Quran ayələrinə və rəvayətlərə əsasən, İslam dini haram aylarda (zil-qədə, zil-həccə, məhərrəm və rəcəb) müharibəni əsla rəva bilməmiş, üstəlik bu məsələ ilə əlaqədar daha ciddi reaksiya göstərmişdir ki, bir şəxs bu aylarda müharibə etmək fikrində olmasın. Hətta sual olunan ayədə olduğu kimi, haram aylarda müharibə aparmaq böyük günah sayılır. Bu ayda qəsdən olmayan qətl hadisələrində də ölənin diyəsi artırılır. Bunların hamısı İslamın haram ayların hörmət və ehtiramına nə qədər əhəmiyyət verməsini göstərir. Haram aylarda müharibə aparmaq ciddi şəkildə qadağan edilir ki, hamı bu ayların ehtiramını saxlasın. Amma müəyyən insanlar müsəlmanların bu aylara ehtiramından sui-istifadə edərsə və bu ayların hörmətini pozub ələ silah alarsa, bu halda Allah göstəriş vermişdir ki, müsəlmanlar da onların qarşısında dayanaraq zülm və təcavüzkarlıqlarının qarşısını alsınlar.
Haram aylar dedikdə o aylar nəzərdə tutulur ki, Allah-taala onların hörmətinə riayət etməyi möminlərə vacib etmişdir. Həzrət İbrahim və İsmail (əleyhisməs-salam)-ın dövründə bu aylarda müharibə haram edilmişdi. Bu ilahi qanun və sünnət İslamın zühur etdiyi vaxta qədər də ərəblərin arasında adət-ənənə şəkilində qalaraq möhtərəm sayılırdı. Quran-kərim də bu adəti qəbul edərək, haram ayların hörmətini təsdiqləmişdir. Belə ki, Allah-taala buyurur: “Ayların sayı Allah yanında – asimanları və yeri xəlq etdiyi zamandan ilahi kitabda on ikidir. Onlardan dörd ayı haramdır. Düzgün din, məhz budur. Belə isə, o dörd ayda özünüzə zülm etməyin! Müşriklərlə kütləvi şəkildə müharibə aparın, necə ki, onlar kütləvi şəkildə sizinlə müharibə aparırlar. Bilin ki, Allah pəhrizkarlarladır.”[1]
Haram aylar: zil-qədə, zil-həccə, məhərrəm və rəcəbdir. Bu ayların hörməti onda olan fəlsəfə və faydalara – bu məsələ ilə əlaqədar müharibələrin sonra çatdırılmasına verilən ehtimala görədir. Belə ki, bu müddət ərzində döyüşən tərəflərin ağlını başına yığaraq dərindən təfəkkür etməyə, sülh və asayişə dair fikirləşməyə münasib fürsətləri olur. O cümlədən, həcc əməllərinin yerinə yetirilməsi, ticarət və başqa faydaları qeyd etmək olar.
İslam dini haram aylarda müharibəyə icazə verməmiş, üstəlik bu aylarla əlaqədar ciddi tələbkarlıq etmişdir ki, bir şəxs bu aylarda müharibə fikrinə düşməsin. Hətta sualda gələn ayədə də bu aylarda müharibə böyük günah hesab edilmiş,[2] bu ayda qəsdən olmayan qətl hadisələrində diyə artırılmışdır.[3]
Amma Məkkə müşrikləri bu məsələdən sui-istifadə etmək fikrinə düşərək haram aylarda müsəlmanlara hücum etmək istəyir və güman edirdilər ki, müsəlmanlar bu ayda onlarla qarşılaşmayacaqlar. Allah-taala göstəriş verdi ki, əgər onlar haram aylarda silaha əl atsalar, müsəlmanlar da onların qabağında dayanıb vuruşsunlar. Allah-taala buyurur: “Haram ay haram ay müqabilindədir.”[4] Yəni əgər düşmənlər bu ayların ehtiramını pozaraq sizinlə müharibəyə başlasalar, sizin də onlarla mübarizəyə qalxmağa haqqınız vardır. Çünki haram şeylərin qisası vardır.[5]
Deməli, İslam dini haram aylarda müharibə aparmağın haram olmasını adət-ənənə və sünnət kimi qəbul etsə də, (bu qanun həzrət İbrahim (əleyhis-salam)-ın dövründən etibarən ərəblərin arasında mövcud idi), düşmənlərin sui-istifadə etmələrinə diqqət yetirməklə bu qanun üçün istisna halları təyin edilir və buyurulur: “Haram aylarda müharibə etmək ağır günah olsa da, lakin Allah yolunun qarşısını almaq, Ona qarşı küfr etmək və Məscidul-Həramın hörmətini pozmaq, onun sakinlərini çıxarmaq və sürgün etmək Allah yanında ondan da ağır günahdır.”[6]
Sonra əlavə edilir: “Fitnə-fəsad yaratmaq (camaatı Allahın dinindən saxlamaq) qətldən də ağır cinayətdir.”
Çünki o (qətl), insan orqanizminə qarşı rəva görülən bir cinayətdir, amma bu işlər insanın ruhuna və imanına qarşı rəva görülür. Ayənin davamında buyurulur ki, müşriklərin zəhərli təbliğatlarından təsirlənməyin, çünki, “Onlar daim sizinlə müharibə edirlər ki, bacardıqları surətdə sizi dininizdən döndərsinlər.” Onların qarşısında möhkəm dayanın, onların haram ay və sair məsələlərlə əlaqədar vəsvəsələrinə etina etməyin.[7] Haram ayların ehtiramına riayət etmək yalnız onun ehtiramını qoruyub-saxlayanlar üçün lazımdır, lakin Məscidul-Həramın, haram ayların və ehram halının hörmətini ayaq altına qoyan şəxslər barəsində bu ehtirama riayət etmək lazım deyildir. Onlarla hətta haram aylarda və Məscidul-Həramda belə, müharibə aparmaq lazımdır ki, bir daha haram ayların hörmətini pozmaq fikrinə düşməsinlər.[8]
[1] “Tövbə” surəsi, ayə: 36
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِى کِتَـبِ اللَّهِ یَوْمَ خَلَقَ السَّمَـوَ تِ وَالأَْرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌ ذَ لِکَ الدِّینُ الْقَیِّمُ فَلاَ تَظْـلِمُوا فِیهِنَّ أَنفُسَکُمْ وَقَـتِلُوا الْمُشْرِکِینَ کَآفَّةً کَمَا یُقَـتِلُونَکُمْ کَآفَّةً وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِینَ
[2] “Bəqərə” surəsi, ayə: 217
[3] Şeyx Tusi (rəhmətullahi əleyh), “Təhzibul-əhkam”, 10-cu cild, səh. 215, “Əl-qitalu fiş-şəhril-həram vəl-Hərəm” bölməsi, Tehran, “Darul-kutubil-islamiyyə”, 1365-ci hicri şəmsi il:
الْحُسَیْنُ بْنُ سَعِیدٍ عَنْ فَضَالَةَ بْنِ أَیُّوبَ عَنْ کُلَیْبِ بْنِ مُعَاوِیَةَ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) یَقُولُ مَنْ قَتَلَ فِی شَهْرٍ حَرَامٍ فَعَلَیْهِ دِیَةٌ وَ ثُلُثٌ و ...
İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs haram ayda birini (qəsdən yox, xəta üzündən) qətlə yetirsə, ölənin diyəsi üçdə bir qədər artır...”
[4] “Bəqərə” surəsi, ayə: 194
.:" یَسَْلُونَکَ عَنِ الشهَّْرِ الْحَرَامِ قِتَالٍ فِیهِ قُلْ قِتَالٌ فِیهِ کَبِیرٌ وَ صَدٌّ عَن سَبِیلِ اللَّهِ وَ کُفْرُ بِهِ وَ الْمَسْجِدِ الْحَرَامِ وَ إِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَکْبرَُ عِندَ اللَّهِ وَ الْفِتْنَةُ أَکْبرَُ مِنَ الْقَتْلِ وَ لَا یَزَالُونَ یُقَاتِلُونَکُمْ حَتىَ یَرُدُّوکُمْ عَن دِینِکُمْ إِنِ اسْتَطَاعُواْ وَ مَن یَرْتَدِدْ مِنکُمْ عَن دِینِهِ فَیَمُتْ وَ هُوَ کَافِرٌ فَأُوْلَئکَ حَبِطَتْ أَعْمَالُهُمْ فىِ الدُّنْیَا وَ الاَْخِرَةِ وَ أُوْلَئکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَلِدُون
[5] “Təfsiri nümunə”, cild, səh. 31 və 32
[6] “Bəqərə” surəsi, ayə: 217
[7] “Təfsiri nümunə", 2-ci cild, səh. 111-113
[8] “Ənvarul-irfan fi təfsiril-Quran”, 3-cü cild, səh. 557