Please Wait
6716
Bu barədə üç cür rəvayətlə qarşılaşırıq:
Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə şəhərindəki Rəzva dağı, yaxud Məkkə, yaxud da onun ətrafında yerləşən Zi-tuva adlı yerləri o həzrətin yaşayış yeri kimi bəyan edir.
Bu üç qisim rəvayətlər arasında heç bir təzad yoxdur. Çünki o həzrətin həyatı adi bir həyatdır, vaxtın çoxunda Mədinədə və Məkkədə olması, bəzi hallarda isə zərurət üzündən camaatdan uzaqlaşaraq dağlarda və səhralarda yaşaması mümkündür.
Bu barədə üç qisim rəvayət vardır ki, ilk baxışda və zahiri görünüşdə bir-biri ilə müxalif nəzərə çarpır:
a) Bəzi rəvayətlər o həzrətin yaşayış məskəni üçün xüsusi bir yer təyin etmir, o həzrətin yerinin çöllər, səhralar və dağlar olduğunu qeyd edir. Bu barədə İbni Məhziyarın rəvayətini qeyd etmək olar ki, Şeyx Tusi (rəhmətullahi əleyh) onu “Qeybət” kitabında nəql etmişdir.[1]
b) Bəzi rəvayətlər o həzrətin həyat və yaşayışı üçün müəyyən məntəqələri bəyan etmişdir. O cümlədən:
1. Mədinə və onun ətraf məntəqələri və ya Mədinənin ətrafında yerləşən Rəzva dağı.[2] Mərhum Şuştəri də bu barədə yazır: Mötəbər rəvayətlərdə deyilir ki, o həzrət böyük və kiçik qeybət dövrlərində Rəzva dağında yaşayır. Məhəmməd ibni Hənəfiyyənin iqamətqahının Rəzva dağında olmasına dair keysaniyyə firqəsinin təsəvvür və etiqadları bu dağın o həzrətin məkanı olmasına dəlil ola bilməz. Çünki keysaniyyə firqəsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən eşitdikləri və təvatür şəkilində nəql olunan “Məhdi üçün (uzun) bir qeybət dövrü vardır” hədisinə əsasən onu Məhəmməd ibni Hənəfiyyəyə tətbiq etmişlər. Ümumiyyətlə, hər bir azğınlıq, inhiraf və şübhənin mənşəyi sui-istifadəyə məruz qalan haqq bir mətləbdir.[3]
2. Məkkə və onun ətrafı. Bəzi rəvayətlərdən məlum olur ki, həzrət Məhdi (əleyhis-salam) Məkkənin ətrafında yerləşən Zi-tuva dağında yaşayır və oradan da öz köməkçiləri ilə birlikdə qiyam edəcəkdir.[4]
v) Üçüncü qisimdən olan rəvayətlər o həzrət üçün xüsusi bir yerin adını qeyd etmir, onlarda yalnız deyilir ki, o həzrət camaatla qaynayıb-qarışmışdır və onların arasında tanınmaz şəkildə yaşayır.[5]
Bu rəvayətlərə qısa şəkildə nəzər saldıqda başa düşürük ki, onların arasında heç bir uyğunsuzluq və təzad yoxdur. Çünki birinci dəstədən olan rəvayətlər o həzrətin camaat arasında adi şəraitdə, heç kəsin tərəfindən həssaslığa səbəb olmayacaq tərzdə yaşadığını qeyd edir. Bu yaşayış tərzi o həzrətin özü üçün də asandır. Əlbəttə, bunun həzrətin bir çox vaxtlarda Məkkədə və Mədinədə olması, bəzən zəruri işlər üçün camaatdan uzaqlaşıb dağlarda və səhralarda yaşaması ilə heç bir ziddiyyəti yoxdur.[6]
[1] Şeyx Tusi, “Qeybət”, səh. 266, “Çeşm be rahi Məhdi (əleyhis-salam)” kitabından nəqlən: səh. 348
[2] Şeyx Tusi, “Qeybət”, “Məktəbətu Bəsirəti” nəşriyyatı, səh. 102-103; “Biharul-ənvar”, 52-ci cild, səh. 156; “Üsuli kafi”, 1-ci cild, səh. 340
[3] “Həzrət Məhdi (əleyhis-salam) barəsində məqalə və çıxışların məcmuəsi”, səh. 64
[4] Nomani, “Qeybət” kitabı, səh. 182; “Çeşm be rahe Məhdi (əleyhis-salam)” kitabından nəqlən: səh. 350
[5] Nomani, “Qebət” kitabı, səh. 164. Bu rəvayətdən məlum olur ki, o həzrətin qeybdə olması ünvan xarakteri daşiyir.
[6] “Çeşm be rahi Məhdi (əleyhis-salam)”, səh. 347-351