Please Wait
6518
Bir çox ayələr göstərir ki, cinlər də insanlar kimi ilahi vəzifələrə (şəriət təkliflərinə) malikdir, öz əməl, rəftar və davranışları müqabilində cavab verərək əməllərinin əvəzini alacaqlar.[1] Allah-taala “Ər-Rəhman” surəsində insanlara və cinlərə xitab edərək buyurur:
وَ لِمَنْ خافَ مَقامَ رَبِّهِ جَنَّتان
“Öz Pərvərdigarının məqamına riayət (əmr və fərmanlarına əməl) edən şəxslər üçün iki behişt vardır.”[2]
Bu ayədə bu iki behiştin yalnız mömin insanlara məxsus olduğu heç bir vəchlə qeyd edilməmişdir. İmam Baqir (əleyhis-salam) buyurur: Allah-taala Adəmə vəhy etdi: “Mən cinləri və insanları Özümə pərəstiş etməkdən başqa bir məqsədlə yaratmamışam. Behişti Mənə ibadət və itaət edən, peyğəmbərlərimə tabe olanlar üçün xəlq etmişəm. Cəhənnəmi də Mənə qarşı kafir olan, itaətsizlik (asilik) və günah edənlər, peyğəmbərlərimə tabe olmayanlar üçün yaratmışam; belə şəxslərə necə əzab verəcəyimlə əlaqədar heç nədən çəkinmərəm.”[3]
Qeyd olunanlara diqqət yetirməklə belə nəticə almaq olar ki, yaxşı əməl sahibi olan cinlərin də yeri behiştdir. Amma “Təfsiri Qummi”də qeyd olunan[4] (və bunun ardınca da digər kitablarda nəql olunan) “cinlər fasiq (günahkar) şiələrlə birlikdə behiştlə cəhənnəm arasında olan bir bağda yerləşəcəklər” hədisinə gəldikdə isə, onun sənədi bir neçə cəhətdən düzgün deyildir, o cümlədən:
1. Bunun məzmunu çoxlu ayə və rəvayətlərlə təzadlıdır;
2. Bir rəvayətdə “alim belə bir mətləbi dedi” – deyə nəql olunur, amma bu alimin kim olması məlum deyildir. Buna əsasən, onun Məsum (əleyhis-salam)-a isnad verilməsi şübhəlidir.
3. Bu nəql mürsəl rəvayət olduğu üçün dinin külli meyarları ilə qarşılaşması mümkün deyildir.
[1] “Ən’am” surəsi, ayə: 130, “Ə’raf” surəsi, ayə: 38 və 179, “Əhqaf”, surəsi, ayə: 29-31, “Cin” surəsi, ayə: 14-16, “Zariyat” surəsi, ayə: 56
[2] “Ər-Rəhman” surəsi, ayə: 46
[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 2-ci cild, səh. 8, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il
[4] Əli ibni İbrahim, "Təfsiri Qummi”, 2-ci cild, səh. 300, Qum, 1404