Mütəal Allah Quran-kərimdə Ramazan ayının barəsində buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən və haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin və yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olmasını istəmişdir (və şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”
Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir xütbədə Ramazan ayının fəzilətlərini belə bəyan edir: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması) ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmışsınız... Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Bu ayda ən yaxşı əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir...”
Quranda Ramazan ayı
Mütəal Allah Qurani-kərimdə Ramazan ayının barəsində belə buyurur: “(Oruc, Ramazan ayında tutulmalıdır.) Ramazan ayı elə bir aydır ki, Quran camaatı hidayət edən, onlara yol göstərən və haqqı batildən ayıran bir kitab kimi o ayda nazil olmuşdur. Sizlərdən hər kəs Ramazan ayına (sağ-salamat) çıxsa, gərək oruc tutsun. Hər kəs xəstə olsa, yaxud səfərə getsə, gərək (orucunu yesin və yedikləri günlərin əvəzində) başqa aylarda oruc tutsun. Allah sizin çətinliyə düşməyinizi deyil, (hökmün) asan olması-nı istəmişdir (və şəri vəzifəni çətinləşdirməmişdir. Məqsəd budur) ki, oruc günlərini təkmilləşdirib sizi islam dininə hidayət etdiyinə görə, Allahı əzəmətlə yad edəsiniz. Bəlkə (böyük nemətlər qarşısında) Ona təşəkkür etmiş olasınız.”
Oruc tutmaq üçün məhz Ramazan ayının seçilməsinin səbəbi bu ayın sair aylardan fəzilətli olmasıdır, çünki onda nazil olan ilahi kitab – Quran bəşəriyyətə yol göstərmək və hidayət etmək üçün gəlmişdir, özünün ilahi qayda-qanunları və göstərişləri ilə düzgün yolu başqasından seçib ayırıb, insanların səadətinə zəmanət verir. Quran belə bir şərafətli ayda nazil olmuşdur.[1] Deməli, Ramazan ayının əhəmiyyət və dəyəri Quranın onda nazil olmasına görədir.[2]
Mübarək Ramazan ayının məqam və əhəmiyyəti barəsində məsumlardan (əleyhimus-salam) nəql olunan rəvayətlərdən birini qeyd etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur: Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir gün bizim üçün xütbə oxudu və buyurdu: “Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirəti (bağışlaması) ilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları ən yaxşı saatlardır. Bu elə bir aydır ki, siz onda Allah qonaqlığına çağırılmış, onda Allahın kəramət əhlindən olmuşsunuz. Bu ayda (çəkdiyiniz) nəfəslər təsbih (subhanəllah demək) savabına malikdir, yuxunuzda ibadət savabı var. Bu aydakı (xeyir) əməlləriniz məqbul, dualarınız müstəcabdır. Belə isə, Allahı düzgün (saf) niyyətlə, günah və rəzil sifətlərdən pakizə qəlblərlə çağırıb istəyin ki, onun orucunu tutmağı, onda Quran tilavət etməyi sizə nəsib etsin. Həqiqətən, bədbəxt və bəd aqibət o kəsdir ki, bu əzəmətli ayda (günahlarından) bağışlanmaqdan məhrum olsun. Öz aclıq və susuzluğunuz ilə qiyamət günündəki aclıq və susuzluğu yad edin. Fəqir və miskinlərinizə sədəqə (ehsan) verin, qocalarınızı təzim edin, uşaqlarınıza rəhm edin, qohumlarınıza nəvaziş edin. Dillərinizi deməməli olduğunuz sözlərdən, gözlərinizi nəzər etməyiniz halal olmayan şeylərdən örtün, qulaqlarınızı qulaq asmaq halal olmayan şeyləri eşitməkdən saxlayın. Camaatın yetimlərinə mehribanlıq edin ki, camaat da vəfatınızdan sonra sizin yetim övladlarınıza mehribanlıq etsinlər. Öz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın, namaz vaxtları dua etmək üçün əllərinizi qaldırıb dua edin. Çünki, namaz vaxtları ən yaxşı anlarıdır, bu vaxtlarda Allah-taala Öz bəndələrinə rəhmət nəzəri salır, Onunla minacat (raz-niyaz) etdikləri vaxt (müsbət) cavab verir, Onu nida etdikləri vaxt “ləbbeyk” deyir, çağırdıqları vaxt (duaları) müstəcab edir. Ey insanlar! Həqiqətən sizin canlarınız əməllərinizin girovundadır, (onu) Allahdan bağışlanmaq istəməklə girovdan çıxarın. Sizin kürəklərinizə günah yükü ağırlıq edir, səcdələri uzatmaqla onun yükünü yüngülləşdirin və bilin ki, Allah-taala Öz izzət və cəlalına and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəm odu ilə qorxutmasın. Ey camaat, sizlərdən hər kəs bu ayda oruc tutan bir möminə iftarlıq versə, onun savabı Allah yanında bir qul azad etmək və keçmiş günahlarının bağışlanması qədər olar...”
Səhabələrdən bəziləri dedilər: “Ya Rəsuləllah, axı bizim hamımızın iftar verməyə imkanımız yoxdur?!”
Həzrət buyurdu: “Oruc tutanlara hətta yarım xurma qədər, yaxud bir içim su olsa belə, iftar verməklə, cəhənnəm odundan uzaq olun! Həqiqətən, Allah bu işi görən adama, bundan artığına qadir olmasa da, həmin savabı verər. Ey camaat, hər kəs bu ayda əxlaqını gözəlləşdirsə, qədəmlərin əsdiyi bir gündə (Qiyamətdə) Sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayda xidmətçilərinin (qulam və kənizlərin) işini yüngülləşdirsə, Allah qiyamətdə onun hesabını yüngül edər. Hər kəs bu ayda Öz şərini camaata çatdırmayıb qabağını alsa, Allah da qiyamətdə Öz qəzəbini ondan dəf edər. Hər kəs bu ayda bir yetimi əzizləyib nəvaziş etsə, Allah da onu qiyamətdə əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbasına sileyi-rəhim və ehsan etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Hər kəs bu ayda qohum-əqrəbasından ehsanını kəssə, Allah da qiyamətdə Öz rəhmətini ondan kəsər. Hər kəs bu ayda sünnət olan namazı qılsa, Allah onun üçün Cəhənnəm odundan uzaq olmaq bəratı (icazənaməsi) yazar. Hər kəs bu ayda vacib namazları əda etsə, Allah ona sair aylarda qılınan yetmiş namaz savabı əta edər. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, əməl tərəzilərinin yüngül olduğu bir gündə Allah onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Quran oxusa, sair aylarda bütöv bir Quran oxuyanın savabını qazanar. Ey camaat! Həqiqətən bu ayda behiştin qapıları açıqdır. Pərvərdigarınızdan istəyin ki, onu sizin üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır. Rəbbinizdən istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirləyiblər, Allahdan istəyin ki, onları sizə müsəllət (hakim) etməsin.”
Əli (əleyhis-salam) buyurur: Mən ayağa qalxıb dedim: “Ey Allahın Rəsulu! Bu ayda ən yaxşı əməl nədir?” Həzrət buyurdu: “Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl Allah-taalanın haram buyurduğu şeylərdən çəkilməkdir.”[3]
[1] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 634, "Darul-kutubil-islamiyyə", Tehran, 1-ci çap, 1374-cü şəmsi il
[2] Qiraəti, Möhsün, “Nur” təfsiri, 1-ci cild, səh. 289, “Quran dərslərindən” mədəniyyət mərkəzləri, Tehran, 1383-cü şəmsi il
[3] Şeyx Səduq, “Əmali”, səh. 93, “İslamiyyə” kitabxanasının nəşriyyatı, 1362-ci şəmsi il