Quranın digər surələri kimi, “Kəhf” surəsinin də çoxlu xüsusiyyətləri və fəzilətləri vardır. Bu əzəmətli fəzilətlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və imamlardan (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə bəyan edilmişdir. Məsələn, nəql olunur ki, “bu surə nazil olan zaman yetmiş min mələk onu yola salmışdır.” Yaxud “hər kəs onu cümə günü oxusa, Allah-taala sonrakı cümə gününə qədər onun günahlarını bağışlayar.” Yaxud “onu hər cümə axşamı gecəsi oxuyan şəxs dünyadan şəhid kimi gedər və şəhidlərlə birlikdə məbus olar”...
Bu surənin mətləbləri və təlimləri Allaha həmd-səna ilə başlanır, tövhid, iman və saleh əmələ tövsiyə ilə sona çatır. Ayələri əsas etibarı ilə Allah, məad, ilahi nemətlərə müjdə və qiyamətin əzablarından qorxuya şamil olan bu surənin maraqlı cəhətlərindən biri budur ki, onda üç əhvalata işarə olunmuşdur: Əshabi-kəhf hadisəsi, Musa ilə Xızrın (əleyhiməs-salam) hadisəsi və Zul-qərneynin hadisəsi.
Sual soruşan şəxs “Kəhf” surəsinin fəzilət, məqam və təlimləri ilə əlaqədar məsələlər barədə sual etdiyindən, biz də cavabı iki hissədə bəyan edirik:
a) “Kəhf” surəsinin xüsusiyyəti və məqamı
Quranın sair surələri kimi bu surənin də çoxlu xüsusiyyətləri və fəzilətləri vardır. Onun əzəmət və fəzilətləri barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və imamlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunmuşdur. Aydındır ki, bu yüksək məqam da məhz həmin təlim və mətləblərin əhəmiyyətinə görədir. Bu qısa məqalədə “Kəhf” surəsinin dəyər və məqamı, onu qiraət etməyin savab və mükafatı ilə əlaqədar məsumların sözlərindən bəzilərini qeyd edirik:
1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) öz səhabələrinə xitab edərək buyurdu: “Nazil olan zaman yetmiş min mələk tərəfindən yola salınan, əzəməti asimanı və yeri dolduran bir surəni sizə təqdim etməyimmi?!” Dedilər: “Əlbəttə ki!” Həzrət buyurdu: “O, “Kəhf” surəsidir. Hər kəs onu cümə günü oxusa, Allah-taala gələn cüməyə qədər onu bağışlayar.”[1]
2. O həzrət başqa bir hədisdə buyurur: “Hər kəs “Kəhf” surəsinin ilk on ayəsini oxusa (əzbərləsə), Dəccalın fitnəsi ona ziyan çatdıra bilməz. Hər kəs o surənin hamısını oxusa (əzbərləsə), behiştə daxil olar.”[2]
3. İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunur: “Hər kəs hər cümə axşamı gecəsi (cüməyə açılan gecə) “Kəhf” surəsini oxusa, dünyadan mütləq şəhid kimi gedər, şəhidlərlə birlikdə dirilər və qiyamət günü şəhidlərlə bir cərgədə olar.”[3]
b) “Kəhf” surəsindəki ilahi təlimlərə bir baxış
Bu surənin mətləbləri Allaha həmd-səna ilə başlanır, tövhid, iman və saleh əməllərə tövsiyə ilə sona çatır. Aşağıda həmin surənin mühüm fəsillərinə işarə edirik:
1. Digər Məkki surələrdə olduğu kimi, bu surənin də məzmunu Allah, məad, ilahi nemətlərə müjdə və qiyamət əzabından qorxuya şamildir.
2. O dövrdə müsəlmanların ciddi şəkildə ehtiyac duyduqları mühüm məsələlərdən birinə işarə edilir və buyurulur: Bəzi qruplar sayca az olsalar da, zahirdə güclü və qüdrətli olan əksəriyyətin müqabilində təslim olmamalıdır, əksinə gərək “Əshabi kəhf”in az saylı qrupu kimi şirkə qarışıq olan əxlaqsız mühitdən ayrılsınlar və o mühitin əleyhinə qiyam etsinlər. Əgər imkanları olsa, mübarizəni davam etdirsinlər, əks halda oradan münasib yerə hicrət etsinlər.
3. Bu surədə qeyd olunan əhvalatlardan biri də iki nəfərin hadisəsidir: Onlardan biri çox sərvətli, amma imansız; digəri isə yoxsul, amma imanlıdır. Buna baxmayaraq, o, imansız şəxsin qarşısında öz izzət və şərəfini əldən vermir, bacardığı qədər ona öyüd-nəsihət edir, yol göstərir, axırda faydasız olduğu üçün ondan bezarılq edir və özü də qələbəyə çatır.
4. Bu surənin digər bir hissəsi də həzrət Musa ilə Xızrın əhvalatıdır (Xızrın adı bu surədə aşkar deyilmir): Musa (əleyhis-salam) zahirdə bezdirici, batində isə gözəl məsləhətlərlə yanaşı olan işlər müqabilində səbir edə bilmir. Lakin həzrət Xızrın münasib izahlarından sonra məsələnin həqiqətini tamamilə dərk edir və özünün səbirsizliyindən peşman olur.
Bu surənin digər hissəsində Zul-qərneynin hadisəsi şərh olunur: Dünyanın şərqinə və qərbinə necə səyahət etməsi, çox müxtəlif adət-ənənələrə malik olan tayfalarla qarşılaşması, axırda camaatın bir dəstəsinin köməyi ilə yəcuc və məcuc tərəfindən törədilən fitnələrlə qarşılaşması, onların yolu üzərində dəmir sədd çəkməsi və nüfuz etmələrinin qarşısını alması bəyan olunur.
6. Bu surənin maraqlı hissələrindən biri budur ki, onda üç hadisəyə işarə olunur: 1. Əshabi-kəhfin hadisəsi, 2. Musa ilə Xızrın hadisəsi, 3. Zul-qərneynin hadisəsi.
Qeyd olunmalıdır ki, adətən Quranın bir neçə yerində qeyd olunan başqa əhvalatların əksinə olaraq, bu üç hadisə başqa yerlərdə gəlməmişdir (təkcə “Ənbiya” surəsinin 96-cı ayəsində Zul-qərneynin adı qeyd olunmadan yəcuc və məcuc məsələsinə işarə edilmişdir). Bu da “Kəhf” surəsinin özünə məxsus səciyyəsidir.[4]
[1] Ərusi Hüveyzi, Əbdül-Əli ibni Cümə, “Nurus-səqəleyn” təfsiri, 3-cü cild, səh. 241, “İsmailiyan” nəşriyyatı, Qum, 1415-ci qəməri il:
وَ عَنِ النَّبِيِّ (ص) قَالَ: اَلَا أَدُلُّكُمْ عَلَى سُورَةٍ شَيَّعَهَا سَبْعُونَ أَلْفَ مَلَكٍ حِينَ نَزَلَتْ، مَلَاءَتْ عَظَمَتُهَا مَا بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ؟ قَالُوا: بَلَى، قَالَ: سُورَةُ أَصْحَابِ الْكَهْفِ مَنْ قَرَأَهَا يَوْمَ الْجُمُعَةِ غَفَرَ اللهُ لَهُ اِلَى الْجُمُعَةِ الْاُخْرَى
[2] Yenə orada: سُمْرَةُ بْنُ جِنْدَبٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ قَالَ: مَنْ قَرَءَ عَشْرَ آيَاتٍ مِنْ سُورَةِ الْكَهْفِ لَمْ يَضُرَّهُ فِتْنَةُ الدَّجَّّالِ، وَ مَنْ قَرَءَ السُّورَةَ كُلَّهَا دَخَلَ الْجَنَّّةَ
[3] Hürr Amili, “Vəsailuş-şiə”, 7-ci cild, səh. 410, “Alul-beyt (əleyhimus-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il:
عَنْ أَبِي عَبْدِ اللَّهِ قَالَ مَنْ قَرَأَ سُورَةَ الْكَهْفِ فِي كُلِّ لَيْلَةِ جُمُعَةٍ لَمْ يَمُتْ إِلَّا شَهِيداً وَ بَعَثَهُ اللَّهُ مَعَ الشُّهَدَاءِ وَ وَقَفَ يَوْمَ الْقِيَامَةِ مَعَ الشُّهَدَاءِ
Bu barədə əlavə məlumat almaq üçün bax: “Quran surələrinin qiraətinin savabı” görünüşü, sual 14933 (sayt: az14716); “Nurust-səqəleyn” təfsiri, 3-cü cild, səh. 241-242
[4] “Kəhf” surəsinin təlimləri barədə əlavə məlumat almaq üçün bax: Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 12-ci cild, səh. 336-338, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü şəmsi il; “Nurus-səqəleyn” təfsiri, 3-cü cild, səh. 241-242; Təbərsi, “Məcməul-bəyan”, 6-cı cild, səh. 690-691, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il