Həyat yoldaşına və övlada malik olmasına ehtimal verilsə də, habelə o həzrətin qeybdə olması izdivacdan ibarət olan ilahi bir sünnəti hökmən tərk emtəsini lazım tutmasa da, bu məsələ ilə əlaqədar rəvayətlərdə qənaətbəxş bir dəlillə rastlaşmaq olmaz. Bəlkə də demək olar ki, ilahi təqdir o həzrətin mübarək vücudunun qeybət pərdəsi arxasında olmasına təəllüq tapdığı kimi, müəyyən məsləhətlər xatirinə bu məsələnin (izdivac) də müəmmalı şəkildə qalmasına təəllüq tapmış olsun.
Həzrət Məhdi (əleyhis-salam)-ın şəxsi həyatı barədə bəhs çox sadə şəkildə elm və yəqin hasil olmayan məsələlər sırasındadır, lakin rəvayətləri araşdırmaqla bu ehtimalı gerçəkliyə yaxınlaşdırmaq olar. İmam Zaman (əleyhis-salam)-ın həyat yoldaşı və övladı olub-olmaması məsələsində üç ehtimal vardır:
a) İmam Zaman (əleyhis-salam) ümumiyyətlə evlənməmişdir;
b) Evlənmişdir, lakin övladı yoxdur;
v) O həzrət evlənmişdir və övladları da vardır.
Birinci ehtimalın qəbul olunduğu təqdirdə o həzrət islam sünnətlərindən birini tərk etmiş olur və bu da çox zəif və uzaq bir ehtimal kimi nəzərə çarpır.
Əlbəttə, demişlər ki, İmam Zaman (əleyhis-salam)-ın qeybdə olması çox mühüm əhəmiyyət daşıyır, izdivac isə onunla müqayisədə nisbətən az əhəmiyyətli bir məsələdir. Daha mühüm olan bir iş xatirinə nisbətən mühüm olan bir işin tərk edilməsinin eybi yoxdur. Lakin bu söz də qəbul olunmur. Çünki qeybət dövründə olmaqla izdivac etməyin arasında heç bir ziddiyyət yoxdur və bu iksi eyni zamanda baş verə bilər.
İkinci ehtimalda isə, birinci ehtimaldakı irad olmasa da, “görəsən, o həzrətin həyat yoldaşı da uzun ömrə malikdir, yoxsa o həzrət hər bir zaman dövründə müxtəlif həyat yoldaşlarına malik olmuşdur?” sualı cavabsız qalır. Bu mövzunu bizim üçün aydınlaşdıracaq heç bir dəlil yoxdur, amma demək olar ki, zamanın keçməsi ilə çoxsaylı həyat yoldaşları ilə evlənməyin qəbul olunması zəif ehtimal deyildir. İmam Zaman (əleyhis-salam)-ın qeybdə olması o həzrətin yalnız bir həyat yoldaşına malik olmasını tələb etmir ki, onun da ömrü uzun olsun. Çünki bəzi rəvayətlərdən aydın olur ki, o həzrətin qeybət dövrü şəxsi yox, ünvan yönlü qeybət dövrüdür.[1] Buna görə də tanınmaz surətdə, bir kəsin onun İmam olduğunu bilmədiyi halda camaatla qaynayıb-qarışa, onlarla birlikdə yaşaya bilər.
Bu sual üçüncü ehtimalda da irəli çəkilir. Bəziləri bu ehtimalı zəif hesab edərək demişlər ki, əgər İmam Zaman (əleyhis-salam)-ın övladları olsaydı, axırda bir gün öz əslini axtarardılar və bu da qeybətin fəlsəfəsi ilə uyğun gəlmir.
Rəvayətlər arasında bu üç ehtimaldan hər hansı birini dəstəkləyə biləcək mötəbər dəlil də yoxdur. Mərhum Şeyx Tusi İmam Sadiq (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir:
لاَ یَطَّلعُ عَلَى مَوْضِعِهِ اَحَدٌ مِنْ وَلَدِهِ وَلاَ غَیْرِهِ
“Onun harada olduğu barədə nə övladından, nə də övladından başqasından olan bir kəsin məlumatı və agahlığı yoxdur.”[2]
Amma həmin söz Nömanidən başqa şəkildə nəql olunmuşdur:
لاَ یَطَّلِعُ عَلَى مَوْضِعِهِ اَحَدٌ مِنْ وَلِىٍّ وَ غَیْرِهِ
“Onun harada olduğu barədə heç kəs – nə dostu nə də başqası agah deyildir.”[3]
Belə ixtilafın varlığı ilə Şeyxin nəqlinə istinad etmək xatircəmlik gətirmir, əksinə müəyyən səbəblərdən, o cümlədən hədisin sənədi və ləfzi (məzmun) üstünlük baxımından Nömaninin rəvayəti daha mötəbər nəzərə çarpır. Məsələn, mərhum Şeyx Tusinin hədisində cəm yox, tək halda olan əvəzlikdən istifadə olunmuşdur (onun övladı və övladından başqası). Yalnız aşağıdakı üç ehtimaldan birini qəbul etmək mümkündür:
a) “Vələdihi” kəlməsindəki “ه” zəmirinin (əvəzliyinin = onun) gətirilməsi nüsxə köçürənlərin səhvlərindən ola bilər;
b) Rəvayətlər buna işarə etmək istəyir ki, İmamın bir övladı vardır;
v) “Vələd” dedikdə ismi-cins (eyni zamanda həm təkə, həm də cəmə dəlalət edən bir kəlmə) nəzərdə tutulsun.
Buna görə də bəziləri demişlər ki, Şeyx Tusinin rəvayəti bəyan məqamında xifa (gizli) olan mübaliğədir; yəni, o həzrətin övladı olmasını yox, bu məsələni çatdırmaq istəyir ki, əgər o həzrətin övladı da olsaydı, onun yerindən və sirrindən agah olmazdı.[4] Digər tərəfdən, bu bölmədə mövcud olan rəvayətlərin bəzisinin sənədindəki iradı nəzərə almasaq, onlarda aşkar bəyan müşahidə olunmur və zühur əsrinə yozula bilər. Məsələn, İbni Tavus İmam Riza (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir:
اَللَّهُمَّ اَعْطِهِ فِى نَفْسِهِ وَ اَهْلِهِ وَ وُلْدِهِ وَ ذُرِّیَّتِهِ
“Pərvərdigara! Onu özündə, əhlində, övladlarında və nəslində (xeyir-bərəkət) əta et.”[5]
İmam Sadiq (əleyhis-salam)-dan da belə rəvayət nəql olunur:
کَاَنِّى اَرَى نُزُولَ الْقَائِمِ فِى مَسْجِدِ السَّهْلَةِ بِاَهْلِهِ وَ عِیَالِهِ
“Sanki Qaimin öz əhl-əyalı ilə birlikdə “Səhlə” məscidinə nazil olmasını görürəm.”[6]
Bəziləri “Cəzireyi xəzra” (Yaşıl ada) əhvalatına istinad etməklə demişlər ki, İmam Zaman (əleyhis-salam)-ın övladları var və həmin adadadır, o həzrətin nəzarəti altında hökumət edirlər... Amma demək lazımdır ki, bu hadisə əfsanədən başqa bir şey deyildir[7] və tarixi gerçəklikdən daha çox xəyali bir əfsanəyə bənzəyir.
Mərhum Əllamə Məclisi bu barədə buyurur: “Bu hadisəni mötəbər rəvayətlərdə tapmadığımız üçün onu ayrıca bir fəsildə qeyd etmişik.”[8] Şeyx Ağa Bozorg Tehrani onu “xəyali bir əfsanə” hesab etmişdir.[9]
Deməli, İmam Zaman (əleyhis-salam)-ın həyat yoldaşına və övladlara sahib olması ehtimal verilsə də, bu barədə mötəbər sənədə malik olan bir rəvayət tapmaq olmaz.[10] Digər tərəfdən də, İmam Zaman (əleyhis-salam) tərəfindən izdivac kimi ilahi bir sünnətin tərk edilməsinə dair möhkəm dəlil yoxdur.[11]
[1] Məsələn, imam Sadiq (əleyhis-salam) buyurur: “İmam Zaman (əleyhis-salam) camaat arasında gəzib-dolaşır, bazarda qədəm vurur, bəzən öz dostlarının evlərindəki xalça-palazın üzərində oturur, lakin onu tanımırlar.” “Qeybət”, Nömani, səh. 164
[2] Şeyx Tusi, “Qeybət”, səh. 102
[3] Nömani, “Qeybət”, səh. 172; “Müntəxəbul-əsər”, səh. 252; “İmamət və məhdəviyyət” kitabından nəqlən, “On suala cavab”; “Həzrət Məhdi (əleyhis-salam)-ın şəxsi həyatı”, səh. 54; “Əl-əxbarud-dəxilə”, 1-ci cild, səh. 150; “Tarixul-ğeybətil-kubra”, səh. 69; Seyid Cəfər Murtəza Amilinin “Cəzireyi Xəzra dər tərazuyi nəqd” kitabından nəqlən, səh. 218
[4] Məhəmməd, Sədr, “Tarixul-ğeybətil-kubra”, 2-ci cild, səh. 65; “İmam Əmirəl-möminin (əleyhis-salam)” çapxanası, İsfahan
[5] İbni Tavus, “Cəmalul-usbu”, səh. 510; “Cəzireyi Xəzra dər tərazuyi nəqd” kitabından nəqlən, səh. 219
[6] "Biharul-ənvar", 52-ci cild, səh. 317
[7] Əlavə məlumat üçün bax: “Dirasətun fi əlamatiz-zuhur vəl-Cəzirətil-Xəzra”, Seyid Cəfər Mürtəza Amili, səh. 263 və bu kitabın tərcüməsi, səh. 217-225
[8] "Biharul-ənvar", 52-ci cild, səh. 159
[9] “Əz-zəruə ila təsanifiş-şiə”, 5-ci cild, səh. 108, “Darul-əzva”, Beyrut çapı; “Təbəqatu əlamiş-şiə”, 8-ci əsrin alimləri, 1145
[10] Məsudi, “İsbatul-vəsiyyət”, səh. 201-də İmam Riza (əleyhis-salam)-dan belə nəql etmişdir: “Rəvayətlərdə deyilən “heç bir imam öz övladını görməmiş dünyadan getməz” ifadəsi İmam Zaman (əleyhis-salam)-a aid deyildir.” Bax: “İmamət və məhdəviyyət”, Safi Gülpayiqani, “On suala cavab”, səh. 53-56, Hövzənin “Çeşm be rahi Məhdi” adlı jurnal yazıçılarından bir qrupu, səh. 351-356, “Cəzireyi Xəzra dər tərazuyi nəqd”, səh. 217-221
[11] 208-ci sualdan iqtibas, (İmam Zaman (əleyhis-salam), izdivacı, həyatı, yaşayış yeri)