Please Wait
9975
- bölüşdürülməsi
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həzrət Fatimədən başqa digər qızlarının olub-olmaması tarixi bir məsələdir. Aydındır ki, tarixi bəhslərin araşdırılmasının özünə məxsus metodları vardır ki, bu məsələnin isbat və ya inkarı üçün ayənin zahiri mənasına istinad etmək olmaz. Xüsusilə, diqqət yetirdikdə görürük ki, bir çox hallarda Quranın xitab üslubu bir nəfəri nəzərdə tutduğu halda cəm əvəzliyindən istifadə etməkdir. Tədqiqatçılar Quranda cəm əvəzliyindən və xitabından istifadə olunan bir çox ayələrin şəni-nüzuluna işarə etmişlər ki, onlarda məqsəd təkcə bir nəfərdir. O cümlədən: “Yetimlərin mal-dövlətini zülm və haqsızlıqla mənimsəyənlər (həqiqətdə) od yeyirlər, tezliklə cəhənnəm odunun şölələrində yanacaqlar” ayəsində “Yetimlərin mal-dövlətini zülm və haqsızlıqla mənimsəyənlər” cəm şəkilində gəlmişdir, halbuki bu ayənin şəni-nüzulu Mərsəd ibni Zeyd Ğətfani adlı bir nəfərdir. Həmçinin, “O kəslər ki, zülmə düçar olduqdan sonra Allah yolunda hicrət etdilər, bu dünyada onlara gözəl məqam verərik və axirət savabları ondan da böyükdür, əgər bilsəydiniz!” ayəsində deyilmişdir ki, bu ayə Əbi Cəndəl ibni Süheyl barəsində nazil olmuşdur. Bundan əlavə, çoxlu ayələri də qeyd etmək olar ki, onların ən aşkarı “mübahilə” ayəsidir. Allah-taala Peyğəmbərə buyurur ki, məsihilərə belə desin: “Gəlin, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı çağıraq.” Aydındır ki, bu ayədə “qadınlarımız” dedikdə təkcə Fatimeyi-Zəhra nəzərdə tutulur. Bu barədə (“mübahilə” məsələsində qadınlarımız dedikdə məqsədin təkcə Fatimə (əleyha salam) olduğu barədə) bütün müfəssirlər yekdil nəzərdədirlər. Deməli, Quranın xitab üslubuna nəzər yetirməklə sualda verilən məsələnin isbat və ya inkarı mümkün deyildir.
Bundan əlavə, Peyğəmbərin qızlarının sayı ilə əlaqədar tarixçilər və tədqiqatçılar arasında ixtilaf vardır. Onların bəziləri öz müddəalarını Quranın təkcə zahiri deyil, başqa rəvayətlərin varlığı ilə isbat etmişlər. Başqa bir şəxs – Seyid Amili onu inkar etmək üçün bu bölmədə olan rəvayətlərin arasında mövcud olan təzada istinad etmiş və bu barədə “Peyğəmbərin qızları, yoxsa rəbibələri” adlı ayrıca bir kitab da yazmışdır.[i]
[i] “Nisa” surəsinin 23-cü ayəsində rəbibələrə (ögey qızlara) işarə edilmişdir: “Sizin evinizdə olan rəbibələri – həyat yoldaşlarınızın (əvvəlki ərindən olan qızları)...”
Bu suala cavab verməzdən əvvəl mühüm bir məsələni qeyd etmək yaxşı olardı: hər elmin özünə məxsus tədqiqat üslubu və metodu vardır. Aydındır ki, bizim sualımız tarix və sirə ilə əlaqədardır, ona görə də bu elmin üslubunda tarixi rəvayətlərə istinad etməkdən əlavə, Quranın xitabda bəyan üslubunu da nəzərdə almalıyıq.
Buna görə də bu məsələni iki yöndə aparırıq: xitablarda Quranın üslubunun bəyanı və məsələnin rəvayət cəhətindən tədqiqi.
a) Xitablarda Quranın üslubu
Qurana müraciət edənlər görəcəkdir ki, bir çox hallarda tək şəxs barəsində cəm əvəzliyindən istifadə edilmişdir – ya onun özünə, ya da qarşı tərəfinə təzim edilməsi üçün bu yoldan istifadə olunur. Bu barədə Quran şahidləri olduqca çoxdur və bu ayələrin şəni-nüzulunda deyilən rəvayətlər də bu məsələni təsdiq edir. O cümlədən, aşağıdakı ayələr:
1. “Həqiqətən Quranı Biz nazil etdik və şübhəsiz, Biz də onu qoruyub saxlayanıq.”[1]
2. “Əgər Biz istəsəydik, hər insana lazım olan hidayəti (məcburiyyət üzündən) verərdik.”[2]
3. “Biz yeri və onun üzərində olan insanların hamısını irs aparacağıq.”[3]
Mərhum Şeyx Tusi bu barədə buyurur: Quranda bu cür (cəm əvəzliyindən) işlənmə yerləri şəxsin çox yüksək məqama malik olduğu hallardadır.[4]
Bir çox digər ayələrin şəni-nüzulu xüsusi şəxslər olsa da, cəm şəkilində qeyd edilmişdir, o cümlədən:
1. “Yetimlərin mal-dövlətini zülm və haqsızlıq üzündən mənimsəyənlər (həqiqətdə) od yeyirlər”[5] Müqatil deyir ki, bu ayə Mərsəd ibni Zeyd Ğətfavinin barəsində nazil olmuşdur.
2. “Allah sizi, din yolunda sizinlə müharibə etməyən, ev-eşiyinizdən və ölkənizdən qovmayan şəxslər barəsində ədalətə riayət etməyi qadağan etmir.”[6] Əhli-sünnətin hədis alimləri demişlər ki, bu ayə Əbu Bəkrin qızı Əsmanın barəsində nazil olmuşdur. Belə ki, anası Qətilə (Əbdül-Üzanın qızı) müşrik olan halda ona hədiyyə gətirdi, bu zaman Əsma dedi: “Hədiyyələri qəbul etmirəm və Peyğəmbərdən icazə alıncaya qədər evə daxil olma!” Bundan sonra Peyğəmbərdən soruşdu və yuxarıdakı ayə nazil oldu.[7]
3. “Səfeh adamlar dedilər: “Nə üçün Allah bizimlə danışmır?! Və ya nə üçün bizə ayə və nişanə gəlmir?!”[8] Bu ayə Rafe ibni Hüreymələnin barəsində nazil olmuşdur. Məhəmməd ibni İshaq nəql edir ki, İbni Abbas dedi: Rafe Peyğəmbərə dedi: “Ey Məhəmməd! Dediyin kimi, əgər sən Allahın peyğəmbərisənsə, onda Allahına de, bizimlə danışsın, səsini eşidək!” Sonra Allah bu ayəni nazil etdi.[9]
4. “O kəslər ki, Allahın kitabını tilavət edir və namaz qılırlar.”[10] Deyilmişdir ki, bu ayə Əbdül-Müttəlibin oğlu Harisin oğlu Hüseynin barəsində nazil olmuşdur.[11]
5. “O kəslər ki, Allah yolunda zülmə düçar olduqdan sonra hicrət edilər, bu dünyada onlar üçün gözəl məqam verərik...”[12] Bu ayə Əbi Cəndəl ibni Süheylin barəsində nazil olmuşdur.[13]
6. “Bunlar həmin kəslər idilər ki, camaatın bəzisi onlara “camaat (düşmənin ordusu) sizə (hücum etmək üçün) bir yerə yığışmışdılar” dediyi zaman...”[14] Bu ayədə cəm şəkilində ifadə oluna şəxs Nəim ibni Məsud Əşcəi idi.[15]
7. “Səndən “nə infaq edək?” - deyə sual edirlər.”[16] Bu ayə Əmr ibni Cəmuhun barəsində nazil olmuşdur.[17]
8. “Başqa bir qrup da öz günahlarına etiraf edirlər.”[18] Bu ayə Əbi Lübabə Ənsarinin barəsində nazil olmuşdur.[19]
9. “Onlar deyirlər: “Əgər Mədinəyə qayıtsaq, əzizlər zəlilləri oradan çıxaracaqdır.”[20] Bu sözü deyən bir nəfərdir: Əbdüllah ibni Übey.[21]
Bu qəbildən olan ayələr olduqca çoxdur və bu bölməni mübahilə ayəsi ilə sona çatdırırıq.[22]
10. “(Ya Peyğəmbər, Nəcran məsihilərinə) de: Gəlin biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı; biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın...”[23] Sünnü və şiə alimlərinin nəzərində qəti bir məsələdir ki, bu ayədə deyilən “qadınlarımız” kəlməsindən məqsəd təkcə həzrət Fatimeyi-Zəhra (əleyha salam)-dır.[24]
Bəyan olunan məsələlərə diqqət yetirməklə və Allahın kəlamında deyilən “sənin qızların” ifadəsinə istinad edərək Peyğəmbərin birdən artıq qızı olduğunu isbat etmək olmaz və Quranın üslubu bu barədə bizə kömək etmir. Çünki mübahilə ayəsində deyildiyi kimi, məqsədin həzrət Fatimə olması və onu təzimlə yad etmək üçün cəm şəklində xitabdan istifadə edilməsi mümkündür.
Bu məsələnin rəvayət baxımından tədqiqi
İslam tədqiqatçıları bu məsələ barəsində ixtilafa düçar olmuşlar. Onu inkar edənlərdən biri Əllamə Seyid Cəfər Mürtəza Amilidir ki, özünün “Əs-səhihu minəs-sirə” kitabında bu məsələni araşdırmış və bu barədə “Bətanun-Nəbi, əm rəbaibuh” adlı ayrıca bir kitab da yazmışdır ki, ona müraciət edə bilərsiniz. O cənab bu məsələni bütün yönləri ilə birlikdə araşdırdıqdan sonra nəticə alaraq buyurur: Keçən mətləblərdən aydın olur ki, Osmanın izdivac etdiyi Rüqəyyə Peyğəmbərin qızı deyildir... Əgər tarixi rəvayətlər barəsində daha dəqiq mühakimə yürütmək istəsək, (Peyğəmbərin Xədicədən birdən artıq qızı olması fərzi ilə) gərək qəbul edək ki, onlar uşaqlıq yaşlarında və bir kəslə izdivac etmədən dünyadan getmişlər. Osmanın əvvəlcə Rüqəyyə və ondan sonra Ümmü Külsüm adlı qızla evlənməsinə gəldikdə isə, onlar adda Peyğəmbərin qızlarına oxşasalar da, o həzrətin qızları deyirdilər. Bəlkə də Osmanın iki həyat yoldaşı ilə Peyğəmbərin besətdən qabaq dünyaya gələn və uşaqlıq vaxtlarında dünyadan gedən iki qızı arasında ad oxşarlığı nəticəsində bəziləri belə bir səhvlərə düçar olmuş və ya onların “o iki qız (Osmanın iki həyat yoldaşı olan Rüqəyyə və Ümmü Külsüm) Peyğəmbərin qızları idi” deyə iddia etməsinə səbəb olmuşdur. Həmçinin, Osmanın iki həyat yoldaşının Peyğəmbərin rəbibəsi (ögey qızı) olması ehtimalı bu şübhəni daha da gücləndirmişdir. Çünki ərəblərin məşhur adətinə görə onlar ögey qızı (rəbibəni) doğma qız hesab edirdilər.[25]
Biz Seyid Amilinin sözlərini təsdiq və ya rədd etmək məqamında deyilik. Çünki ondan əvvəl bir çox tədqiqatçılar Osmanın Peyğəmbərin kürəkəni olmasını və Peyğəmbərin birdən artıq qızı olmasını qəbul etmişlər. Amma biz bəhsimizi bu məsələ üzərində təmərküzləşdiririk ki, qeyd olunan ayə təklikdə Peyğəmbərin birdən artıq qızı olmasının isbatı üçün istinad yeri ola bilməz.
Burada bir məsələni də qeyd etmək yaxşı olardı: Ayələrin filan kişi və ya filan qadın barəsində nazil olmasını dediyimiz zaman məqsədimiz onların hamısını dəstəkləmək deyildir, əksinə buna görə zikr etdik ki, Quranın tutduğu üslubu – bəzi hallarda tək bir nəfər üçün cəm əvəzliyindən istifadə etməsini bəyan edək. Bu da sabit və düzgün bir üslubdur, əhli-sünnət tədqiqatçıları və təfsir alimləri də ona etiraf etmişlər. Deməli, əgər bir kəs Osmanın Peyğəmbərin kürəkəni olmasını isbat edərək onun üçün bir fəzilət düzəltmək istəsə, bu ayələrə istinad edə bilməz; əksinə bu bölmədə olan rəvayətlərdə tədqiqatdan ibarət olan başqa bir yolu da ötməlidir.
[1] “Hicr” surəsi, ayə: 9
[2] “Səcdə” surəsi, ayə: 13
[3] “Məryəm” surəsi, ayə: 40
[4] Şeyx Tusi, “Rəsailul-əşr (onluq təşkil edən risalələr)”, səh. 33
[5] “Nisa” surəsi, ayə: 10
[6] “Mümtəhinə” surəsi, ayə: 8
[7] “Səhihi Buxari”, 2-ci cild, səh. 924, hədis 2477; “Səhihi Müslim”, 2-ci cild, səh. 39, hədis 50; “Müsnədi Əhməd”, 7-ci cild, səh. 483, hədis 26375; “Əl-camiu li əhkamil-Quran”, 18-ci cild, səh. 40
[8] “Bəqərə” surəsi, ayə: 118
[9] “Təfsiri İbni Kəsir”, 1-ci cild, səh. 161
[10] “Fatir” surəsi, ayə: 29
[11] “Əl-isabə” 1-ci cild, səh. 336
[12] “Nəhl” surəsi, ayə: 41
[13] İbni Əsakir, “Tarixu mədinəti Dəməşq”, 8-ci cild, səh. 668
[14] “Ali-İmran” surəsi, ayə: 173
[15] “Əl-camiu li əhkamil-Quran”, 4-cü cild, səh. 178; “Təfsiru İbni Kəsir”, 1-ci cild, səh. 430; “Təfsiri xazin”, 1-ci cild, səh. 360
[16] “Bəqərə” surəsi, ayə: 215 və 219
[17] “Əl-camiu li əhkamil-Quran”, 3-cü cild, səh. 26
[18] “Tövbə” surəsi, ayə: 102
[19] “Əl-camiu li əhkamil-Quran”, 8-ci cild, səh. 154
[20] “Münafiqun” surəsi, ayə: 8
[21] “Müsnədi Əhməd ibni Hənbəl”, 3-cü cild, səh. 392
[22] Bu ayəni ona görə təxirə saldıq ki, bəyan etmək istədiyiniz məsələ ilə uyğun gəlsin.
[23] “Ali-İmran” surəsi, ayə: 61
[24] “Səhihi Müslim”, 15-ci cild, səh. 176 və s.
[25] “Bənatun-Nəbi, əm rəbaibuh”