Cənnətin bir neçə qapısı vardır və onların sayı səkkizdir. Lakin onların dəqiq adları və hansı qrupun hansı qapıdan daxil olacağı haqda hədislərdə kiçik ixtilaflar gözə dəyməkdədir. Cənnət qapılarının adları ayrı-ayrı hədislərdə pərakəndə şəkildə qeyd edilmişdir: "Bab əl-Rəhmət" (Rəhmət qapısı), "Bab əs-Səbr" (Səbir qapısı), "Bab əş-Şükr" (Şükür qapısı), "Bab əl-Bəla" (Bəla qapısı) və s. kimi isimlər belə adlardandır. Hədislər toplusundan hər bir qapının dünyada xüsusi bir xeyir işdə imtiyaz qazanmış cənnət əhli üçün bir yol olduğu anlaşılır. Hər bir qapının adı da ondan keçən qrupun əməli ilə əlaqəli və mütənasibdir.
Cənnətin bir neçə qapısı vardır; Necə ki, Allah-Taala Qurani-kərimdə buyurur: "Və təqvalılar dəstə-dəstə cənnətə tərəf yönəldiləcəklər, ora çatdıqları zaman cənnət qapıları onların üzünə açılacaqdır."[1] Həmçinin başqa bir ayədə buyurur: “Cənnətin əbədi bağları ki, qapıları onların üzünə açılmışdır.”.[2]
Bu mövzuda gələn bir çox şiə və əhli-sünnə hədislərində cənnət qapılarının sayı səkkizdir.[3] Əmir əl-möminin Əlidən (ə) nəql olunan hədisdə deyilir: "Cənnətin səkkiz qapısı var: peyğmbər və siddiqlərin (düz danışanların) cənnətə daxil olduqları qapı, şəhid və salehlərin daxil olduqları qapı, şiələrimizin və bizə məhəbbət bəsləyənlərin daxil olacaqları beş qapı,
«لا اله الا الله»
"La ilahə illəllah" deyib müsəlman olanların keçdikləri qapı..."[4]
İslam peyğəmbərindən (s) belə buyurduğu nəql olunur: "Cənnətin səkkiz qapısı, cəhənnəmin isə yeddi qapısı vardır."[5] Elə Quranda da cəhənnəmin yeddi qapısı olmasına işarə edilib:
"Cəhənnəm üçün yeddi qapı vardır."[6]
Əhli-sünnə hədislərinin birində gəlmişdir: "Cənnət üçün səkkiz qapı var. Namaz qılanlar üçün olan qapı, oruc tutanlar üçün olan qapı, hacılar üçün olan qapı, ömrə edənlər üçün olan qapı, mücahidlər üçün olan qapı, zakirlər (Allahı zikr edənlər) üçün olan qapı, Şakirlər (Allaha şükür edənlər) üçün olan qapı."[7]
Hədislərdən hər bir əməl üçün cənnətin bir qapısı olduğu, cənnət əhlinin qiyamət günü ən yaxşı əməli ilə ona xitab olunacağı başa düşülür. Deməli, onun hansı əməli ən yaxşı əməlidirsə ona məxsus qapıya dəvət olunacaqdır.[8]
Beləliklə, cənnətin bir neçə qapısı və saylarının da səkkiz olduğunu yəqinliklə demək olar. Onların dəqiq adları, hansı qapının hansı qrup üçün olduğu məsələsi hədislərdə fərqlidir. Həmçinin adların hamısına işarə olunmamışdır. Lakin nümunə üçün cənnət qapılarının adları keçən bir neçə hədisi xatırlatmaq yerinə düşər:
Peyğəmbər (s) buyurub: “Cənnətin səkkiz qapısı vardır. Qapılardan birinin adı “Rəyyan”dır. Bu qapıdan yalnız oruc tutanlar daxil olar.”[9] “Rəyyan” sirab mənasındadır.
Bilal Peyğəmbərimizdən (s) cənnətin qapıları haqda sual edərkən o həzrət buyurdu: “Cənnət qapıları müxtəlifdir. “Bab ər-Rəhmət” (Rəhmət qapısı) al yaqutdandır… “Bab əs-Səbr” (Səbir qapısı) bir taylı kiçik qapıdır ki, o da al yaqutdandır. Amma “Bab əş-Şükr” (Şükür qapısı) ağ yaqutdan olan iki taylı qapıdır ki, onun uzunluğu beş yüz il yol miqdarındadır… “Bab əl-Bəla” müsibətlər və xəstəliklər qapısıdır. O, qapı sarı yaqutdan olan bir taylı qapıdır ki, çox az adamlar ondan cənnətə daxil olacaq… “Bab əl-Əzəm”dən (Əzəmətli qapı) saleh bəndələr varid olarlar. Onlar Allaha rəğbətli, Onunla ünsiyyət quran zahid və təqvalı şəxslərdir.”[10]
Əhli-sünnə yolu ilə də Peyğəmbərdən (s) belə bir hədis nəql olunub: “Cənnətin qapısı “Züha” "ضحی" adlanır. Qiyamət günü olduğu zaman nida gələr ki, “züha” namazını davamlı qılan kəslər haradadırlar? Bu qapı sizin cənnətə girişiniz üçündür. Gəlin! Allahın rəhməti ilə daxil olun!”.[11]
“Züha” günəşin hər tərəfi işıqlandırdığı vaxta deyilir.
Ümumiyyətlə hədislərdən xeyir əməllərin cənnətə gedən yollar olması və hər bir qapının dünyada xeyir işdə başqalarından seçilmiş xüsusi dəstələr üçün yol olduğu istifadə olunur.
[1] - “Zümər”, ayə 73
[2] - “Sad”, ayə 50
[3] - Məhəmməd ibn Məhəmməd Rza Qummi Məşhədi, “Kənz əl-Dəqaiq” və “Bəhr əl-Ğəraib” təfsiri, cild. 11, səh.343; Cəlaləddin Süyuti, “Əd-Dür əl-Mənsur fi təfsir əl-Məsur” təfsiri, cild. 5, səh. 342
[4] - Şeyx Səduq, “Əl-Xisal”, cild. 2, səh. 407
[5] - Əbd Əli ibn Cümə Ərusi Həvizi, “Nur əs-Səqəleyn” təfsiri, cild. 4, səh. 506
[6] - “Hicr”, ayə 44
[7] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343
[8] - Yenə orada
[9] - “Məcmə əl-bəyan”, Təbərsi, cild. 4, səh. 511
[10] - “Mən la yəhzuru əl-fəqih”, Şeyx Səduq, cild.1, səh.192, 295
[11] - “Əd-Dür əl-Mənsur”, cild. 5, səh. 343