Əhli-sünnətin mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabəsi olan cənab Bilal Həbəşi barəsində müəyyən mətləblər qeyd olunmuş və deyilmişdir ki, onu Əbu Bəkr azad etmişdi. Kafirlərin işgəncələri qarşısında müqavimətli bir şəxs olan Bilal Peyğəmbər (səlləllahu əleyhi və alih)-in azan deyəni, müharibələrdə İslam mücahidi idi və həmişə Peyğəmbərlə yanaşı olmuşdu. Amma Peyğəmbərin vəfatından sonra Mədinədən Şama getmiş və orada vəfat etmişdir.
Ribah və Hümamənin oğlu olan Bilal[1] Həbəşistandan əsir tutularaq Ərəbistan yarımadasına gətirilmişdi. O, Qureyş başçılarından sayılan Üməyyə ibni Xələfin qulu idi. İslam zühur edən zaman o tam meyl və rəğbət üzündən İslamı qəbul edən ilk şəxslərdən idi.[2] Onun ərbabı Üməyyə İslamı və tövhid əsərlərini məhv etmək üçün var-qüvvəsi ilə çalışırdı. Bilal müstəzəf (zəif saxlanılmış) müsəlmanlardan idi[3] ki, müsəlman olduqdan sonra müşriklər onu İslamdan qaytarmaq üçün ağır işgəncəyə məruz qoymaq qərarına gəldilər. Yazmışlar ki, İslamı qəbul etməsini aşkar edən ilk şəxslər yeddi nəfər idi, Bilal da onlardan biri idi. Onlardan hər biri işgəncədən amanda qalmaq üçün nüfuzlu şəxs və ya qohum-qəbilə tərəfindən himayə olunurdu, yaxud işgəncə verildikdən sonra himayədarları tərəfindən araşdırılırdı. Amma Bilalın heç kəsi yox idi.[4]
Üməyyə Bilalı İslamdan qaytarmaq üçün ona çox ağır əzab-əziyyətlər və acınacaqlı, sərt işgəncələr verirdi, Bilal da bütün vücudu ilə öz imanı üzrə müqavimət göstərirdi. Demişlər ki, Əbu Bəkr Bilalı onun ərbabından alaraq azad etdi. Bu məsələ şiələr tərəfindən də qəbul olunur. Təkcə “Qamusir-rical” kitabının müəllifi bu barədə şəkk etmiş, İskafinin yazdığı “Nəqzu Osmaniyyə” kitabından Bilalın Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən azad olunduğunu nəql etmişdir. Səbəbi də bu ola bilər ki, onun azad olunması Peyğəmbərin göstərişi ilə baş vermişdir.[5]
Mədinə İslamın mərkəzi qərargahı olan zaman Bilal Peyğəmbərin məxsus azançısı oldu və bütün müharibələrdə Peyğəmbərlə birlikdə iştirak etdi.[6]
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə Bilalın möhkəm imanı və müqaviməti barədə tarixi mənbələrdə çoxlu əhvalatlar qeyd edilmişdir. Peyğəmbərin vəfatından sonra Bilal Mədinəni tərk edərək Şama getmişdi. Şiə və sünnülər arasında yeganə ixtilaflı məsələ onun Mədinəni nə üçün tərk etməsindədir. Şiə alimləri inanırlar ki, bunun səbəbi o idi ki, Peyğəmbərdən başqası üçün azan vermək istəmirdi.[7] Çünki:
1. Əhli-beyt (əleyhimus-salam) hədislərində deyilir: “Bilal saleh bir bəndə idi və deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra heç bir şəxs üçün azan deməyəcəyəm.” Məhz bundan sonra “həyyə əla xeyril-əməl” cümləsi azandan çıxarıldı.”[8]
2. Əhli-sünnətin tarixi mənbələrində Bilalın Peyğəmbərdən sonrakı xəlifələr üçün azan deməməsinə aşkar şəkildə təkid edilmişdir. Vaqidi yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatından sonra müqəddəs cənazə dəfn oluncaya qədər Bilal azan deyirdi, lakin “əşhədu ənnə Muhəmmədən Rəsulullah” cümləsinə çatan zaman camaat məsciddə uca səslə ağlamağa başlayırdılar. Həzrətin cənazəsi torpağa tapşırılan zaman Əbu Bəkr Bilala dedi: “Azan de!” Bilal dedi: “Əgər məni səninlə birlikdə olmaq üçün azad etmişsənsə, özün bilərsən; amma əgər Allah yolunda azad etmişsənsə məni həmin yolda azad qoy.” Əbu Bəkr dedi: “Səni yalnız Allaha görə azad etmişəm.” Dedi: “Mən Peyğəmbərdən sonra heç kəs üçün azan deməyəcəyəm.” Əbu Bəkr dedi: “Azadsan.” Bilal bir müddət Mədinədə qaldı, İslam ordusu Şama doğru yola düşən zaman o da Şama gedib orada qaldı.[9]
Əsqəlani “Əl-isabə” kitabında yazır: Bilal Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-dən sonra cihad məqsədi ilə Şama getdi.”[10] Bu nəzəriyyənin müqabilində sünnü kitablarında nəql olunan bəzi rəvayətlərdə deyilir: “Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və səlləm) vəfat edən zaman Bilal Əbu Bəkrin yanına gəlib dedi: “Ey Rəsulullahın xəlifəsi! Mən Peyğəmbərin “Möminin ən yaxşı əməli Allah yolunda cihad etməkdir” dediyini eşitmişəm.” Əbu Bəkr dedi: “Nə etmək istəyirsən?” Dedi: “İstəyirəm ki, Allah yolunda cihada gedim, şəhadət feyzinə nail olam.” Əbu Bəkr dedi: “Səni Allahın haqqına, özünün haqına və hörmətinə and verirəm ki, (getməyəsən). Mən qocalıb əldən düşmüşəm, ölümüm yaxındır.” Bilal onunla birlikdə qaldı. O, dünyadan gedən zaman Ömərin yanına gəldi və Əbu Bəkrə dediyi həmin sözləri Ömərə də dedi. Ömər də Əbu Bəkrin dediyi kimi cavab verdi, lakin Bilal qəbul etmədi.[11] Digər bir zəif nəzəriyyədə deyilir ki, Ömər Şama gedən zaman Bilal Şamda idi və onun üçün azan deyirdi.[12]
Əlbəttə, birinci rəvayət şiənin istinad etdiyi rəvayətlərlə ziddiyyətli deyil və Bilalın azan deməməsini aşkar deyir. İkinci rəvayət sənədinin zəif olmasından əlavə, Bilalın rəsmi şəkildə xəlifələrin azançısı olmasını isbat etmir. Son nəticə xəlifələrin hazır olduğu zaman azan deməsidir. Deməli, sünnü və şiələrin tarixi mənbələrinə məcmu halında nəzər yetirməklə məlum olur ki, Bilal xəlifələrin azan deməsinə dair istəyini qəbul etməmişdi. Bütün tarixçilər Bilalın Ömərin xilafəti dövründə, yəni 17-20-ci hicri illər arasında vəfat etdiyini qeyd etmişlər.[13]
[1] “Əl-istiyab”, 1-ci cild, səh. 179
[2] Tarixi mənbələrdə Bilal İslamı qəbul edən dördüncü və ya beşinci şəxs kimi qeyd olunur. “Biharul-ənvar”, 18-ci cild, səh. 229
[3] “Biharul-ənvar”, 17-ci cild, səh. 41; “Təbəqatul-Kubra”, 3-cü cild, səh. 175; “Ənsabul-əşraf”, 1-ci cild, səh. 156
[4] “ Təbəqatul-kubra”, 3-cü cild, səh. 175; “Ənsabul-əşraf”, 1-ci cild, səh. 156
[5] “Şiənin İslam şəxsiyyətləri”, 1-2-ci cildlər, Ayətullah Cəfər Sübhani; “Əl-istiyab”, 1-ci cild, səh. 182; “Usdul-ğabə”, 1-ci cild, səh. 243
[6] “Əl-əlam”, 2-ci cild, səh. 73
[7] “Əl-ixtisas”, səh. 71
[8] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 283
[9] “Təbəatul-kubra”nın tərcüməsi, 3-cü cild, səh. 2; “Təbəqatul-kubra”, 2-ci cild, səh. 187; “Usdul-ğabə”, 1-ci cild, səh. 243; “Əl-istiyab”, 1-ci cild, səh. 82
[10] “Ənsabul-əşraf”, 1-ci cild, səh. 526; “Əl-isabə”, 1-ci cild, səh. 456
[11] “Təbəqatul-kubra”nın tərcüməsi, 3-cü cild, səh. 202; “Təbəqatul-kubra”, 2-ci cild, səh. 178; “Usdul-ğabə”, 1-ci cild, səh. 244
[12] “Usdul-ğabə”, 1-ci cild, səh. 244
[13] “Usdul-ğabə”, 1-ci cild, səh. 245; “Ənsabul-əşraf”, 1-ci cild, səh. 526; “Dəlailun-nübüvvət”, 1-ci cild, səh. 348; “Əmtaul-əsma”, 6-cı cild, səh. 350