Məhşər və ya qiyamətin yeri vücudi cövhər (zat) baxımından dünya torpağı ilə, qiyamətin vücud mərtəbəsi də dünya və təbiət aləmi ilə fərqlidir. Dünya cisimlərində mövcud olan dəyişkən hissələrin varlığı qiyamətin vücud mərtəbəsi ilə ziddir. Buna görə də cismani məada inananlar deyirlər ki, dünya aləmində kəsif əxlat (çirkli qarışıqlar), ziddlər və hissələrdən tərkib tapan insanın ünsür bədəni qiyamət səhnəsində nurani, zatən diri, əbədiyyətə məhkum olunan, fəsaddan (xarab olub dağılmaqdan) pak olan, xəstəlik və bu kimi arizələrdən uzaq olan bədən surətində məhşur olacaqdır. Yəni bu dünyada ilkin və ikinci dərəcəli hissələrdən tərkib tapan insanın qiyamətdə yalnız əsil hissələri məhşur olacaqdır. Buradan aydın olur ki, insanın məhşur olduğu məkan da qiyamətdəki nəş’ə (vücud aləmi) ilə müvafiq olacaqdır; yəni digər bütün varlıqlarda olduğu kimi, oranın torpağı da özünün təkamül prosesini xilqətinin birinci günündən başlayaraq o zamana (qiyamətə) qədər davam etdirir ki, onun bütün zidd ünsürləri ondan alınsın, pak və çirkinliklərdən uzaq bir torpaq ünsürünə çevrilsin. Məhşər günündə də insanlar onun üstündə məhşur olacaqlar. Bəzi rəvayətlərə uyğun olaraq qiyamətin torpağında heç bir bina yoxdur ki, insanın üstünü örtsün, o yerin üstü çala-çuxur deyil ki, görməyin qarşısını alsın. O, üstünə qan tökülməmiş və üzərində günah iş görülməmiş ağ gümüş kimidir.
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَ السَّماواتُ... “O gün yer və asiman hazırkından tam başqa bir şəklə düşəcəkdir” ayəsinə əsasən məhşərin torpağı bu dünyanın torpağı ilə tam fərqlidir. Mərhum Əllamə Təbatəbai يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبارَها بِأَنَّ رَبَّكَ أَوْحى لَها “O gündə yer öz xəbərlərini hekayət edər”[1] ayəsinin təfsirində yazır: Yer Allahın vəhyi və fərmanı əsasında danışacaq, onda baş vermiş olan hadisələrdən söhbət açacaqdır. Deməli, yerin də özünə görə şüuru vardır, onda baş verən hər bir əməli başa düşür, xeyri və şəri bir-birindən ayırır və onu şəhadət vermək üçün saxlayır. Nəhayət, ona icazə verilən bir gündə – qiyamət günündə şahidlik edərək, onda baş verən hadisələri xəbər verəcəkdir. وَ إِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَ لكِنْ لا تَفْقَهُونَ تَسْبِيحَهُمْ “Elə bir şey yoxdur ki, Allaha həmd ilə yanaşı təsbih deməsin (Onu hər növ eyb və nöqsandan pak-pakizə bilməsin), lakin siz onun təsbehlərini dərk etmirsiniz.”[2], həmçinin قالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ" “Deyərlər: Hər bir şeyi nitqə gətirən Allah bizi (də) nitqə gətirdi”[3] ayələrinə diqqət yetirməklə məlum olur ki, həyat və şüur kainatın bütün varlıqlarında mövcuddur, hərçənd ki, biz onların necə həyata malik olmasından xəbərsizik.[4]
Digər tərəfdən, bu aləmin bütün varlıqları hərəkət halındadır, təkamülə doğru olan bu hərəkətlərini Mütləq Kamala çatdıqları bir günə qədər davam etdirirlər. Təkamül prosesi qüvvədən (ən zəif mərhələdən) felə (son kamala) doğru olmaqla varlıq aləminin bütün hissələrinə, o cümlədən asimanlara və yerə hakimdir. Bu və qeyd olunan yuxarıdakı məsələ yerin də belə bir təkamül prosesinə malik olduğunu göstərir.
“Cismani məad” bölməsində isbat olunduğu kimi, insan qiyamətdə elə bu bədənlə məhşur olacaqdır, lakin insanın ünsür bədəni təbiət aləmində – dünyada kəsif əxlat (çirkli qarışıqlar), ziddlər və hissələrdən təşkil olunduğuna baxmayaraq, qiyamət başlanan zaman nurani, zatən diri, əbədiyyətə məhkum olunan, fəsaddan – xarab olmaqdan uzaq, xəstəlik və sair kimi arizələrdən pak-pakizə şəkildə məhşur olacaqdır. Yəni bu dünyada əsil və ikinci dərəcəli hissələrdən təşkil olunan insanın qiyamətdə yalnız əsil hissələri məhşur olacaqdır.[5] Bununla aydın olur ki, insanın məhşur olduğu məkan da həmin nəş’əyə (yeni həyata) uyğun olacaqdır. Yer də digər bütün varlıqlar kimi özünün təkamül prosesini xilqətinin ilk günündən başlamışdır[6] və o günə qədər davam etdirəcəkdir ki, ondakı ziddlərin hamısı ondan alınsın, çirkinliklərdən pak-pakizə bir torpaq halına düşsün. Şərif ayəyə əsasən, o gündə yer insanların əməllərinə şəhadət verəcəkdir. Qiyamət adlanan həmin nəş’ədə özünün vücud mərtəbələrinin seyrində ikinci dərəcəli hissələr və çirkinliklərlə zidd olan ən yüksək vücud mərtəbələrinə çatacaqdır. Nəhayət, qiyamət aləmi təbiət aləminin və quruluşunun vücudi kamalı olacaqdır. Bu iki nəş’ənin hər birinin zati vücudları digəri ilə ziddir. Belə ki, dünya və təbiət aləmini təzəcə açılmış çiçəyə, axirət aləmini isə təzə yetişmiş kamil meyvəyə oxşatmaq olar ki, idrak şüur və həyat sahibi olacaqdır.[7]
Həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Qiyamət günü insanlar pak-pakizə çörək dairəsinə oxşayan ağ və xalis yerin üzərində məhşur olacaqlar; belə ki, heç kəs üçün onun üstündə nişanə yoxdur.”[8] Yəni insanın üstünü örtə biləcək heç bir bina, gözün görməsinin qarşısını alacaq çala-çuxur və alçaq-uca yer yoxdur. Onun yerinin bu dünya yeri kimi olduğunu güman etmə, yalnız adda onunla birdir. İbni Abbas demişdir: “Onda ağaclar, dağlar, dərələr, bunların içində olanlar aradan gedəcəkdir, Ukaz dərisi kimi səriləcəkdir.[9] Üzərinə heç bir qan tökülməyən və üstündə heç bir günah törədilməyən ağ gümüşə bənzəyir. Asimanlar Günəş, Ay və ulduzlarla birlikdə aradan gedəcəkdir.”[10]
[1] “Zilzal” surəsi, ayə: 4
[2] “İsra” surəsi, ayə: 44
[3] “Ha-mim Səcdə” surəsi, ayə: 21
[4] Əllamə Təbatəbai, “Əl-mizan” təfsiri, 20-ci cild, səh. 342, “Camieyi müdərrisin”in nəzdində fəaliyyət göstərən “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci qəməri il
[5] Bax: Sual 14414 (sayt: 14773), “Cismani məad və ikinci dərəcəli üzvlərin qayıtmaması”
[6] Məhəmməd Şücai, “Məad, yaxud Allah dərgahına qayıdış”, səh. 72, “Şirkəti səhamiye intizar”, bi. ca, payız, 1362-ci şəmsi il
[7] Seyid Məhəmməd Hüseyni Həmədani, Derəxşan, “Üsuli Kafidən bəzi hissələr”, 4-cü cild, səh. 7, Qumun elmiyyə çapxanası, 1363-cü şəmsi il
[8] “Səhihi-Müslim”, 8-ci cild, səh. 127; “Səhihi Buxari”, 8-ci cild, səh. 135, Molla Möhsün Feyz Kaşaninin “Əl-məhəccətul-beyza fi təhzibil-əhya” kitabının nəqlinə əsasən, təshih və əlavələr: Əli Əkbər Ğəffari, 8-ci cild, səh. 322, “Camieyi müdərrisin”in islami nəşriyyat müəssisəsi, Qum, 4-cü çap, 1417-ci hicri qəməri il
[9] Ukaz – Məkkədə bir bazarın adıdır. Ərəblər hər il orada bir yerə yığışıb bir ay qalır, alver edir, şer oxumaqla bir-birinə öyünürdülər.
[10] Molla Möhsün Feyz Kaşaninin “Əl-məhəccətul-beyza fi təhzibil-əhya” kitabının nəqlinə əsasən, təshih və əlavələr: Əli Əkbər Ğəffari, 8-ci cild, səh. 322, “Camieyi müdərrisin”in islami nəşriyyat müəssisəsi, Qum, 4-cü çap, 1417-ci hicri qəməri il