehtiyacı yox idi, üstəlik bunu bacara da bilməzdi. Əvvəlki ümmətlərin sonuncu peyğəmbər həzrət Muhəmməd (səlləllahu əleyhi və alih)-ın Allah tərəfindən gətirdiyi ilahi təlim və hökmləri əxz etməyə qüdrətləri yox idi.
Bundan əlavə, ilahi peyğəmbərlərin (əleyhimus-salam) ömrünün məhdud olması, onların fikri və ruhi qüdrətləri də dinin tədriclə təkmil olunmasında digər bir amil olmuşdur. Hər peyğəmbər öz müasirləri ilə əlaqədar hər bir cəhətdən ən fəzilətli, ən kamil və ən bilikli olmuşdur. Buna görə də Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) buyurur: “Allah elə bir peyğəmbər göndərməyib ki, onun əqlını kamala çatdırmamış; (eləcə də) onun əqli (və ruhi) qüdrəti ümmətinin bütün ağıllılarından ən fəzilətli və üstün olmamış olsun.”[1]
İmam Həsən Əskəri (əleyhis-salam) buyurur: “Allah-taala Peyğəmbərimizin ruhunu və qəlbini ən yaxşı, ən zərafətli qəlb olduğunu gördükdən sonra onu peyğəmbərliyə seçdi.”[2]
Ağlın dərin, düşüncə üfüqləri və qəlbinin geniş olması və təfəkkür səviyyəsinin ayırd edilməsi batini bir məsələ olduğundan, “Allah Öz risalətini harada qərar verəcəyini (və hansı şəxsə əta edəcəyini ) daha yaxşı bilir.”[3]
Peyğəmbərin, hətta imamın belə bir məqama seçilib təyin edilməsi qüdrəti bəşərdə yoxdur. Buna görə də onların təlimlərinin kəmiyyət və keyfiyyəti, eləcə də hər hansı bir şəriətin yeniləşdirilməsi, əvvəlki şəriətin qüvvədən salınması və s. hamılıqla Allahın hikməti, elmi və izninə bağlıdır, onların təyin edilməsi və bu işlər barəsində nəzər verilməsi bəşərin qüdrətindən xaricdir.
Digər tərəfdən, əvvəlki ümmətlərdə təbliğatın məhdudiyyəti, ilahi təlimlərin yayılıb nəşr edilməsində mövcud olan çətinliklər bir dinin bütün əsrlərdə əbədi və həmişəlik olmasına mane olmuşdu və bəşəriyyətin hamısının ona əl tapması qeyri-mümkün idi. Xüsusilə, bir tərəfdən bu təlimlərin qeydə alınması, qorunub-saxlanması və camaata yayılmasındakı çətinliklər, digər tərəfdən isə əvvəlki peyğəmbərlərin zamanından uzaqlıq kimi amillər hər hansı bir xalq və millətin görkəmli şəxsiyyətləri tərəfindən ilahi hökm və təlimlər barəsində səhvə, unutqanlığa və yaxud qəsdən olan təhrifə səbəb olurdu, insanların hidayətinin əsil məqsədi təhrif edilən həmin şəriətin vasitəsi ilə məhv olurdu. Amma islamdan sonra, xüsusilə ilahi təlimlərin yazılmasına, keçmiş ilahi mirasların qorunub saxlanmasına, ticarətin genişləndirilməsinə, mədəni-maarif məsələlərinin geniş səviyyədə yayılmasına dair bu müqəddəs dinin təkidi bu problemi aradan qaldırdı.
Bunu da qeyd edək ki, İslamdan əvvəlki bəzi şəriət hökmləri müəyyən zamana məxsus idi. Misal üçün, yəhudilərə qadağan edilən bəzi şeylər onların tənbeh edilməsi məqsədi güdürdü və İsa peyğəmbərin göndərilməsi ilə bu qadağalar aradan qaldırıldı.[4]
Bu məsələdən müstəsna olmayan İslam dini də 23 il ərzində və tədrici olaraq təkmilləşdirilmiş, kamala yetmişdir. Bu zaman ərzində hökmlərdən bəziləri, o cümlədən şərabın və qumarın haram olması, zinaya görə verilən cəza və s. tədrici olaraq bəyan olunmuşdur. Təməttö həcc əməlləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in axırıncı həccində – yəni hicrətin 10-cu (besətin 23-cü) ilində təlim verilərək icra mərhələsinə qoyulmuşdu. Bəzi digər hökmlər də, o cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə pıçıltı ilə danışan zaman sədəqə verməyin hökmü nəsx edilib qüvvədən düşmüşdür.[5]
Heç bir siyasətçi və hikmət sahibi üçün məxfi deyildir ki, bir ümmət və xalqın uzun müddət qaynayıb-qarışdığı, ünsiyyətdə olduğu və əvvəlki nəsillərdən sinəbəsinə sonrakı nəsillərə nəql etdirdiyi təfəkkür tərzi və rəftarların ləğv və islah edilməsi bir gündə həyata keçə bilən bir iş deyildir, xüsusilə onlara cahiliyyət təəssübləri hakim olsa.
Bəli, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) bu ilahi təlimləri bir dəfəyə: “Qədr” gecəsində, yaxud merac gecəsində əxz etməyə qadir idi. Amma onları qəbul etmək üçün kifayət qədər əqlə, ruhi qüdrətə və bacarığa malik olmayanlar bu təlimlərin hamısını bir dəfəyə öyrənib istifadə edə bilməzdilər. (Hətta imam Əli (əleyhis-salam) da bidətləri aradan qaldırmaq məqamına gələndə bu çətinliklə qarşılaşırdı; ümmətin islah olunması qüdrəti və fürsəti artıq əldən getmişdi.) Bu problem Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih)-in şərafətli ömrünün axırlarına qədər davam etdi. Quranın kamil olmasına baxmayaraq, onun hər bir incəliklərinə qədər təfsir və bəyan edilməsi camaatın düşüncə səviyyəsində və ya gündəlik qarşıya çıxan məsələlər sırasında deyildi.
Buna görə də həqiqi islam təlimləri Peyğəmbərin geniş sinəsində əmanət qoyulmuşdu ki, camaatın mürşidi olsun, ilahi hökmləri və maarifi bəyan etsin. Bu məsələ o həzrətdən sair imamlara nəql olunmuşdur. Məsum imamlar da var-qüvvələri ilə səy edirdilər ki, layiqli şagirdlər yetişdirib ümməti elə tərbiyə etsinlər ki, zühur əsrinə qədər və tarixin axarlarında kitab və sünnətə müraciət etməklə Peyğəmbərin və məsum imamların (əleyhimus-salam) təlimlərini, rəftar və davranışlarını əldə edib, özlərinin elmi, fikri, ideoloji, əxlaqi və şəri ehtiyaclarını təmin edə bilsinlər. Xüsusilə əsl vəhy mənbəyi olan Quran indiyə qədər hər növ dəyişiklik və təhrifdən amanda qalmışdır və bu kitab saxta hədisləri ayırd etmək üçün bir gözəl bir meyar ola bilər.
Şiə alimlərinin elmi davranışı sübut edir ki, bu din kamil bir dindir və qiyamət gününə qədər bəşərin maddi və mənəvi ehtiyaclarını cavablandıra bilər. Əgər düşmənlər maneçilik törətməsə, bu din haqq-ədaləti, sülh, səfa-səmimiyyəti dünya səviyyəsində bərqərar edə bilər. Baxmayaraq ki, ilahi vədəyə əsasən, düşmənlər maneçilikdən heç vaxt əl çəkməyəcəklər, nəhayət dünya səviyyəli xilaskarın qüdrətli əlləri ilə məhv ediləcəklər və yer üzü haqq ədalətlə dolacaqdır.
Mənbələr:
1. Sübhani, Cəfər, “İlahiyyat”, 3-cü cild, səh. 22-64, 225, 485-528
2. Şirvani, Əli, “Əqaid dərsləri”, səh. 128, 161-165
3. Misbah Yəzdi, Məhəmməd Təqi, “Əqaid təlimləri”, 1-2-ci cild, dərs 29, 31, 35
4. Misbah Yəzdi, Məhəmməd Təqi, “Yol və yol tanımaq”, 4-cü cild, səh. 1-55, 5-ci cild, səh. 13-56, 177-189
5. Mütəhhəri, Mürtəza, “Xatəmiyyət”, səh. 37-63, 99, 143-163
[1] Şirvani, Əli, “Əqaid təlimləri”, səh. 128, “Üsuli kafi”dən nəqlən
[2] Yenə orada; "Biharul-ənvar"dan nəqlən, 18-ci cild, səh. 205, hədis 36
[3] “Şura” surəsi, ayə: 7
[4] “Ali-İmran” surəsi, ayə: 50; “Nisa”, surəsi, ayə: 160-161
[5] “Mücarilə” surəsi, ayə: 12 və 13, “Nur” surəsi, ayə: 3, “Bəqərə” surəsi, ayə: 143-150