“Tövbə” surəsinin 43-cü ayəsinin izahında ətraflı cavabda qeyd olunanları mütaliə edin. “Təhrim” surəsinin 1-ci ayəsində də şəri təhrim (qadağa) yoxdur. “Nə üçün özünə haram edirsən” cümləsi məzəmmət məqamında deyil, əksinə Peyğəmbərə qarşı bir növ şəfqət və ürəyiyananlıqdır. Çünki o, and içməklə özünü həmin nemətdən və halal işdən məhrum etmişdi. Halbuki, həyat yoldaşının razılığını qazanmaq məqsədi ilə özünü bəzi halal və caiz işlərdən məhrum edərək özünü çətinliyə salmasının lüzumu yoxdur. Bu misaldakı kimi: Bir nəfər həddindən artıq əzab-əziyyətlə qazanc əldə etmək istəyir, amma özü ondan çox da bəhrələnmir. Biz belə adama deyirik ki, nə üçün özünə bu qədər əzab-əziyyət verirsən, halbuki bu əziyyətlərin nəticəsindən bəhrələnmirsən?!
“Təhrim” surəsinin 1-ci ayəsinin şəni-nüzulu və təfsiri:
“Ey Peyğəmbər! Nə üçün həyat yoldaşlarının razılığını əldə etmək üçün Allahın halal etdiyi şeyləri (özünə) haram edirsən?! Allah bağışlayan və mərhəmətlidir.”
Bu ayənin şəni-nüzulu barəsində münasib və məşhur nəql budur ki, Peyğəmbəri-əkrəm (Cəhişin qızı) Zeynəb adlı həyat yoldaşının yanına gedəndə, əvvəlcədən hazırladığı balı o həzrətə verirdi. Bu xəbər Aişəyə çatanda çox narahat oldu. Onun özü deyir: Mən və Həfsə (Peyğəmbərin arvadlarının birinin adıdır) qərara gəldik ki, hər vaxt Peyğəmbər bizim yanımıza gəlsə, dərhal “səmğ,[1] məğafir[2] yemişsən?!” - deyə soruşaq. Peyğəmbər həmişə çalışırdı ki, onun ağzından və ya paltarından heç vaxt xoşagəlməz iy gəlməsin və həmişə israr edirdi ki, ətirli olsun. O həzrət bir gün Həfsənin yanına gələndə o, həmin sözü Peyğəmbərə dedi, həzrət buyurdu: “Mən məğafir yeməmişəm; Zeynəbin evində bal yemişəm. And içirəm ki, bir daha o baldan yeməyəm (çünki arının o balı xoşagəlməz iyi olan bir bitkidən sorması və ehtimal üzrə məğafirin üstündə oturması mümkün idi). Amma bu sözü bir kəsə demə! (Camaatın qulağına çatar və “nə üçün Peyğəmbər halal bir şeyi özünə haram etmişdir?” deyələr, yaxud Peyğəmbərin bu və buna oxşar hallardakı işinə tabe olarlar, yaxud da Zeynəbin qulağına çatar və ürəyi sınar.)
Lakin Həfsə bu sözü faş etdi və sonradan məlum oldu ki, bu hadisənin özü həzrət Peyğəmbərə qarşı məkr imiş. Peyğəmbər bu işdən çox narahat oldu. Bundan sonra yuxarıdakı ayələr nazil olaraq hadisəyə elə son qoydu ki, artıq belə işlər o həzrətin evində bir daha təkrar olunmasın.[3]
Şübhəsiz, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) kimi böyük və alicənab insan təkcə özünə aid deyil, bütün islam dünyasına və bəşəriyyət aləminə aiddir. Əgər evinin içində onun əleyhinə məkrli tədbir görülərsə, zahirdə kiçik bir iş olsa da belə, onu görməməzliyə vurmaq olmaz. Çünki onun abır-heysiyyəti bəzilərinin əlində oyun-oyuncaq olmamalıdır. Əgər belə hadisə baş verərsə, onunla ciddi şəkildə qarşılaşmaq lazımdır.
Yuxarıdakı ayə belə bir hadisə ilə əlaqədar və Peyğəmbərin abır-heysiyyətini qorumaq üçün böyük Allah tərəfindən o qadınlara qarşı rəva görülən sərt bir rəftardır. Buna görə də bu şərif ayədəki qadağa şəri qadağa deyil, sonrakı ayələrdən məlum olduğu kimi, Peyğəmbərin and içməyinə aid idi. Bildiyimiz kimi, bəzi mübah işlərin tərk edilməsinə dair and içməyin heç bir günahı yoxdur. Odur ki, “nə üçün haram edirsən” cümləsi məzəmmət məqamında deyil, Peyğəmbərə qarşı bir növ şəfqət və ürəyiyananlıqdır. Yəni, ey Peyğəmbər! Nə üçün arvadlarının razılığını cəlb etmək üçün and içərək özünü Allahın halal buyurduğu işlərdən və nemətlərdən məhrum edir, bəzi caiz və halal işləri tərk edərək özünü çətinliyə salırsan?! Bu misaldakı kimi: Bir nəfər həddindən artıq əzab-əziyyətlə qazanc əldə etmək istəyir, amma özü ondan çox da bəhrələnmir. Biz belə adama deyirik ki, nəticəsindən bəhrələnmədiyin halda nə üçün özünə bu qədər əzab-əziyyət verirsən?!
Ayənin axırındakı əfv və rəhmət də bu hadisəyə səbəbkar olan qadınlara aiddir. Ayədə buyurulur ki, əgər (Ayişə və Həfsə) həqiqi mənada tövbə etsələr, Allah tərəfindən olan bu əfv və rəhmətə nail olacaqlar. Yaxud da buna işarə edilir ki, daha yaxşı olardı ki, Peyğəmbər belə and içməz və ehtimal üzrə o həzrətin bəzi həyat yoldaşlarının ona qarşı hörmətsizliyə cürətlənmələrinə səbəb olmazdı.[4]
“Tövbə” surəsinin 43-cü ayəsinin izahında aşağıdakı görünüşlərə müraciət edə bilərsiniz:
1. “Quranda peyğəmbərlərin isməti”, sual 129 (sayt 1069)
2. “Quran nəzərindən peyğəmbərlərin isməti”, sual 8596 (sayt: az8565)
3. “Peyğəmbərimizin (səlləllahu əleyhi və alih) isməti və tərki-övla”, sual 1857 (sayt 1973)
4. “Peyğəmbərlərin isməti”, sual 7564 (sayt 8522)
[1] Ağacdan axan və budağın, yaxud kökün üstündə quruyan şirəyə deyilir. (İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 8-ci cild, səh. 441, “Darus-sadir”, Beyrut, 3-cü çap, 1414-cü qəməri il; Məhyar, Rza, “Əbcəd – fars-ərəb lüğəti”, səh. 559, bi. ta, bi.ca
[2] Məğafir – Hicazda bitən ürfüt adlı ağacdan çıxan və xoşagəlməz iyi olan mayedir (şirədir).
[3] Bəğəvi (Möhyis-sünnə), Əbu Məhəmməd Hüseyn ibni Məsud, “Məalimut-tənzil fi təfsiril-Quran” (“Təfsiri Bəğəvi”), 5-ci cild, səh. 116 4-cü çap, 1417-ci qəməri il; Ənsari Xəzrəci (Şəmsəddin Qurtəbi), Əbu Əbdillah Məhəmməd ibni Əhməd, “Əl-camiu liəhkamil-Quran” (Qurtəbinin təfsiri), 18-ci cild, səh. 177, “Darul-kutubil-Misriyyə”, Qahirə, 2-ci çap, 1384-cü qəməri il; Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibni Ömər, “Məfatihul-ğeyb”, 30-cu cild, səh. 568, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 3-cü çap, 1420-ci qəməri il; “Səhihi Buxarı”, 6-cı cild, səh. 194 – Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”dən nəqlən: 24-cü cild, səh. 271-272, “Darul-kutubil-islamiyyə”, Tehran, 1-ci çap, 1374-cü şəmsi il
[4] “Təfsiri-nümunə”, 24-cü cild, səh. 272-273; Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 19-cu cild, səh. 330, (“İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1417-ci qəməri il