Please Wait
6346
Suala cavab verməzdən əvvəl bir məsələni izah etmək zəruridir: İslamın hökmləri və göstərişləri məsləhət və məfsədə əsasında olsa da, bəşərin əqli təklikdə şəriət hökmlərinin bütün faydalarını, eləcə də onların tərk edilməsinin bütün zərərlərini dərk edə bilməz; bu barədə Allahın vəhyinə və məsumların (əleyhimus-salam) sözlərinə tabe olmaq lazımdır. Buna görə də sualda dediyiniz kimi, “ehtiyaclı şəxslərə və xəstələrə kömək etməklə, məscid və s. yerlər tikməklə namaz qılmamağın əvəzini çıxmaq olarmı?” sualının cavabında Quranda və sünnətdə bu mətləbə dair bir dəlil olub-olmamasını araşdırmaq lazımdır. Biz də cavabda deyirik: Fiqhdə və şəriətdə bəzi vacib əməllər təxyiri şəkildədir, yəni bir əməlin yerinə başqa bir işi görmək olar. Məsələn, orucun kəffarəsində şəxs 60 gün oruc tutmaq, 60 fəqiri doyuzdurmaq və ya onların hər birinə 750 qram təam verməkdən hər birini seçməkdə ixtiyar sahibidir.[1] Amma vacib namazlar barəsində buyurulan bəzi rəvayətlərdən məlum olur ki, heç bir şey onun əvəzini ödəyə bilməz; üstəlik sair yaxşı əməllərin qəbul olunması da namazın qəbul olunması ilə şərtlənir. Aşağıdakı rəvayət kimi: “Qiyamətdə bəndədən soruşulan (mühasibə olunan) ilk şey namazdır: əgər o qəbul olunsa, sair (yaxşı) əməllər də qəbul olunacaqdır; yox, əgər qəbul olunmasa, sair (yaxşı) əməllər də qəbul olunmayacaqdır.”[2]
Hər bir halda namaz üçün heç bir əvəz edici olmadığı halda öz gümanımız əsasında əməl etsək Allah dərgahında heç bir bəhanəmiz olmayacaqdır. Bu barədə bir misal çəkirik: əgər bir şəxsdə çoxlu xəstəlik olsa və həkim də hər bir xəstəlik üçün xüsusi bir dərman nüsxəsi yazsa, xəstə şəxs xüsusi bir dərman (məsələn ürək dərmanı) əvəzinə təkrar şəkildə başqa bir dərman (məsələn, şəkər xəstəliyinin dərmanını) qəbul edə bilməz. Müstəhəb və digər vacib əməlləri yerinə yetirməklə namaz kimi mühüm və əsaslı bir vacibdən qafil olmaq, onun yerinə başqa bir əməl əncam vermək olmaz.
Amma gecə namazı kimi müstəhəb namazlardan bəzilərini sədəqə verməklə bərpa etmək olar.[3]
[1] “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 928
[2] Mühəddis Nuri, “Müstədrəkül-vəsail”, 3-cü cild, səh. 25
[3] “Ər-rovzətul-bəhiyyə fi şərhil-Lüm’ətid-Dəməşqiyyə”, qədim çap, 1-ci cild, səh. 109
وَ يُسْتَحَبُّ قَضَاءُ النَّوَافِلِ الرَّاتِبَةِ الْيَوْمِيَّةِ اسْتِحْبَابًا مُؤَكَّدًا وَ قَدْ رُوِيَ: أَنَّ مَنْ يَتْرُكْهَا تَشَاغُلاً باِلدُّنْيَا لَقِيَ اللهَ مُسْتَخِفًّا مُتَهَاوِنًا مُضِيعًا لِسُنَّةِ رَسُولِ اللهِ ص فَإِنْ عَجَزَ عَنِ الْقَضَاءِ تَصَدَّقَ عَنْ كُلِّ رَكْعَتَيْنِ بِمُدٍّ فَإِنْ عَجَزَ فَعَنْ كُلِّ أَرْبَعٍ فَإِنْ عَجَزَ فَعَنْ صَلاَةِ اللَّيْلِ بِمُدٍّ وَ عَنْ صَلاَةِ النَّهَارِ بِمُدٍّ فَإِنْ عَجَزَ فَعَنْ كُلِّ يَوْمٍ بِمُدٍّ وَ الْقَضَاءُ أَفْضَلُ مِنَ الصَّدَقَةِ