İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip hesab olunur və istehsal, paylanma və istehlak sahələrini əhatə edir. İş və istehsal da özünəməxsus dəyərə malikdir: Allah işgüzar insanları sevir. Sağlam iqtisadiyyatın ilkin prinsiplərindən biri sərmayənin və sərvətin dövriyyədə olması, onun inkişaf etməsidir. Dəllallıq barəsinə isə, onun ticarətdən ibarət olan həqiqi məfhumuna diqqət yetirmək lazımdır. Belə ki, əgər ona düzgün şəkild əməl olunsa, ölkə iqtisadiyyatında bir çox irəliləyişlərə səbəb olacaqdır.
Qədim dövrlərdən indiyə qədər insanlar öz həyat və məişətlərini tənzim etmək üçün qeyri-məhdud ehtiyaclar və məhdud mənbələrlə qarşılaşmışlar. Bərabər olmayan bu məsələ də iqtisad elminin yaranmasına səbəb olmuşdur.
İslamın iqtisadi sistemi ilə sair iqtisadi sistemlər arasında bir çox müştərək cəhətlər vardır. Lakin islamda bundan əlavə, iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır, onun meyar və dəyərləri Qurandan, sünnətdən, icma və əqldən qaynaqlanır. Digər tərəfdən, istehsalda əxlaq, bazarın müvazinəti, istehlakçının rəftarını təyin etmək və vergi almaq islam iqtisadi sisteminin sair sistemlərlə olan əsaslı fərqləridir.
Quran təlimlərində üsuli-din və ibadət məsələlərinin yanında iqtisad çox mühüm məsələlərdən biridir və Quran buna toxunmuşdur. Buna görə də namazla eyni zamanda zəkat və infaq iki iqtisadi ünvan ilə diqqət mərkəzində saxlanmışdır.
İqtisadiyyatın tərifi
“İqtisad” kəlməsi “orta səviyyədə olmaq” mənasını bildirən “qəsd” sözündən alınmışdır.[1]
İqtisadiyyat elmi ictimai elmlərin bir şöbəsidir ki, cəmiyyət üzvlərinin qazanc, xərc və qarşılıqlı maddi əlaqələr sahəsində fəaliyyət göstərir və qeyd olunan işlərə hakim olan prinsip və qayda-qanunları tədqiq edir.[2]
İslami iqtisad ilə mötədillik (orta səviyyədə olmaq) arasında əlaqə və bağlılıq olduğuna görə ona iqtisad ünvanı aid edilmişdir. Qurani-kərimdə orta səviyyədə olmaq mənasına gələn “müqtəsid” kəlməsi işlənmişdir.[3]
İslam iqtisadiyyatında insanın iqtisadi rəftar və davranışları tədqiq edilərək araşdırılır. Onu o zaman kamil şəkildə əldə etmək olar ki, bir cəmiyyətin üzvləri üçün islam iqtisadi sistemi aydınlaşsın, onun iqtisadi qurumları cəmiyyətdə təsis edilsin.[4]
İslam iqtisadiyyatının əsasları
İslam cəmiyyətinin iqtisadi cəhətdən inkişaf etməsi və cəmiyyət üzvlərinin maddi ehtiyaclarının təmin edilməsi üçün bu barədə mühüm rol ifa edən amilləri icra etmək lazımdır. Bu amillər Qurani-məciddə bəyan olunmuşdur ki, onların ən mühümlərini aşağıda qeyd edirik:
1. Orta səviyyədə olmaq:
Mütəal Allah Quranda buyurur: “Ey Adəm övladı! Öz zinətlərinizi ibadət məqamında götürün, həm də Allahın nemətlərindən yeyib-için, amma israf etməyin! Çünki Allah israf edənləri sevmir.”[5] Bu ayə hər növ israfçılıqdan uzaq və orta səviyyəli bir əsasda olmağı bəyan etməklə hər növ israfı yanlış iş hesab edir, habelə israfdan uzaq olan və orta səviyyəyə riayət edən cəmiyyəti üstün hesab edir.
2. Ədalət
Şübhəsiz, bəşəriyyətin əsarət altına alınmasında ən pis şey fəqirlikdir. Bu məsələ insanın bir saniyə belə, ruhi asayişdə olmasına yol vermir, onun maddi-mənəvi inkişaf və təkamülü üçün şəraiti məhv edib aradan aparır. Həqiqətdə insanda həyatın yüksək məna və məfhumları barədə fikirləşməyə, özünün insani mövqeyini dərk etməyə fürsət qoymur. Həyatlarının bütün dövrlərində İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in və Əli (əleyhis-salam)-ın ən mühüm nigaranlıqlarından biri fəqirliyi cəmiyyət həyatından uzaqlaşdırmaq olmuşdur. Fəqirliyi və ədalətsizliyi aradan qaldırmaq onların ən ümdə səyləri idi. Fəqirlik büsatının cəmiyyətdən birdəfəlik yığışması üçün islam ölkəsində tətbiq olunmalı ən mühüm məsələ ədalətin icrasıdır.
İslamın iqtisadi sistemində cəmiyyətin daxili vəziyyətinə həmişə diqqət yetirmək və iqtisadi ədaləti icra etmək lazımdır. Çünki ictimai ədalət həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyat sahəsində islam şəriətinin əsas hədəfidir.[6] Qurani-kərim ədaləti islam iqtisadiyyatının ən mühüm prinsipi qeyd edərək buyurur ki, pul ilə olan müamilələrdə və iqtisadi mübadilələrdə sələmdən çəkinin! Çünki sələmçilik ədalət sərhədlərindən xaric olmaq sayılır və bir cəmiyyətin ehtiyaclı siniflərinə zülm hesab olunur: “Əgər sələmi tərk etməsəniz, bilin ki, Allah və Onun Rəsulu ilə müharibəyə qalxmışsınız. Əgər peşman olsanız (tövbə etsəniz), malınızın əsli özünüz üçündür və bir şəxsə zülm etməmiş və zülmə də məruz qalmamış olarsınız.”[7]
Mərhum Seyid Məhəmməd Baqir Sədr buyurur: Bu iqtisadi ədalətin iki əsası vardır: 1. Ümumi rifah və firavanlıq, 2. Sərvətin ədaləti bölgüsü.[8] Ümumi rifah dedikdə məqsəd budur ki, islam cəmiyyətinin iqtisadiyyatı elə şəkildə tənzim olunmalıdır ki, cəmiyyət üzvlərinin hamısı həyat və məişət imkanlarından bəhrələnə bilsinlər. İstehsal, əmtəənin paylanması və istehlak sahələrində bu ədalət icra olunmalıdır ki, bütün cəmiyyət üzvləri rifahda yaşasın və yoxsulluq aradan qalxsın.
İqtisadi ədalətin digər bir əsası olan “sərvətin ədalətli bölgüsü” bundan ibarətdir ki, islami cəmiyyətin üzvləri maddi nemətlərdən bəhrələnsinlər və maddi işlərdə insanların arasında fərq olmasın.
Mütəal Allah Quranda maddi imkanların və sərvətlərin ədalətli bölgüsü məsələsinə toxunmuşdur. Məsələn: “Siz yaxşılıq məqamına yalnız o vaxt nail olarsınız ki, ürəyiniz istədiyi şeylərdən infaq (ehtiyaclılara ehsan) edəsiniz.”[9] Bu şərif ayədə yaxşı insanların məqamına çatmaq insanın ürək bağladığı şeylərdən infaq (ehsan) etməsi ilə şərtlənir və həqiqətdə əxlaqi bir dillə insanlar infaqa təşviq edilir.
İslamın iqtisadiyyatdakı nəzəri budur ki, həm maddi cəhətlər, həm də mənəvi yönlər nəzərə alınmalı, ədalətin icrasında yekun hədəf izlənilməlidir. O hədəf bundan ibadətdir: hər bir şəxs azad olmalıdır ki, yaradıcılıqla, məhdud olmayan və sonsuz işlərdə iqtisadiyyatdan daha geniş səviyyədə, zehin və ruhla əlaqədar işlərdə fəaliyyət etməkdə azad olsun. Çünki məhz iqtisadi firavanlıq dövründə və maddi ehtiyacların aradan qalxdığı zaman insan bu fəqirlikdən xilas olur, maddi problemlərdən uzaqlaşır və ali mənəvi işlər barədə düşünə bilir.
3. Faydalı məşğuliyyət, işgüzar fəaliyyət və sağlam istehsal
İslamın iqtisadi əsaslarından və prinsiplərindən biri cəmiyyət üzvlərinin iqtisadi ehtiyaclarının təmin olunmasına səbəb olan istehsaldır. Mütəal Allah Quranda buyurur: “O həmin Allahdır ki, sizi torpaqdan xəlq etdi və işləyib yeri abad etmək üçün qərar verdi.”[10] Buna əsasən, insan yer üzündə işləyib abadlaşdırmaq və maddi nemətlər kəsb etmək üçün xəlq edilmişdir. Bu ayədə iş dedikdə dəyəri və etibarı olan, yer üzündə abadlığa səbəb olan hər növ faydalı işlər nəzərdə tutulur. Digər məsələ budur ki, yoxsulluğun və səfilliyin müalicə yolu işləyib maddi nemətlər istehsal etməkdir. Əli (əleyhis-salam) iş və istehsalın müxtəlif sahələrinə diqqət yetirmiş və özü bu sahələrdə çalışmışdır ki, onların bəzilərini aşağıda qeyd edirik:
1. O həzrətin cavanlıqda bir dəvəsi var idi, onunla camaatın bağlarını suvarır və əmək haqqı alırdı;
2. Əkinçiliyi çox sevirdi;
3. Ağac əkməyi və bağ becərməyi sevirdi;
4. Çoxlu quyular qazırdı. Bəzi quyulardan fəvvarə ilə su gələn zaman o quyunu müsafirlərə və Allah evinin hacılarına vəqf edirdi.[11]
İmam Sadiq (əleyhis-salam) buyurur: “Əmirəl-möminin Əli (əleyhis-salam) həmişə hökumət işçilərinə məktub yazaraq əkinçilər barəsində tövsiyələr edirdi.”[12]Deməli, işgüzar fəaliyyətlər və istehsal həmişə dəyərlidir və Allah işgüzar insanı sevir.
4. Sərmayə və sərvət
Sağlam iqtisadiyyatın ilkin prinsiplərindən biri sərmayə və sərvətin dövriyyədə olması və inkişaf etməsidir. İslamda mal-dövlət və sərvət heç vaxt təhqir olunmamış, əksinə, istehsala, əmtəə mübadiləsinə və düzgün məsrəfinə tövsiyə edilmiş, bu məsələlər üçün müxtəlif meyarlar və şərtlər də təyin olunmuşdur. Əlbəttə, diqqət yetirmək lazımdır ki, islam insanın mal-dövlət qazanmaq yolunda canından keçməsi ilə müxalifdir və bu işlə şiddətlə mübarizə aparmışdır. Başqa sözlə, əgər insan sərvəti yalnız sərvət əldə etmək və mal-dövləti yığıb saxlamaq üçün əldə edərsə, islam bu məsələ ilə kəskin şəkildə müxalifdir: “Gümüş və qızılları anbara yığıb saxlayan və Allah yolunda infaq etməyənləri dərdli əzabla müjdələ.”[13]
Deməli, islam pulpərəstliyi və dünya malına məftun olmağı məhkum edir, lakin sərvəti və sərmayəni məhkum etmir. Çünki:
a) Əkinçilik, maldarlıq və s. yollarla sərvət və sərmayə istehsalına tövsiyə etmişdir;
b) Ticarətə və alverə tövsiyə etmişdir;
v) Buyurmuşdur ki, sərvət fərdi ehtiyaclar çərçivəsində olmalı və hər növ şan-şöhrətçilik hislərindən və israfdan uzada sərf edilməlidir. [14]
Əlbəttə, bu sərvət və sərmayə bir ovuc sərmayədarın ixtiyarında olmamalı, əksinə, dövriyyə buraxılmalıdır. Quran iqtisadiyyatda hər növ inhisarçılığı və sərmayənin varlıların əlində cəm olmasını sağlam iqtisadiyyatın ziddinə olan bir iş ünvanı ilə qadağan edir: “Allahın kafirlərin mal-dövlətindən Öz Rəsuluna qənimət kimi nəsib etdiyi şeylər Allaha, Onun Rəsuluna, Rəsulunun qohum-əqrəbasına, yetimlərə, fəqirlərə və yolda qalanlara verilməlidir. Bu hökm ona görədir ki, qənimətlər varlıların mal-dövlətini artırmasın.”[15] Deməli, sərvət və sərmayə cəmiyyətdə azad şəkildə cərəyanda olmalıdır.
5. Ticarət
İran mədəniyyətində dəllallıq kəlməsinin məna və məfhumu barəsində səhvə yol verilmiş və bu kəlmə saxtakarlıq və rüşvətxorluq kimi qələmə verilmişdir. Bir dəstə fırıldaqçı insan tərəfindən bu peşədən sui-istifadə edildiyinə görə öz ictimai mövqeyini əldən vermişdir. Amma bu məsələ dəllallığın islam ölkəsinin iqtisadiyyatından kənara qoyulmasına səbəb olmamalıdır. Çünki dəllallıq lüğətdə “yol göstərən” mənasınadır və həqiqətdə çox bəyənilən bir işdir ki, satıcı ilə alıcının arasında vasitə rolunu ifa edir.[16] Əgər qısa şəkildə araşdırsaq, görəcəyik ki, islam dini düzgün dəllallıq və ticarətə böyük əhəmiyyət vermişdir. Bu müddəanın şahidi budur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) cavanlığında ticarətlə məşğul olmuşdur. Tarixdə dəfələrlə eşitmişik ki, o həzrət ticarət sahəsində fəaliyyət edir, Şam-Məkkə arasında ticarət edirdi. Digər tərəfdən, ticarət istehsalın mühərrik qüvvəsidir. Lakin istehsal təklikdə bazar yarada bilməz, çox hallarda bəzi insanlar bu barədə tədqiqat aparmadan istehsala başlamış, lakin onların istehsal etdiyi mallar və əmtəələr öz əllərində qalmışdır. Deməli, dəllallıq və ticarət düzgün bir peşədir, amma iqtisadiyyatın irəliləyişi üçün ondan düzgün şəkildə istifadə etmək lazımdır.
[1] “Ər-raid” 1-ci cild, səh. 227, Cübran Məsud, Doktor Rza Türabinejadın tərcüməsi ilə, “Astani Qüdsi Rəzəvinin (əleyhis-salam)” nəşriyyatı, 1376-cı il, 2-ci çap
[2] Yenə orada
[3] “Loğman” surəsi, ayə: 32, “Maidə” surəsi, ayə: 66
[4] Ustad Məhdi Hadəvi Tehraninin “İslamda iqtisadi sistem” kitabından, səh. 50, “Neynəva” çapxanası, 1383-cü il
[5] “Əraf” surəsi, ayə: 31
[6] “İslam iqtisadi sistemi”, səh. 55-58
[7] “Bəqərə” surəsi, ayə: 279
[8] “İqtisaduna”, səh. 303, Seyid Məhəmməd Baqir Sədr, Beyrut çapı, “Darut-təaruf lil-mətbuat”, 1-ci çap, 1402-ci qəməri il
[9] “Ali-İmran” surəsi, ayə: 92
[10] “Hud” surəsi, ayə: 61
[11] “Zəxairul-uqba fi mənaqibi zəvil-qurba”, Muhubbuddin Əhməd ibni Əbdüllah Təbəri, səh. 49, “Darul-mərifət” nəşriyyatı, Beyrut, 1356-cı qəməri il
[12] “Vəsailuş-şiə”, Şeyx Məhəmməd ibni Həsən Hürr Amili, 13-cü cild, səh. 216
[13] “Tövbə” surəsi, ayə: 34
[14] Şəhid Mütəhhəri, “İslamda iqtisad sisteminə bir baxış”, “Sədra” nəşriyyatı, 1-ci çap, 1368-ci il, səh. 17-20
[15] “Həşr” surəsi, ayə: 7
[16] “Ər-raid”, 1-ci cild, səh. 227