Quran müfəssirləri “Bəqərə” surəsinin 30-39, həmçinin “Fatir” surəsinin 39-cu və sair ayələrinin izahında insanın Allahın yer üzündəki canişini və xəlifəsi olması barəsində ətraflı bəhslər irəli çəkmişlər. Bəziləri demişlər ki, canişin dedikdə bundan əvvəl yer üzündə yaşayan mələklərin canişini olmaqdır. Bəziləri inanırlar ki, əvvəllər yer üzündə yaşayan sair insanların və ya başqa varlıqların canişinliyi nəzərdə tutulur. Bəziləri də onu insan nəsillərinin bir-birinin canişini olmalarına işarə etmişlər. Nəhayət, axırıncı qrup insanın yer üzündə “Allahın xəlifəsi” olmasına inanırlar.
Əsas məsələ budur ki, insanın yer üzündə canişinlik, ilahi xəlifə məqamına çatması ilə əlaqədar müfəssirlərin və tədqiqatçıların dəlilləri Quran ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alih) rəvayətləridir. Quran ayələrindən: “O (Allah), həmin şəxsdir ki, sizi yer üzündə canişinlər (nümayəndələr) qərar verdi”; “Ey Davud! Biz səni yer üzündə (Öz nümayəndəmiz) və xəlifəmiz qərar verdik...”
Quran müfəssirləri “Bəqərə” surəsinin 30-39, “Fatir” surəsinin 39 və sair ayələrdə insanın yer üzündəki canişinlik və xilafəti ilə əlaqədar müxtəlif və geniş bəhsləri irəli çəkmişlər. Onlar deyirlər: Allah-taalanın mələklərə buyurduğu قالَ رَبُّكَ لِلْمَلائِكَةِ إِنِّي جاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً “Həqiqətən, Mən yer üzündə bir xəlifə qərar vermək istəyirəm” ayəsində xəlifə canişin, yəni başqasının məqamında olan bir şəxs mənasınadır.[1] Lakin burada kimin və ya nəyin tərəfindən canişin olması ilə əlaqədar müxtəlif nəzəriyyələr mövcuddur.
Bəziləri demişlər ki, “insanın canişin olması” dedikdə məqsədi yer üzündə ondan qabaq yaşayan mələklərin canişini olmasıdır. Bəziləri demişlər ki, əvvəllər yer üzündə yaşayan insanların və ya digər canlı varlıqların canişini olmasıdır. Bəziləri də bunu insan nəsillərinin bir-birinin canişini olması kimi izah etmişlər. Axırıncı qrup isə insanın yer üzündə Allahın xəlifəsi olmasına inanırlar.[2]
Mərhum Əllamə Təbatəbai bu barədə buyurur: “Xəlaif” kəlməsi xəlifənin cəmidir. İnsanların yer üzündə xəlifə olmasının mənası budur ki, sonradan gələn hər bir varlıq özündən qabaqkıların canişini olsun, yer üzündən istifadə etmək, nemətlərdən faydalanmaq və sair kimi şeylərə qüdrəti olsun. Necə ki, əvvəlki nəsillər də bir işə qadir idilər. İnsanların bu xilafət məqamına çatması da onun təvəllüd və nəsil artırma yolu ilə baş verən xilqətinin səbəbi ilədir. Bu cür xilqətə görə məxluqları əvvəlkilər (sabiq) və sonradan gələnlər kimi iki qismə qisimlərə bölürük.[3]
“Təfsiri-nümunə” kitabında “Bəqərə” surəsinin 30-39-cu ayələrinin təfsirində deyilir: “Bir çox tədqiqatçıların da dediyi kimi, məqsəd insanın Allah tərəfindən yer üzündə canişini olması və ilahi xilafət məqamına çatmasıdır.”[4] Amma bu kitabın başqa yerində əvvəlki insanların canişini kimi bir məqam gerçəkliyə daha yaxın hesab edilir: “Burada “xəlaif” dedikdə hər iki məna: həm Allahın yer üzündəki nümayəndəsi və canişini, həm də əvvəlki nəsillərin canişini olması nəzərdə tutula bilər (baxmayaraq ki, ikinci məna daha düzgün nəzərə çarpır).”[5]
Müfəssirlərin canişinlik məsələsində nəzər ixtilafları bu mövzunun əsli ilə, yəni Allah-taalanın yer üzündəki canişinliyi məsələsi ilə təzadlı deyildir. Çünki insan həm əvvəlki nəsillərin (adi insanların) canişini, həm də Allahın yer üzündəki canişini ola bilər. Bunun müştərək nöqtəsi ilahi peyğəmbərlər, övliyalar, yaxud kamil insanlardır. Xüsusi şəkildə Allah-taalanın Davuda xitab edərək buyurduğu “Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik ki, camaat arasında haqq əsasında mühakimə yürüdəsən” ayəsi həmin mənanı bəyan edir. Onda “səni Öz canişinim qərar verdim” deyə bir inayət gizlətmişdir. Çünki əgər o, sadəcə olaraq əvvəlki insanların canişini olsaydı, onu ayrıca şəkildə bəyan etməyə ehtiyac olmazdı.
Buna əsasən, insanın yer üzündə canişinlik və “ilahi xəlifə” məqamına çatması ilə əlaqədar müfəssirlərin və tədqiqatçıların dəlillərinin ayə və rəvayətlərdən ibarət olması qəti məsələdir. Məqalənin əvvəlində dediyimiz kimi, bu ayələr insanın xilqət məsələsində və onun müxtəlif mərhələlərində bəyan olunmuşdur. Həmin ayələri və onların təfsirində gələn rəvayətlərdən birini burada qeyd edirik:
1. “(Yada sal) o zamanı ki, Pərvərdigarın mələklərə dedi: Mən yer üzündə bir xəlifə (nümayəndə) qərar verəcəyəm.”[6]
2. “O həmin Allahdır ki, sizi yer üzündə canişinlər (və nümayəndələr) qərar verdi, sizlərdən bəzisinin dərəcəsini digərlərindən üstün etdi.”[7]
3. “O həmin Allahdır ki, sizi yer üzünün canişinləri qərar verdi.”[8]
4. “Ey Davud! Səni yer üzündə Öz xəlifəmiz (və nümayəndəmiz) qərar verdik, belə isə, camaatın arasında mühakimə et.”[9]
5.
إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى جَعَلَ الدُّنْيَا كُلَّهَا بِأَسْرِهَا لِخَلِيفَتِهِ حَيْثُ يَقُولُ لِلْمَلَائِكَةِ إِنِّي جاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً فَكَانَتِ الدُّنْيَا بِأَسْرِهَا لآِدَمَ وَ صَارَتْ بَعْدَهُ لِأَبْرَارِ وُلْدِهِ وَ خُلَفَائِه
“Həqiqətən, Allah-taala dünyanı, onda olanlarla birlikdə Öz xəlifəsi üçün qərar verdi. Sonra mələklərə xitab edərək buyurdu: “Mən yer üzündə bir canişin (və nümayəndə) qərar verəcəyəm.” Bundan sonra dünya özündə olan şeylərlə birlikdə Adəmə məxsus edilmiş, ondan sonra övladlarından olan yaxşı insanlara və canişinlərinə verilmişdir...”[10]
Əlaqədar görünüş:
“Quran nəzərindən ilahi xəlifələrin nümunələri”, sual 1984 (sayt 2023)
[1] Müstəfəvi, Həsən, “Rovşən” təfsiri, 15-ci cild, səh. 91, “Kitab nəşri” mərkəzi, Tehran, birinci çap, 1380-ci şəmsi il
[2] Təbərsi, “Məcməul-bəyan”, 1-ci cild, səh. 77, “Nasir Xosrov” nərşiyyatı, Tehran, üçüncü çap, 1362-ci şəmsi il; Məkarim Şirazi “Təfsiri-nümunə”, 1-ci cild, səh. 172, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü şəmsi il
[3] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri, 17-ci cild, səh. 52, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, beşinci çap, 1417-ci qəməri il
[4] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 172
[5] Yenə orada, 18-ci cild, səh. 283
[6] “Bəqərə” surəsi, ayə: 30
[7] “Ənam” surəsi, ayə: 165
[8] “Fatir” surəsi, ayə: 39
[9] “Sad” surəsi, ayə: 26
[10] Kuleyni, “Əl-kafi”, 1-ci cild, səh. 538, "Darul-kutubil-islamiyyə", Tehran, 1368-ci şəmsi il