Müasir dövrdə ən mühüm və aktual fəlsəfi mövzulardan biri də “həyatın mənası”dır. Bu ünvan barədə bir sıra suallar irəli çəkilir, o cümlədən: Həyatın müəyyən və konkret bir hədəfi və məqsədi vardır, ya yox? Həyat dəyərlidir, ya yox? Özlərinin xüsusi maraq və şəraitlərində insanların həyata dair müstəqil bir dəlilləri vardır, ya yox?
Hazırkı əsrdə, yəni din və dini nəzəriyyələrdən ayırdıqdan sonra həyatın mənası barəsində qərb fəlsəfəçilərinin çoxunun nəzəri nihilizm əqidəsindən təsirlənmiş, yaxud həmin nəzəriyyəni özlərinin fəlsəfi tədqiqatlarının başlanğıc nöqtəsi və mənşəyi seçmişlər.
Bəşərin təfəkkür tarixində “həyatın məna və hədəfi” mövzusu iki külli sahədə araşdırılır: bir qütbdə “mütləq vücud”a (Allaha) etiqad vardır və təqdir olunmuş (ölçülüb-biçilmiş) tale hakimdir. Bir qütbdə isə hər həyat üçün hər növ məna və məqsəd inkar olunur, insan həyatı tamamilə hədəfsiz və mənasız (təsadüfi) bir hadisə kimi dəyərləndirilir.
Biz çalışacağıq ki, bu məsələni müxtəlif nəzəriyyələr əsasında və qısa şəkildə araşdıraq, sonda isə külli bir nəticə alaq. Bunu da qeyd edək ki, sualın irəli çəkilməsində mövcud xüsusiyyətlərə diqqət yetirməklə alacağımız nəticə müəmmanın həll olunması əvəzinə onu daha da mürəkkəbləşdirə bilər.
Həyatın mənası
Çox mühüm fəlsəfi, psixoloji və dini məsələlərdən biri olan bu məsələ texnika əsri olan yeni dövrdə, elm və texnikanın hərtərəfli inkişafı əsrində irəli çəkilir. Bu kimi əsl və mühüm məsələlər qeyd olunan ünvan altında qərarlaşır və müxtəlif məsələlərlə əlaqədar suallara şamildir. O cümlədən: “Həyatın konkret bir hədəfi vardır, ya yox?”, “Həyatın dəyəri var, ya yox?” İnsanların həyata dair (özlərinin xüsusi maraq və şəraitlərində) müstəqil bir dəlilləri vardır, ya yox?” və s.[1]
Xüsusilə hazırkı qərb cəmiyyətlərində renessans (orta əsrlər) dövründən başlayaraq, eləcə də elm və texnikadakı inqilabdan sonra “nihilizm və puçluğa meyl” nəzəriyyəsi daha sürətlə yayılmağa başlamışdır. Sosioloqlar və psixoloqlar bir çox məsələləri, o cümlədən əzab-əziyyət çəkmək, nakamlıq, məğlubiyyət, bacarıqsızlıq və s. məsələləri puçluğa meylin ən mühüm ictimai və daxili amillərindən hesab etmişlər. Belə nəzərə çarpır ki, bu problemin ən mühüm amili dinin olmaması və ya zəifliyidir. Allahı unudan bir insan, Quranın təbiri ilə “öz həqiqətini də unutmuş olur”. Aydındır ki, Allahı itirən bir şəxs üçün həyatın heç bir mənası olmayacaqdır, Valter T. Stis yepiskopların (kilsə xadimlərinin) çoxunun dini etiqadları ilə müxalif olmasına baxmayaraq, yeni əsrdəki insanın ruhi sarsıntı və sərgərdanlıqlarının mənşəyini Allaha imanın olmaması, habelə Allahdan və dindən uzaqlaşması hesab edir.[2]
Buna görə də Volfun nəzərinə görə əksər hallarda öz ardınca “görəsən insanlar daha böyük və ya ilahi hədəflərin bir hissəsidir, ya yox?” sualını da öz ardınca gətirən “həyatın mənası nədir?” sualı özünə dini cavab axtarır.[3]
İnsanın ölümü ilə dünyəvi həyatının sona çatması, dünyada insana baş verən əzab-əziyyətlər və problemlər də elə real məsələlərdir ki, onların düzgün şəkildə dərk və izah edilməməsi modern ləzzətlərə qərq olan yeni (modern) insanı mənasızlıq bataqlığında çıxılmaz vəziyyətə salır, başqa sözlə, “onu tələyə salır”. Amma bu iki məsələ Allaha və axirətə imanı olan bir insan üçün yeni-yeni mənalar ifadə edir. Çünki dindar insan bir tərəfdən özünün əbədiyyət üçün yaradıldığına inanır, ölümü həyatın sonu yox, əksinə daha geniş miqyaslı olan başqa bir həyatın başlanğıcı bilir. Belə ki, həmin həyat (axirət aləmi) bu dünyadan müqayisə olunmaz şəkildə geniş səviyyəlidir və orada əbədi və tükənməz ilahi nemətlərdən bəhrələnəcəkdir. Onun bu dünyada qarşılaşdığı əzab-əziyyətlər, sarsıntılar və nakamlıqlar nə qədər çox olsa da, yenə də insanı puçluq və yoxluq kimi fikirlərə salmır. Çünki bir tərəfdən zahirdə xoşagəlməz olan bu hadisələrin kor-koranə təbii hadisələr nəticəsində baş vermədiyini, əksinə, mütləq həkim (hikmət sahibi) olan Allah tərəfindən onun (ruhi təkamülü) üçün (bir vasitə ünvanı ilə) müqəddər olunduğunu bilir. Digər tərəfdən də bilir ki, insanı yaratmaqda Allah-taalanın əsas hədəfi onu ilahi qürb (Allah dərgahına yaxınlıq) məqamına çatdırmaqdır. Buna görə də bu maddi dünyada həmin hədəfin yolu üzərində mövcud olan bir şey əsla çirkin deyil, üstəlik gözəl və yaxşıdır. Odur ki, Allaha imanı olan insan heç vaxt həyatı puçluq və mənasızlıq hesab etmir.
Amma əgər insan özünün ilahi arxasını və dini etiqadını əldən verərsə, həyat üçün heç bir vəchlə düzgün məna əldə edə bilməz. Yalnız müəyyən hallarda özünü aldadır, həyat üçün bir məna çıxarır və Volofun dediyi kimi: “Bunlar (dünyanı ehsassız hesab edənlər) belə dəlil gətirirlər ki, bizim həyatımızın mənası olmasa da, amma elə yaşamalıyıq ki, sanki, mənası vardır.”[4]
Stis bəşəriyyətin səadətini xəyallar əsasında olan həyat üzrə qurulduğunu deyir, elmi və həqiqət axtaran ruhiyyəni xəyalların düşməni bilir, buna görə də həmin ruhiyyələri bəşər səadətinin düşməni sayır. O inanır ki, həqiqətlə yaşamaq çətin olduğuna görə, həyatı bizim üçün dözüləsi və məqbul vəziyyətdə saxlayan böyük xəyal sellərindən əl çəkməyimizə heç bir dəlil yoxdur. O, həyatın mənasız olması ilə eyni zamanda ona yeni məna vermək üçün belə tövsiyə edir: “Biz gərək o böyük xəyal, yəni xeyirxah, mehriban və hədəfli bir dünya xəyalı olmadan həyat sürməyi öyrənək.”[5]
Albert Kamo, Tams Nigel və Riçard Teylor kimi bəzi insanlar da inanırlar ki, bizim özümüzdən böyük və batini nəzərdən daha dəyərli bir şey (belə ki, çox hallarda özümüzü şiddətlə ona bağlı hiss edirik) mövcud olmasaydı, onda həyat heç olmazsa bir baxımdan “mənasız olan mühüm bir məsələ” olardı.”[6]
Dostoyevski və Kiyer Kegur ilə eyni əqidədə olan Stis də inanır ki: Allah-taalanın asimanın səhifəsindən görünməz olduğu vaxtdan hər şey dəyişilmişdir, yeni (modern) insanın ruhi sarsıntısı və sərgərdanlığının mənşəyi Allahdan və dindən uzaq düşüb imansız olmasıdır. Bu zaman Tedus Miter kimi bəziləri də inanırlar ki, insanı və aləmi yaratmaqda Allahın hədəfli olması insan həyatının mənalı olmasını təmin etmir.[7]
Diqqət yetirmək lazımdır ki, “həyatın mənası” məsələsi “yaradılışın hədəfi” ilə fərqlidir, yəni həyatın hədəfi onun mənası ilə eyni deyildir. Həyatın hədəfi barədə söhbət etdiyimiz zaman nəzərimiz yekun mərhələni tanımaqdır. Yaradılış sisteminin konkret yekunu (buna ğayət deyilir) olması əyani və insanın həyat barədə olan nəzərindən tamamilə müstəqil (ayrı) olan bir məsələdir. Halbuki “həyatın mənalı olması” ruhi bir məsələ olmaqla insanın həyatla əlaqədar nəzəriyyələrinə tam mənada bağlıdır. İnsanın həyatı mənalı olsun deyə, gərək həyatın mənasını dərk etsin. Bu vəziyyətlə bu iki məsələ bir-biri ilə əlaqəlidir və varlıq aləmi ilə insanın düzgün təfsiri (izahı) həyata məna verir. Əlbəttə, həyatın hədəfinin sadəcə başa düşülməsi onun mənalı olması üçün kifayət deyildir; bundan əlavə, həyatın müxtəlif yönləri bir-biri ilə bağlı və həmahəng olmalıdır. Həyatın mənalı olması üçün gərək onun müxtəlif səviyyələri olduğunu və hər səviyyədə xüsusi rola malik olduğunu dərk edək.[8]
Marksizmin nəzəriyyəsi
Özünü “insan təbiətinin dəyişdirilməsi və azadlığa çıxarılmasının bayraqdarı” hesab edən Marksın nəzəriyyəsinə görə həyatın öz içində hədəfi vardır. O, bu barədə belə deyir: “İnsan təbiətinin zənginliyini yüksəltmək onun özündə olan hədəfdir.” Marksizm həyatın problemlərini aradan qaldırmaq üçün göstərilən hər növ səy və fəaliyyətləri hədər və səmərəsiz hesab edir. Yalnız o zaman mümkün sayır ki, elmi, sosioloji, rəftar və davranış, insan vücudunun həyatı və insanın dəyişilməsi ilə əlaqədar hərtərəfli mütaliələr nəticəsində insanın küllü təkamülü və onun həm yer kürəsində, həm də varlıq aləmindəki əlaqəsi araşdırılsın.
Marksizmin nəzəriyyəsi baxımından ayrı-ayrı şəxslər və şəxsiyyətlər fərdi vücud ünvanı ilə deyil, küllün (insan cəmiyyətinin məcmusunun) bir hissəsi ünvanı ilə tədqiq edilir. Bu nəzəriyyə təkid edir ki, insanın iki növ: fərdi və növ (ictimai) həyatı vardır. Həyatın bu iki növü bəzən bir-biri ilə qırılmaz əlaqələrə malik olur, bəzən isə bir-birini təkmil etsə də, lakin onların arasında müxtəlif təzadlar yaranır. O təzadlardan biri budur: insan fərdi həyatının gedişində heç vaxt özünün növ həyatının hədəflərinə çata bilməz. Məsələn, əgər bəşər növünün tərəqqisi və yüksəlişi xəstəlik, müharibə, yoxsulluq, zülm, ətraf mühitin aludə olması kimi bəlalardan xilas olmağı tələb edirsə, bu hədəflər çox hallarda fərdin vasitəsi ilə və onun fərdi həyatının boyunda həyata keçə bilməz, hətta əgər şəxs zahirdə özünün fərdi həyatında müvəffəqiyyət qazanmış olsa belə. Buna görə də insan heç vaxt özünü “kamil bir varlıq” ünvanı ilə müstəqil hesab edə bilməz. O daim öz vəziyyətindən narazıdır. Bu nöqsan və narazılıq insanın əxlaq fəaliyyətlərinin mənşəyidir: “Həyatın özü yalnız həyat üslubu ünvanı ilə zahir olur.”
Həyatın hədəf və mənası barəsində nigarançılıq mütəfəkkir və tədqiqatçı ünvanı daşıyan hər bir bəşərin malik olduğu xüsusiyyətlərdən biridir. Amma digər varlıqlar ömürlərinin əvvəlindən axırına qədər həyatlarının təbii yolunu heç bir nigaranlıq, sorğu-sual və qeyd-şərt olmadan ötüb keçir. Amma bəşər övladı tarix boyu anbaan bu sualı özü və başqaları barəsində irəli çəkmiş, öz varlığının nə üçün yarandığı barədə münaqişə etmişdir. Bu, bəşərin əzəmətinin (və bəlkə də bədbəxtliyinin) nümunəsidir. Məşhur rus yazıçısı Dastoyevski bu barədə deyir: “İnsan varlığının sirri bundadır ki, o, gərək sadə şəkildə yaşamasın; nə üçün həyat sürdüyünün sirrini kəşf etsin.”
Eqzistansialistlərin nəzəriyyəsi
Eqzistansialistlər bu mövzunu dünyanın hədəfsiz olmağı əsasında araşdırırlar. Onlar nə ölümdən sonrakı həyata etiqad bəsləyir, nə də özlərində bir mahiyyət olduğuna; hətta özündən yüksəkdə heç bir varlıq üçün mahiyyət olduğuna inanmırlar. Onların nəzərincə insan özbaşına buraxılmış bir varlıqdır; bu dünyada tək-tənha yayılmışdır və asimandan ona heç bir kömək gəlmir. Həyat da həmin şeydir ki, biz hər gün onunla məşğul oluruq. İnsanın vücudu onun mahiyyətindən irəlidir, yəni biz əvvəlcə vücuda gəlir, öz əməl, rəftar və davranışlarımızla özümüz barədə bir tərif düzəldirik və həm özümüzün, həm də həyatımızın mahiyyətini təyin edirik.
Məşhur eqzistansialis Morlu Ponti inanır ki, insan varlıq aləminə gəlməmişdən əvvəl heç nə idi və ölümlə də yenidən heç nəyə qovuşur. Buna görə də biz insanlar yalnız qısa müddət ərzində varlığa malik oluruq və onda fəal olmaqdan başqa bir çarəmiz də yoxdur. Onların nəzərinə görə insanlar öz həyatlarında hədəf və məqsədlərini təyin etməli, təbiətlərini yaradıb dəyişdirməklə eyni zamanda öz həyatlarına məna və məfhum da verməlidirlər. Əgər insan özü üçün təyin etdiyi hədəfdən yüksək həyatda yaşamasa, zati mənasızlıq və puçluq onun həyatını udaraq naümidlikdə qərq edəcəkdir.
Mənfi meyllilər
Bu kimi təfəkkür tərəfdarları ya həyatı mənfi bir şey və geriyə hərəkət hesab, yaxud onu heçlik, puçluq və mənasız bir şey təsəvvür edirlər. Misal üçün, 18-19-cu əsrlərdə yaşamış Alman filosofu Şopenhaver inanırdı ki, dünyaya dəli, kor və qara bir ruh hakimdir. Bu ruh təbii və ictimai qanunları dəf edib geri oturdur, hər növ tarixi dəyişikliyi və elmi mərifəti qeyri-mümkün edir. Həyat geriyə doğru irəliləməkdədir və bəşər üçün heç bir gələcək yoxdur.
Nihilizm nəzəriyyəsi
Nihilizmin nəzəriyyəsi həyatı mütləq şəkildə (heç bir qeyd-şərt olmadan) heçlik və puçluq hesab edən digər bir nəzəriyyədir. Onun tərəfdarları həyatdakı hər növ müsbət ideyaları inkar edirlər. Alman filosofu Niçe “dəyərlərin yenidən dəyərləndirilməsi”nə təkid etməklə əxlaq meyarlarında, habelə ədalət və insafla əlaqədar bəşər mədəniyyətində əsaslı dəyişikliklər yaradan meyar və qayda-qanunları rədd olunmuş hesab edir.
Niçe
Həyatın mənasını tapmaq bunu tələb edir ki, tədqiqatçı şəxs hər şeydən əvvəl insanın özünü və onun taleyini başa düşsün. Lakin insani vücudun mənasını dərk etmək üçün bu da kafi deyildir. İnsan təbiətdə tənha deyildir və biz onu sair şeylərdən ayrılıqda dərk edə bilmərik. Əvvəllər deyildiyi kimi insanı gərək sair varlıqlarla əlaqədə və onun yer kürəsindəki məqamı ilə birlikdə öyrənək.
Bu mərifət və agahlıq da insanların müxtəlif ictimai, iqtisadi və mədəni həyatlarında irəli gələn müxtəlif zaman, məkan və şəraitlərlə əlaqədar olduğundan həyatın mənası müxtəlif mütəfəkkirlər üçün bir-birindən fərqli olacaqdır.
[1] Suzan Volf, “Həyatın mənası”, tərcüməçi (tənqid və nəzərlərlə): Həmid Şəhriyari, , 8-ci il, nömrə 1 və 2, səh 96
[2] Valter, T. Stis, “Mənasızlıqda çoxlu mənalar vardır”, tərcüməçi (tənqid və nəzərlərlə): Ə’zəm Puya, 8-ci il, nömrə 1 və 2, səh. 109
[3] Suzan Volf, “Həyatın mənası”, səh. 29
[4] Suzan Volf, “Həyatın mənası”, səh. 29
[5] Valter, T. Stis, “Mənasızlıqda çoxlu mənalar vardır”, səh. 122
[6] Suzan Volf, “Həyatın mənası”, səh. 31-32
[7] Tedus Miter, “Allahın hədəfi həyatın mənasının mənşəyi ola bilərmi?”, tərcüməçi: Məhəmməd Səidimehr, (tənqid və nəzərlər ilə birlikdə), 8-ci il, nömrə 1 və 2, səh. 150
[8] Məhəmməd Ləgnhavsen, “İqtirah”, (tənqid və mülahizələr), 8-ci il, 1 və 2-ci nömrələr, səh. 7-8