Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni nümunələrə tətbiq edilməsi bidət deyildir.
Cavabın aydın olması üçün diqqətinizi bir neçə məsələyə cəlb edirik:
1. Dində bidət qoymaq böyük günahlardan biridir və onun haram iş olmasında heç bir şəkk-şübhə yoxdur. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:
کُلُّ مُحْدَثَةٍ بِدْعَةٌ وَ کُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ وَ کُلُّ ضَلاَلَةٍ فِي النَّارِ
“Dində olmayan hər bir şeyi dinə daxil etmək bidətdir, hər bir bidət azğınlıqdır və hər azğınlıq da cəhənnəm odundadır.”[1]
2. Bidət hər hansı bir şeyi şəriətə artırmaq və ya azaltmaq yolu ilə dində dəyişiklik etməkdir. Buna əsasən, hər yerdə yeniliyin dinə və şəriətə heç bir aidiyyəti olmasa, əksinə adi bir məsələ ünvanı ilə baş verərsə, bidət olmayacaqdır. Məsələn, əgər hər hansı bir xalq müəyyən bir günü özləri üçün bayram və şadlıq günü təyin etsələr – şəriətdə belə bir göstəriş verilməsi məqsədi olmadan bu işi görsələr, bu, bidət deyildir. Baxmayaraq ki, o işin halal və ya haram olmasını başqa cəhətlərdən araşdırıb tədqiq etmək lazımdır.
Deməli, bəşəriyyətin incəsənət, idman, sənaye və s. sahələrdəki ixtira və yenilikləri termindəki bidət hüdudlarından xaricdir və bu kimi işlər barəsində irəli çəkilən məsələ onların başqa cəhətlərdən halal və ya haram olmasıdır ki, bunun da özünə məxsus meyarları vardır.
3. Məqsəd dində misli görünməmiş yeni bir iş icad etməkdir ki, İslamın cüzi və küllü qayda-qanunlarının heç biri ilə uyğun gəlməsin və İslamın küllü qanunları yeni nümunələrə tətbiq edilə bilməsin.[2]
İzah: Bidətin əsası bu nöqtəyə qayıdır ki, hər hansı bir şeyi dinin fərman verdiyi şəri bir iş ünvanı ilə qəbul edək, halbuki onun şəri olması üçün dini mənbələrdə heç bir əsas və qayda-qanun olmasın. Amma insan bir işi “dini əməl” ünvanı ilə yerinə yetirəndə onun şəri olmasına (xüsusi, külli və ümumi şəkildə) şəri bir dəlil olsa, o əməl bidət olmayacaqdır. Buna görə də böyük şiə alimi Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur:
وَ الْبِدْعَةُ فِي الشَّرْعِ مَا حَدَثَ بَعْدَ الرَّسُولِ ]بِمَا اَنَّهُ مِنَ الدِّينِ[ وَ لَمْ يَکُنْ فِيهِ نَصٌّ عَلَي الْخُصُوصِ وَ لاَ يَکُونُ دَاخِلاً فِي بَعْضِ الْعُمُومَاتِ
“Şəriətdə bidət o şeydir ki, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra vücuda gəlsin və onun caizliyinə dair xüsusi və ümumi şəkildə şəri dəlil olmasın.”[3]
Məşhur sünnü alimi İbni Həcər Əsqəlani deyir:
اَلْبِدْعَةُ مَا اُحْدِثَ وَ لَيْسَ لَهُ اَصْلٌ فِي الشَّرْعِ، وَ مَا کَانَ لَهُ اَصْلٌ يَدُلُّ عَلَيْهِ الشَّرْعُ فَلَيْسَ بِبِدْعَةٍ
“Bidət o şeydir ki, şəriətdə onun caizliyindən hekayət edən heç bir dəlil olmadığı halda vücuda gətirilmiş olsun. Dində əsli və kökü olan şeylər bidət olmayacaqdır.”[4]
Yuxarıdakı bəyanla çoxlarını şəkk-şübhəyə salan bir çox puç şübhələrin cavabı aydın olur. Nümunə üçün: Dünya müsəlmanlarının əksəriyyəti Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in milad gününü bayram keçirdikləri halda, kiçik bir qrup bu işi bidət adlandırır! Halbuki yuxarıda qeyd etdiyimizə əsasən, bidətin meyarı heç vaxt ona tətbiq oluna bilmir. Çünki o həzrətə ehtiram qoyub bu cür məhəbbət göstərmək şəriətdə gəlməsə də, lakin o həzrətin özünə və ailəsinə məhəbbət izhar etmək İslamda danılmaz prinsiplərdən biridir. Müsəlmanlar bu kimi dini mərasimləri o külli qanunun təzahürü hesab edirlər. Quran bu barədə buyurur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“(Ya Peyğəmbər! ümmətə) de: Mən bu risalətin təbliği yolunda ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa sizdən heç nə istəmirəm.”[5]
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur:
لاَ يُؤْمِنُ اَحَدُکُمْ حَتَّي اَکُونَ اَحَبَّ اِلَيّهِ مِنْ مَالِهِ وَ اَهْلِهِ وَ النَّاسِ اَجْمَعِينَ
“Sizlərdən biriniz yalnız o zaman həqiqi mömin olar ki, mən onun nəzərində özünün mal-dövlətindən, övladlarından və bütün insanlardan sevimli olam.”[6]
Bu prinsip müsəlmanların fərdi və ictimai həyatının müxtəlif sahələrində özünə çoxlu nümunələr tapa bilər. Milad mərasimlərində bayram keçirmək Allahın xeyir-bərəkət və rəhmətinin o günlərdə nazil olmasını zehinlərdə canlandırır, bu iş Allah dərgahına şükür etmək sayılır. Bu məsələ (rəhmətin nazil olduğu günü bayram keçirmək) əvvəlki şəriətlərdə də mövcud olmuşdur. Quranın aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) Allahdan dostlarına asimani bir süfrə nazil etməsini istədi ki, bunu (süfrə nazil olmasını) onun özü, ardıcılları və sonrakı nəsillər də bayram keçirsinlər. Həzrət İsa (əleyhis-salam) deyir:
اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ
“Pərvərdigara, ey bizim Rəbbimiz! Səmadan bizə bir süfrə nazil et ki, bizim üçün – əvvəldəkilərimiz və axırdakılarımız üçün bayram olsun və həm də Sənin tərəfindən bir nişanə olsun!”[7]
Diqqət yetirmək lazımdır ki, imamlarımızın rəvayətləri mütəvatir “Səqəleyn” hədisinin hökmü ilə şəriətin nümunələrindən və dini hökmlərin dəlillərindən hesab olunur. Buna əsasən, onların sözlərinə tabe olmaq eynilə dinə tabe olmaqdır və dində bidət qoymaq ünvanı ona aid olmaz.
4. Bidətin mənasına diqqət yetirməklə mədəni-maarif, siyasi və ictimai məsələlərdə özünə məxsus rol ifa edən mühüm bir mətləb əldə olunur. O da bundan ibarətdir ki, batilin – özünün həqiqi və əsl simasında – tərəfdarı yoxudur. Çünki o, sırf puçluq və boşluqdur. Deməli, batil diqqəti cəlb etmək üçün zahirdə özünü haqq formasına salaraq həqiqət rənginə boyanmalıdır. Bütün insanlar, hətta bütün varlıqlar həqiqəti və gerçəkliyi axtarır. Tarix boyu batil cəbhəsinin öz çirkin simasını gözəl və gerçək qələmə vermək üçün ən mühüm fəaliyyət dairəsi mədəni-maarif hövzəsində olmuşdur.
Qurani-kərim 20-dən artıq ayədə batil cəbhəsinin istifadə etdiyi bu vasitəni “təzyin” (gözəl qələmə vermək) təbiri ilə bəyan edir. Misal üçün: “Şeytan onların çirkin əməllərini nəzərlərində gözəl qələmə verdi.”[8] Başqa bir ayədə: “Yoxsa pis əməlləri öz nəzərində gözəlləşdirilən və onu yaxşı və gözəl görən şəxs (həqiqəti olduğu kimi dərk edən bir şəxs kimidirmi)?!”[9]
Buna görə də bütün tarix boyu – qədim dövrlərdən indiyə qədər zalım və qaniçən hakimlərin öz mənfur məqsədlərini həyata keçirmək üçün istifadə etdikləri ən mühüm vasitələrdən biri – cürbəcür dinlər və məzhəblər düzəltmək, müxtəlif ideyalar irəli sürməkdir. Onlar bu yolla ilahi dinlərin müqabilində müqavimət göstərərək haqq cəbhəsini problemlə qarşılaşdırmaq istəmişlər.
Əlbəttə, düşmənin müxtəlif təbliğat vasitələrini dəqiq şəkildə araşdırıb, zahirdə gözəl və aldadıcı simalar arasında gizlənən batilin simasını kəşf edib camaata təqdim etmək çox da asan iş deyildir. Bu işin öhdəsindən o kəslər gələ bilər ki, yüksək elmi məharətə, güclü ideoloji bacarığa malik olsunlar. Bəlkə də İslamda din alimləri ilə oturub-durmaq üçün çoxlu təkid edilməsinin sirri və fəlsəfəsi də[10] həmin məsələ ola bilər; belə ki, həqiqi alimlərlə əlaqə saxlamaq nəticəsində insan azğınlığa düşməkdən amanda qala bilər.
5. Digər bir məsələ budur ki, inhiraf və azğınlığı onun təkcə ibtidai mərhələlərində araşdırmamalıyıq; əksinə zamanın axarlarında davam edən bu azğınlığı daimi və müntəzəm şəkildə araşdırmaq lazımdır. Belə ki, həndəsə də düz xətdən müəyyən bucaq altında fasilə salan istiqamətin (şüanın) azğınlıq (inhiraf) dərəcəsi əvvəldə ümumiyyətlə diqqət mərkəzində olmur. Lakin əsl yoldan cüzi bucaq ilə ayrılan bu fasilə davam etdikcə həmin az fasilə yüzlərlə, hətta minlərlə kilometrə çata bilər.
Buradan elmiyyə hövzələrində rəvacda olan klassik fiqhə səy göstərilməsinin və mərcəyi-təqlidlərə tabe olmağın zərurətinin sirri və fəlsəfəsi, eləcə də bu üslubun nə üçün məsum imamlar tərəfindən dəstəklənməsi aydın olur.[11] Bu üslub dini mətnlərin həqiqətini başa düşüb dərk etmək üçün ən möhkəm üslub və ən gözəl əqli yoldur.[12]
Hər bir halda, dində bidət qoymağın siyasi, ictimai və mədəni cəhətdən dağıdıcı və təxribatçı təsirləri vardır. Onun ən mühüm amili cəmiyyətdə və dində təxribatçılıq yaranmasıdır. Bəlkə də həmin xoşagəlməz təsirlərə görə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) “Zirar” məscidinin dağıdılmasına göstəriş vermişdi.[13] Quran bu barədə buyurur: “(Müsəlmanlara) ziyan vurmaq, küfrü (gücləndirmək), möminlər arasında təfriqə salmaq və əvvəlcədən Allah və Onun Peyğəmbəri ilə mübarizə üçün pusqu qurmaq üçün məscid tikənlər...; onlar and içmişdilər ki, yaxşılıq və xidmətdən başqa heç bir məqsədləri yoxdur! Amma Allah şahiddir ki, onlar yalan deyirlər!”[14]
[1] “Biharul-ənvar”, 2-ci cild, səh. 263; “Müsnəd”, Əhməd ibni Hənbəl, 4-cü cild, səh. 126
[2] Cəfər, Sübhani, “Mənşuri əqaid”, səh. 219-dan sonra
[3] “Biharul-ənvar”, 74-cü cild, səh. 202
[4] “Fəthul-Bari”, 5-ci cild, səh. 156
[5] “Şura” surəsi, ayə: 23
[6] “Camiul-üsul”, 1-ci cild, səh. 238
[7] “Maidə” surəsi, ayə: 114
[8] “Nəhl” surəsi, ayə: 24
[9] “Fatir” surəsi, ayə: 8
[10] “Kafi”, 1-ci cild, “mucaləsətul-uləma və söhbətuhum” babı
[11] “Vəsailuş-şiə”, 18-ci cild, səh. 19. İmam Sadiq (əleyhis-salam)-dan belə rəvayət olunur:
مَنْ کاَنَ مِنْکُمْ قَدْ رَوَي حَدِثيَنَا وَ نَظَرَ فِي حَلَالِنَا وَ حَرَامِنَا عَرَفَ اَحْکَامَنَا... فَاِنِّي قَدْ جَعَلْتُهُ حَاکِمًا
“Sizlərdən hər kəs bizim rəvayətlərimizi nəql etsə, bəyan etdiyimiz halal-haramları dərin nəzərlə tədqiq edərək onları tanısa... belə bir şəxsi mən sizə hakim qərar verirəm.”
Şeyx Səduq “Kəmalud-din və təmamun-nemət” kitabında (2-ci cild, səh. 844) imam Zaman (əleyhis-salam)-dan belə nəql edir:
وَ اَمَّا الْحَوَادِثُ الْوَاقِعَةُ فَارْجِعُوا فِيهَا اِلَي رُوَاةِ اَحَادِثيِنَا فَاِنَّهُمْ حُجَّتِي عَلَيْکُمْ وَ اَنَا حُجَّةُ اللهِ
“Qarşıya çıxan hadisələrə gəldikdə isə, bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın höccətiyəm.”
[12] Əlavə məlumat üçün üsuli-fiqh və istidlali fiqhi kitablara müraciət edin.
[13] “Sireyi İbni Hişam”, 2-ci cild, səh. 530; “Biharul-ənvar”, 20-ci cild, səh. 253
[14] “Tövbə” surəsi, ayə: 107