Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik:
1. Ayın hilalını (birinci gecəsində) görmək.
Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır.
2. İftar və obaşdanlıq yemək.
Obaşdanlıq yemək və iftar etmək mübarək Ramazan ayının sünnətlərindən biri hesab olunur. Hətta islam şəriətində “vüsal orucu”, yəni iftar və obaşdanlıq yemədən sonrakı günün orucunu tutmaq qadağan edilmişdir.
3. Bacardıqca çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək və sədəqə vermək.
Çoxlu namaz qılmaq, günahlardan tövbə etmək, Quran oxumaq, fəqirlərə sədəqə vermək bu ayın sünnətlərindən biridir.
4. Həm batini, həm də zahiri üzvlərin oruc olması.
Orucun ən mühüm qayda-qanunlarından biri insanın həm batini, həm də zahiri üzvlərinin oruc olmasıdır. “Came” təfsirində (“Kafi”, “Fəqih” və “Təhzib” kitablarından nəqlən) rəvayət olunur ki, İmam Sadiq (əleyhis-salam) Məhəmməd ibni Müslimə belə buyurdu: “Oruc tutduğun zaman qulağın, gözün, dilin, əlin, ayağın və (hətta) bədəninin dərisi də oruc olmalıdır.”
5. Ramazan ayının son on günündə bu işlərə xüsusi ciddiyyət göstərmək.
Mübarək Ramazan ayının son on günlüyü səciyyəvi xüsusiyyətlərə malikdir: iki Qədr gecəsi də bu on gündədir. Həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnətinə əsasən, bu günlərdə etikaf bağlanır.[i]
[i] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)”, tərcüməçi: Fiqhi, Məhəmməd Hadi, səh. 302, hədis 343, “İslamiyyə” kitab mağazasının nəşri, Tehran, 7-ci çap, 1378-ci şəmsi il
Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın müəyyən ədəb qaydaları və şərtləri vardır ki, burada onların bəzilərini qeyd edirik:
1. Ayın (birinci gecəsində) hilalını görmək
Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın hilalını (birinci gecəsində) görmək üçün çalışmaqdır. “Sunənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında (Şeyx Tusinin “Təhzib” kitabından nəqlən) belə rəvayət olunur: “Peyğəmbər sünnəti olması sübuta yetən məsələ budur ki, o həzrət Ramazan ayının hilalını görməyi şəxsən öhdəsinə alırdı.”
2. İftar etmək və obaşdanlıq yemək
Mübarək Ramazan ayında iftar və obaşdanlıq zamanı bir şey yemək sünnətdir. Hətta islam şəriətində “vüsal orucu”, yəni iftar və obaşdanlıq yemədən ardıcıl oruc tutmaq qadağan edilmişdir.
Şeyx Mufid (rəhmətullahi əleyh) “Muqniə” kitabında yazır: “Ali-Məhəmməd (əleyhimus-salam)-dan nəql olunmuşdur ki, hətta bir içim su içməklə də olsa, obaşdanlıq yemək müstəhəbdir ... Rəvayət olunur ki, obaşdanlıq üçün ən yaxşı yemək xurma və qovutdur. Çünki Allahın Peyğəmbəri səhərlər onları yeyirdi.”[1]
“Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında “Peyğəmbərin iftar və obaşdanlıq ilə əlaqədar sirəsi (adəti)” bölməsində deyilir: “O həzrət halva, şirini, rütəb (təzə xurma), adi xurma, süd, isladılmış çörək və s. ilə iftar edirdi. Əgər bunların heç biri olmasaydı, sərin su ilə iftar edərdi.”[2]
Obaşdanlıq və iftar yeməkdə əsas və mühüm məsələ yeməyin halal olmasıdır. “Ruhul-bəyan” təfsirində böyük şəxsiyyətlərin dilindən belə nəql olunur: “Mənim üçün halal tikə ilə iftar açmaq gecə-gündüz ibadət etməkdən daha sevimlidir. Qarnında haram tikəyə yer verən şəxsin qəlbinə saçmaq Tövhid günəşinə haramdır. Deməli, oruc tutan şəxs gərək haram yeməklərdən çəkinsin. Çünki o, din və sünnət üçün öldürücü zəhərdir.”[3]
3. Çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək, fəqirlərə sədəqə vermək
Bu mübarək ayın digər sünnətlərindən biri çoxlu namaz qılmaq, dua etmək, günahlardan tövbə etmək, Quran tilavət etmək və sədəqə verməkdir. “Sunənun-Nəbi (səlləllahu əleyhi və alih)” kitabında deyilir: Seyid ibni Tavus “İqbal” kitabında (Nişapurinin “Tarix” kitabının ikinci hissəsindən nəqlən) belə bir rəvayəti qeyd edir: “Mübarək Ramazan ayı gəlib çatanda Peyğəmbərin mübarək üzünün rəngi dəyişilir, namazları çoxalırdı. O həzrət Allah dərgahında dua və raz-niyazla məşğul olur, çoxlu yalvarış edir və Allahdan qorxurdu.”[4]
“Fəqih” kitabında belə rəvayət olunur: “Ramazan ayı gəlib çatanda Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün əsirləri azad edir, bütün dilənçilərə müəyyən bir şey (hədiyyə, sədəqə) verirdi.”[5]
“Kəşful-əsrar” kitabında deyilir:
مَنْ صَامَ رَمَضَانَ وَ قَامَهُ اِيمَانًا وَ احْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ
“Hər kəs Ramazan ayının gündüzlərində oruc tutub gecələrini ibadətlə keçirsə, bu halda orucu vacib və ibadəti sünnət bilsə, Allah-taala onun keçmiş günahlarını bağışlayar.”[6]
“Şəbaniayyə” xütbəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “...(Ramazan ayında) namaz vaxtları dua üçün əllərinizi (Allah dərgahına doğru) qaldırın, çünki bu anlar ən yaxşı anlardır və Allah o anlarda Öz bəndələrinə rəhmət nəzəri salır, onların minacatlarına müsbət cavab verir, (yalvarışlı) fəryadlarına “ləbbeyk” deyir, istəklərini rəva və dualarını qəbul edir. Ey insanlar! Sizin nəfsləriniz əməllərinizin girovundadır, istiğfar etməklə onu azad edin. Çiyinləriniz günahlar səbəbi ilə ağırlaşmışdır, uzun səcdələrlə onu yüngülləşdirin. Bilin ki, mütəal Allah Öz izzətinə and içib demişdir ki, (bu ayda) namaz qılanlara və səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəmin qorxusuna salmasın... Hər kəs bu ayda bir Quran ayəsi oxusa, sair aylarda bütün Quranı oxuyub xətm edən şəxs kimidir...”[7]
4. İnsanın həm zahiri, həm də batini orqanlarının hamısı oruc olmalıdır.
Orucun ədəb qaydaları arasında ən mühüm şey insanın həm zahiri, həm də batini üzvlərinin oruc olmasıdır. “Came” təfsirində (“Kafi”, “Fəqih” və “Təhzib” kitablarından nəqlən) rəvayət olunur ki, imam Sadiq (əleyhis-salam) Məhəmməd ibni Müslimə buyurdu: “Oruc tutduğun zaman gərək qulağın, gözün, dilin, əlin, ayağın və (hətta) bədənin dərisi də oruc tutmuş olsun ...”[8]
İmam Sadiq (əleyhis-salam) buyurur: “Oruc tutmaq təkcə yeyib-içməkdən çəkinmək (mənasına) deyildir. İsa (əleyhis-salam)-ın anası deyirdi: “Mən nəzir etmişəm ki, Rəhman Allah üçün oruc olam”, yəni Rəhman Allaha həmd-sənadan başqa heç nə danışmayım. Oruc tutduğunuz zaman dilinizi (haram söz-söhbətlərdən) qorunub saxlayın, gözünüzü (haram mənzərələrə və naməhrəmə baxışdan) saxlayıb aşağı dikin, mübahisə aparmayın, həsəd etməyin. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) öz xanımlarından birinin orucağızla öz xidmətçisinə nalayıq sözlər dediyini eşitdikdə buyurdu ki, ona yemək gətirsinlər. Sonra o xanıma dedi: “Ye!” Xanım dedi: “Axı mən orucam?!” Allahın Peyğəmbəri buyurdu: “Öz xidmətçinə nalayıq sözlər dediyin halda necə oruc ola bilərsən?! Oruc tutmaq təkcə ağızı yeyib-içməkdən saxlamaq deyildir.” İmam (əleyhis-salam) sonra buyurdu: “Oruc tutduğun zaman öz ağzını yeyib-içməkdən saxladığın kimi, gərək gözün və qulağın da haram və yaramaz şeylərə bağlansın. Mübahisə və cidal eləmə. Xidmətçiyə acı dillə əziyyət vermə. Oruc tutan şəxsə məxsus olan aramlıq və vüqarı əldən vermə, əks halda oruc tutduğun gün sair günlər kimi olacaqdır.”[9]
5. Mübarək Ramazan ayının son on günlüyündə ibadətə daha ciddiyyət göstərmək.
Mübarək Ramazana ayının son on günlüyü özünə məxsus xüsusiyyətlərə məxsusdur. İki Qədr gecəsi onda yerləşir, həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnətinə görə “etikaf ongünlüyü” sayılır.
“Kafi” kitabında imam Sadiq (əleyhimus-salam)-dan belə nəql olunur: “Mübarək Ramazan ayının son on günlüyü gəlib çatanda Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ibadətə daha çox ciddiyyət göstərirdi... Xanımları ilə yaxınlıq etməkdən uzaqlaşır, gecələri ibadətlə keçirir, ibadətdən başqa bütün fikirlərini qəlbindən çıxarırdı.”![10]
“Dəaim” kitabında Əli (əleyhimus-salam)-ın belə buyurduğu nəql olunur: “Allahın Rəsulu (səlləllahu əleyhi və alih) mübarək Ramazan ayının son on günlüyündə yatağını tamamilə yığışdırır, bütün səyini ibadətə sərf edirdi. İyirmi üçüncü gecə gəlib çatanda öz əhl-əyalını və ailə üzvlərini oyaq saxlayırdı. Hansının yuxusu güclənsəydi, onun üzünə su vurardı ki, yuxusu qaçsın. Həmçinin Fatimeyi-Zəhra (əleyha salam) da o gecədə ev əhlindən heç birinin yatmasına yol vermirdi. Yuxuları gəlməsin deyə, onlara az yemək verir, gündüzdən etibarən özünü ehya üçün (gecəni oyaq saxlamağa) hazırlayır və buyururdu: “Bu gecənin xeyir-bərəkətindən bəhrəsiz qalanlar (həqiqi) məhrumlardır.”[11]
[1] Yenə orada, 295, hədis 303
[2] Yenə orada, səh. 294-301
[3] Alusi, “Ruhul-bəyan” təfsiri, 1-ci cild, səh. 296:
قَالَ اَبُو سُلَيْمَانَ الدَّارَانِيُّ قُدِّسَ سِرُّهُ لَاَنْ أَصُومَ النَّهَارَ وَ أُفْطِرَ اللَّيْلَ عَلَى لُقْمَةٍ حَلَالٍ أَحَبُّ اِلَىَّ مِنْ قِيَامِ اللَّيْلِ وَ النَّهَارِ وَ حَرَامٌ عَلَى شَمْسِ التَّوْحِيدِ اَنْ تُحِلَّ قَلْبَ عَبْدٍ فِي جَوْفِهِ لُقْمَةُ حَرَامٍ وَ لاَ سِيَّمَا فِي وَقْتِ الصِّيَامِ فَلْيَجْتَنِبِ الصَّائِمُ أَكْلَ الْحَرَامِ فَاِنَّهُ سَمٌّ مُهْلِكٌ لِلدِّينِ وَ السُّنَّةِ
[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənun-Nəbi (səlləllahu əleyhi və alih)”, səh. 300, hədis 336
[5] Yenə orada, səh. 296, hədis 335
[6] Meybudi, “Kəşful-əsrar və iddətul-əsrar”, 1-ci cild, səh. 488 və 489
[7] Şeyx Səduq, “Əmali” , səh. 94 və 95
[8] Burucerdi, Seyid Məhəmməd İbrahim, “Came” təfsiri, 1-ci cild, səh. 300, “Sədr” nəşriyyatı, Tehran, altıncı çap, 1366-cı şəmsi il
[9] Behbudi, Məhəmməd Baqir, “Kafinin müntəxəbatı”, 3-cü cild, səh. 134 və 136, “Elmi və mədəni” nəşriyyatı, Tehran, 1-ci çap, 1363-cü şəmsi il
[10] Təbatəbai, Məhəmməd Hüseyn, “Sünənün-Nəbi (səlləllahu əleyhi və alih)”, səh. 301, 302, hədis 324
[11] Yenə orada, səh. 296, hədis 336