Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın izni və qüdrəti ilə, habelə Allahın onlara verdiyi qüdrətlə yerinə yetirdiklərinə etiqad bəsləsələr, bu nəinki şirk deyildir, üstəlik eynilə tövhiddir və heç bir iradı yoxdur.
Şirkin məfhumu
Şirk budur ki, insan zatda, xaliqiyyətdə (xəlq etməkdə), malikiyyətdə (malik və sahib olmaqda), rübubiyyətdə (rəbb olmaqda) və ibadətdə hər hansı bir şəxsi Allahın tayı-bərabəri qərar versin və bu işlərin hər hansı birində onu Allah üçün şərik qoşsun. Deməli, əgər Allahdan qeyrisindən kömək diləmək Allaha şərik qoşmağı lazım tutacaq bir səviyyədə olsa, misal üçün, hacətlərin rəva olunmasında Allahdan qeyri bir şəxs üçün müstəqil şən və qüdrət olduğuna inanmaq, bu şirk və haramdır. Amma əgər Allahdan qeyrisindən kömək istəyən zaman onlar üçün təsirdə müstəqil qüdrət olmadığına inansaq, əksinə onları Allahın qüdrətinin davamında və Onun izn və istəyi ilə olduğunu bilsək, bu nəinki şirk deyildir, üstəlik Quran şahidlərinə əsasən, ilahi övliyaların sünnəti və qəbul olunmuş bir rəftar növüdür.
Deməli, əgər Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən və Allahın digər saleh bəndələrindən Allahın izni ilə müəyyən işləri yerinə yetirməsini istəyiriksə, bu, şirk deyildir. Çünki onları Allahla bərabər və təsirdə müstəqil qərar verməmişik. Başqalarından kömək istəmək də onlara ibadət etmək mənasına deyildir.
Quranda duanın məfhumu
Mənasını Qurandan düzgün başa düşməmək nəticəsində bəziləri Allahdan qeyrisini çağırmağı və onlardan bir şey istəməyi şirk, bu işi görən şəxsləri isə kafir hesab edərək qanlarını hədər hesab etmişlər. Bu kimi şəxslər Quranın bəzi ayələrinə, o cümlədən, “Məscidlər Allaha məxsusdur, Onunla birlikdə başqasını çağırmayın!”,[1] ayəsinə istinad edirlər. Halbuki Quranda dua kəlməsi müxtəlif mənalarda işlədilmişdir:
1. İbadət mənasına; yuxarıda qeyd etdiyimiz şərif ayədə olduğu kimi.[2]
2. Hər hansı bir şeyə doğru çağırmaq. Burada həzrət Nuh (əleyhis-salam)-ın sözünü misal çəkmək olar: “Pərvərdigara! Mən öz qovmümü gecə-gündüz (haqqa) çağırdım, lakin mənim dəvətim onların (haqdan) qaçmasından başqa bir şey artırmadı.”[3] Bu “dua” onların haqqa və imana çağırışından, dəvətindən ibarətdir. Bu kimi dua nəinki şirk deyil, əksinə eynilə imandır və onu yerinə yetirmək peyğəmbərlərə vacib idi.
3. Hacət istəmək mənası. Bu, bəzən adi yollarla olur, misal üçün: “Şahidlər şəhadət vermək üçün dəvət edildikləri zaman gərək imtina etməsinlər.”[4] Adi işlərdə baş verən bu duanı bir şəxs əncam versə, əsla kafir olmaz.
Bəzən isə qeyri-adi və möcüzə yolu ilə baş verir. Bu da iki qisimdir:
a) Bəzən Allahdan qeyrisinin təsirdə müstəqil olmasına etiqadla yanaşı olur. Bu qisim şirkin bir növüdür. Çünki təsirdə müstəqil olan yalnız Allah-taaladır və Ondan qeyrisinin, hətta adi səbəblərin belə, malik olduğu hər bir şey Allah tərəfindəndir və Onun izni ilə təsir qoyur. Quran bu barədə buyurur: “De, Allahdan qeyri məbud hesab etdiklərinizi çağırın! Onlar sizin probleminizi həll edə və nə də onda dəyişiklik yarada bilməzlər.”[5] Heç bir imanlı, agah mömin peyğəmbərlərdən və ilahi övliyalardan hətta birinin barəsində belə bir etiqada malik deyildir.
b) Bəzən bir şəxsdən istəyirik ki, bizim üçün Allahdan bir şeyi diləsin. Bu növ istək kamil insanın tövhididir. Allah dərgahında şəfaətçi və vasitəçi qərar verilən belə bir böyük insan bütün səbəblərin səbəbkarının və həqiqi təsir qoyanın yalnız Allah olduğunu bilir. Lakin şəxs ilahi övliyalara təvəssül etməklə onlardan istəyir ki, Allah yanında hacətinin yerinə yetməsi üçün dua etsin. Bu, eynilə tövhid və yeganəpərəstlikdir. Quran buyurur: “Bəni-israil Musanın yanına gəlib ondan istədilər ki, Allahdan onlar üçün müxtəlif çeşidli yeməklər diləsin. Dedilər: “Ey Musa! Biz bir növ yeməklə qənaətlənə bilmərik, Allahından istə, bizim üçün yer üzərində cücərən şeylərdən – göyərtilərdən və s. yetirsin.”[6]
Musa (əleyhis-salam) da əsla onlara irad tutmadı və “nə üçün mənə “ya Musa” deyə xitab etdiniz?! Nə üçün özünüz birbaşa Allahdan istəmirsiniz?!” və “bu, şirk və küfrdür” demədi?! Əksinə, Musa onların istəyini Allahdan dilədi və onların hacətləri yerinə yetirildi.
Məxluqların təsir qoymaq, təsirlənmək, səbəb və nəticə olmaqdakı roluna inanmaq şirk deyildir. Tövhid dünyadakı səbəbləri inkar etməyi, hər bir təsirin heç bir vasitə olmadan birbaşa Allahın işi bilməyi, səbəblər üçün hətta Allahın qüdrətinin davamında olduğu halda belə heç bir rol olduğuna inanmamağı tələb etmir. Misal üçün inanaq ki, od müəyyən bir şeyi yandırmaqda heç bir rol ifa etmir, su susuzluğu yatırtmaqda, yağış damcıları toxumu cücərtməkdə heç bir rolu ifa etmir və yandıran, susuzluğu yatırdan və cücərdən birbaşa Allahdır. Deməli, məxluqun varlığına etiqad zatda şirkə və ikinci bir məbuda etiqad olmadığı, əksinə yeganə Allahın varlığına etiqadın təkmil edicisi olduğu kimi, səbəblərin təsirinə, məxluqların yaradılış aləmində ifa etdiyi rola inanmaq da şirik deyildir.
Diqqət yetirmək lazımdır ki, varlıqlar istisnasız olaraq nə öz zatda, nə də təsirdə heç bir müstəqilliyə malik deyildirlər. Deməli, tövhidlə şirikin sərhədi Allahdan qeyrisi üçün təsirdə heç bir rol olduğuna inanıb-inanmamaq deyildir; əksinə, şirk budur ki, Allahdan başqa səbəbləri Onunla eyni səviyyədə qərar verək, təsirdə onlar üçün müstəqillik olduğuna inanaq.
Başqa sözlə desək, mələk, peyğəmbər və ya imam kimi bir varlığın təbiətin fövqündə olan təsir və qüdrətinə etiqad, adi səbəblərin təsirinə olan etiqaddakı kimi, şirk deyildir, yəni onlar üçün adi amillər həddindən yüksəkdə olan bir rola inanmaq Allah qarşısında hər hansı bir müstəqil qüdrətin rolu olduğuna inanmaq deyildir. Onlar elə bir varlıqdır ki, bütün zatları Allahın iradəsinə bağlıdır, özündən heç bir istiqlaliyyət yönü və müstəqilliyi yoxdur. Onun malik olduğu fövqəltəbii təsiri də özünə istinad verilməzdən öncə Allaha istinad verilir. Həmin varlıq da ilahi feyzin əşyalara nazil olması üçün vasitədən başqa bir şey deyildir. Necə ki, Cəbrəilin vəhy feyzinin və elmin nazil olma vasitəsi, Mikailin ruzinin verilmə vasitəsi, İsrafilin həyat vermə vasitəsi, Mələkul-movtun ruhların qəbz olunma vasitəsi olmasına etiqad da şirk deyildir.
Bəhsin daha aydınlaşması üçün bəzi ayələrə işarə edirik:
1. Quran həzrət İsa (əleyhis-salam)-ın dilincə buyurur: “Allahın izni ilə anadangəlmə korlara, bərəs xəstəliyinə tutulanlara şəfa verirəm, ölüləri Allahın izni ilə dirildirəm.”[7]
2. Yəqub (əleyhis-salam)-ın oğlanları öz işlərindən peşman olduqdan sonra atasının hüzuruna gəlib dedilər: “Ey ata! Allahdan günahlarımızın bağışlanmasını istə, çünki biz xətakar idik.” Atası dedi: “Tezliklə sizin üçün Pərvərdigarımdan bağışlanmaq istəyəcəyəm, çünki O, bağışlayan və rəhm edəndir.”[8]
Gördüyünüz kimi, Yəqubun övladları “ey ata” ifadəsindən istifadə etmişdilər. Həzrət Yəqub (əleyhis-salam) da onları bu sözdən çəkindirmədi və “özünüz birbaşa Allahdan istəyin!” deyə buyurmadı. Deməli, bu işin tövhidlə heç bir ziddiyyəti yoxdur.
Əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
1. “Təvəssül və vasitə olmadan Allahla əlaqə”, sual: 542 (sayt 590)
2. “Quran və sünnətdə təvəssül”, sual 2032 (sayt (2265)
3. “Əhli-beyt (əleyhimus-salam)-a təvəssülün fəlsəfəsi”, sual 1321 (sayt 1316)
4. Mütəhhəri, Mürtəza, “Tövhid dünyagörüşü”, Tehran, “Sədra” nəşriyyatı. 21-ci çap, 1384-cü il
5. Məkarim Şirazi, Nasir, “Vəhhabilik iki yol ayrıcında”, Qum, “İmam Əli ibni Əbi Talib (əleyhis-salam)” adına mədrəsə, birinci çap, 1384-cü il
[1] “Cin” surəsi, ayə: 18
[2] “Cin” surəsi, ayə: 18:
وَ أَنَّ الْمَساجِدَ لِلَّهِ فَلا تَدْعُوا مَعَ اللَّهِ أَحَدا
[3] “Nuh” surəsi, ayə: 5 və 6
[4] “Bəqərə”surəsi, ayə: 282:
وَ لَا یَأْبَ الشهَُّدَاءُ إِذَا مَا دُعُواْ
[5] “İsra” surəsi, ayə: 56:
قُلِ ادْعُواْ الَّذِینَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا یَمْلِکُونَ کَشْفَ الضُّرِّ عَنکُمْ وَ لَا تحَْوِیلا
[6] “Bəqərə” surəsi, ayə: 61:
وَ إِذْ قُلْتُمْ یَمُوسىَ لَن نَّصْبرَِ عَلىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّکَ یخُْرِجْ لَنَا ممَِّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا وَ قِثَّائهَا وَ فُومِهَا وَ عَدَسِهَا وَ بَصَلِهَا
[7] “Ali-İmran” surəsi, ayə: 49
[8] “Yusif” surəsi, ayə: 97-98