Günaha israr etməyin iki mənası vardır: 1-Günahın təkrar olunması, 2-Tövbə və istiğfar fikrində olmadan yenidən günaha mürtəkib olmaq.
Günaha israr etməyin çox ağır nəticələri vardır. Ayə və rəvayətlərdə bu məsələ şiddətlə məzəmmət olunmuş, onların bəzi təsirlərinə işarə edilmişdir. O cümlədən: səğirə günahın kəbirəyə çevrilməsi, təqva hüdudlarından xaric olmaq, bədbəxtlik, itaətin qəbul olunmaması, insanın küfr və dinsizlik sərhədlərinə sürüklətməsi və sair. Günaha israr və onun təkrar edilməsinin təsirlərindən biri də onun dünya və axirətdəki cəza və təsirlərinin şiddətlənməsidir. Məsələn, əgər bir şəxs kəbirə günaha bir neçə dəfə mürtəkib olarsa, ona iki dəfə cəza verilir, üçüncü dəfə isə qətlə yetirilir.
Əvvəlcə günaha israrın mənasını və onun hədd-hüdudunun nə olduğunu araşdırmalıyıq. Günaha israr etməyin iki mənası vardır:
1. Günahın təkrar olunması; İsrarın mənasının qəti miqdarı – peşmançılıq olmadan günah əməlin təkrar edilməsidir. Belə ki, camaat arasında “filan şəxs həmin günaha müdavimət edir” deyilmiş olsun. Aydındır ki, bir kəs günaha israr edərsə, deməli, ona mürtəkib olmaqdan peşman olmamışdır.
2. Günah işdən tövbə və istiğfar niyyətində olmadan, bu barədə əzm və iradəsi olmadan günaha (hətta bir dəfədə olsa) mürtəkib olmaq. İmam Baqir (əleyhis-salam) buyurur: “Günaha israr etmək budur ki, insan günah etdikdən sonra istiğfar etməsin, tövbə etmək və Allah dərgahına qayıtmaqla əlaqədar qəti qərara gəlməsin.”[1]
Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “İstiğfar edən bir şəxsin günaha israrı yoxdur, hətta o günahı bir gündə yetmiş dəfə əncam versə də belə.”[2]
Bu və digər hədislərə diqqət yetirməklə məlum olur ki, günaha israr etmək o zaman həqiqi məna daşıyır ki, insan günahın ardınca tövbə və istiğfar fikrində olmasın.
Günaha israr etməyin təsirləri
Ayə və rəvayətlərdə günaha israr etmək şiddətlə məzəmmət və onların bəzi pis, ağır təsirləri qeyd olunmuşdur. Aşağıda onların bəzilərini qeyd edirik:
1. Səğirə günahın kəbirəyə çevrilməsi.
Rəvayətdə belə buyurulur: “Heç bir səğirə günah, ona israrla (artıq) səğirə olmur. Heç bir kəbirə günah, ondan istiğfarla (kəbirəliyində) qalmır.”[3]
Yəni bir şəxs günaha israr edərsə, hətta səğirə olsa da belə, o, axırda kəbirəyə çevrilir. Əgər bir kəs günahdan tövbə və istiğfar etsə, hətta günahı kəbirə də olsa, kəbirə hüdudlarından xaric olur.
2. Təqva hüdudlarından xaric olmaq. Quran müttəqiləri belə vəsf edir: “Onlar həmin kəslərdir ki, çirkin işə – günaha düçar olduqları, yaxud özlərinə zülm etdiklərinə zaman Allahı yad edir və öz günahlarından bağışlanmaq diləyirlər – Allahdan başqa günahları kim bağışlaya bilər?! – və onlar öz günahlarına israr etmirlər.”[4]
3. İbadət-itaətlərin qəbul olunmaması. İmam Sadiq (əleyhis-salam) buyurur: “Allaha and olsun! Allah bəndənin ibadətlərini günaha israrla heç vaxt qəbul etməz.”[5]
4. Bədbəxtlik. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Bədbəxtliyin əlaməti aşağıdakılardır: göz yaşının quruması (Allahın xofundan ağlamamaq), qəlbin qəsavəti (daşlaşması), dünyaya həris olmaq və günahlara israr etmək.”[6]
5. Günahın qəbahətinin adiləşib əhəmiyyətsiz olması
6. İnsanın küfr və dinsizlik sərhədlərinə sürüklənməsi. Quranda buyurulur: “Günaha israr edənlərin axır-aqibəti Allahın ayələrini təkzib və məsxərə etmək oldu.”[7]
7. Günahın dünya və axirətdəki cəzalarının şiddətlənməsi. Rəvayətdə qeyd olunur ki, kəbirə günaha mürtəkib olan bir şəxsə iki dəfə cəza verildikdən sonra üçüncü dəfə (həmin günahı təkrar edərsə) qətlə yetirilməlidir.[8]
Həmçinin çirkin və yaramaz zina əməli barəsindəki rəvayətlərdə qeyd olunur ki, zinakara üç dəfə şallaq vurulur, dördüncü dəfə edam olunur.[9]
Buna əsasən, insan hətta kiçik olsa da, hər hansı günaha mürtəkib olduqdan sonra dərhal tövbə etməli və bir daha o işə qayıtmaq fikrində olmamalıdır. Çünki günaha israr etmək və onun təkrarı get-gedə bəndəni Allahdan uzaqlaşdırır, qəlbini qaraldır. Belə olan halda insan tövbə tövfiqindən məhrum edilir.
[1] Məhəmməd ibni Yəqub Kuleyni, “Kafi”, 2-ci cild, səh. 288, “israr ələz-zənb” babı, hədis 2
عَنْ أَبِی جَعْفَرٍ ع فِی قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ لَمْ یُصِرُّوا عَلى ما فَعَلُوا وَ هُمْ یَعْلَمُونَ قَالَ الْإِصْرَارُ هُوَ أَنْ یُذْنِبَ الذَّنْبَ فَلَا یَسْتَغْفِرَ اللَّهَ وَ لَا یُحَدِّثَ نَفْسَهُ بِتَوْبَةٍ فَذَلِکَ الْإِصْرَارُ
[2] “Ənvarut-tənzil”, 1-ci cild, səh. 182
[3] “Kafi”, 2-ci cild, səh. 282, “israr ələz-zənb” babı, hədis 1
[4] “Ali İmran” surəsi, ayə: 135:
وَ الَّذِینَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنفُسَهُمْ ذَکَرُواْ اللَّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَ مَن یَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَ لَمْ یُصرُِّواْ عَلىَ مَا فَعَلُواْ وَ هُمْ یَعْلَمُون
[5] “Kafi”, 2-ci cild, səh. 288, “israr ələz-zənb” babı, hədis 3:
قال أَبِی بَصِیرٍ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ لَا وَ اللَّهِ لَا یَقْبَلُ اللَّهُ شَیْئاً مِنْ طَاعَتِهِ عَلَى الْإِصْرَارِ عَلَى شَیْءٍ مِنْ مَعَاصِیهِ
[6] Şeyx Hurr Amili, “Vəsailuş-şiə”, 15-ci cild, səh. 337, hədis 20680
عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص مِنْ عَلَامَاتِ الشَّقَاءِ جُمُودُ الْعَیْنِ وَ قَسْوَةُ الْقَلْبِ وَ شِدَّةُ الْحِرْصِ فِی طَلَبِ الدُّنْیَا وَ الْإِصْرَارُ عَلَى الذَّنْبِ
[7] “Rum” surəsi, ayə: 10
ثُمَّ کانَ عاقِبَةَ الَّذِینَ أَساؤُا السُّوآی أَنْ کَذَّبُوا بِآیات اللَّهِ وَ کانُوا بِها یَسْتَهْزِؤُنْ
[8] “Kafi”, 7-ci cild, səh. 191, hədis 2
[9] Yenə orada, hədis 1