Please Wait
6546
إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” ayəsində “səqil” – ağır kəlam Qurani-kərimdir. Müfəssirlər bu “ağır kəlam”ın təfsiri ilə əlaqədar müxtəlif bəyanlar versə də, bu nəzəriyyələrdən hər biri məsələnin bir yönünə işarə edir. Belə nəzərə çarpır ki, Quran-məcid müxtəlif yönlərdən ağır ola bilər: ayələrin məzmun və möhtəva cəhətindən ağır olması, qəlblərin ona dözə bilməsi baxımından ağırlıq, dəvət yolunda mövcud olan problemlər və təbliğ cəhətindən ağırlıq, proqram tökülməsi, icra edilməsi və sair nəzərdən ağırlıq və s.
“Siql” (ağırlıq) cisim üçün xüsusi bir vəziyyətdir. Onun xassəsi budur ki, belə bir cismi bir yerdən başqa yerə daşımaq, yerini dəyişdirmək çətindir. Çox hallarda istiarə ünvanı ilə həmin kəlmə cisimdən qeyri hallarda, məsələn mənəvi məsələdə də istifadə olunur. Misal üçün, deyilir ki, “bugünkü dərs çox ağır idi”. Yəni onun dərk olunması şagirdlər üçün çox çətin idi. Yaxud deyirlər ki, “bu gün çıxışın hamısı dəqiq elmi nəzəriyyələr idi və avam camaat üçün dərk olunması ağır idi”. Bu kimi təbirlərdə “ağırlıq” cisimdən başqa şeylərdə istifadə olunmuşdur. Dərk olunması çətin olan mənəvi işlərdə, habelə dərk olunması çox çətin olan həqiqətlərdə, yaxud əməl edilməsi və yerinə yetirilməsi çox çətin olan əmr və fərmanlarda da işlədilir.
İlahi kəlam olan Qurani-kərim iki cəhətdən – mənanın dərk edilib düşünülməsi və maariflərin gerçəkləşdirilməsi baxımından səqildir – ağırdır. Mənalarının başa düşülməsinin çətinliyinin səbəbi onun ilahi kəlam olması və Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in onu mütəal Allahdan almasıdır. Aydındır ki, belə bir kəlamı yalnız pak-pakizə ruhlar, hər növ zahiri və batini aludəlikdən, çirkinlikdən uzaq olan, Allahdan qeyri hər bir səbəbdən ümidini kəsən və yalnız səbəblərin səbəbi olan Sübhan Allaha ürək bağlayan nəfslər və qəlblər başa düşə bilər. Bu ilahi kəlamın, əziz kitabın zahiri və batini, tənzili və təvili vardır. Hər bir şeyin bəyanı ondadır. Quranın Peyğəmbərin ruhuna göstərdiyi ağırlıq o həzrətin fiziki vəziyyətində də müşahidə olunur, vəhyi alan zaman necə qeyri-adi vəziyyətin baş verdiyini hamı bilirdi.
Amma maarifinin həqiqətinə gerçəklik bağışlamaq baxımından, yəni tövhid, etiqadi maariflər və əxlaqi yönləri özündə tətbiq etməsi də ağırdır. Onun bəyan məqamında ağır olmasını Quranın özü belə buyurur:
لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى جَبَلٍ لَرَأَیْتَهُ خاشِعاً مُتَصَدِّعاً مِنْ خَشْیَةِ اللَّهِ...
“Əgər Biz Quranı dağa nazil etsəydik, Allahın qorxusundan onun xaşe (zəlil) və parça-parça olduğunu hökmən görərdin.”[1]
Deməli, dağlar belə Quranın nazil olmasına tab gətirə bilməzlər. Əgər dağa nazil olsaydı, Allahın qorxusundan parça-parça olardı.
Qurani-Kərim təkcə bu iki cəhətdən ağır deyil, üstəlik onun cəmiyyətdə tətbiq edilməsi, camaatın hənif dininin mərasimlərini qəbul etməsi və bu hənif dinin sair səmavi dinlərə qələbə çalması baxımından da ağırdır. Onun ağır olmasının şahidləri həzrət Peyğəmbərin Allah yolunda dözdüyü, sinə gərdiyi müsibətlər və xoşagəlməz hadisələr idi. Qurani-kərim də müşriklər, kafirlər və münafiqlər tərəfindən o həzrətə verilən müxtəlif əzab-əziyyətləri, o həzrəti istehza etmələrini hekayət edir, buna görə də buyurur:
إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلًا ثَقِیلًا “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik.” Burada “ağır kəlam” Qurani-əzimdən ibarətdir.
Buna əsasən “qovlən səqila” sözünün təfsirində müfəssirlərin hər biri müəyyən bəyan versə də, bu nəzəriyyələrin hər biri məsələnin bir yönünə dəlalət edir. Belə nəzərə çarpır ki, Qurandan ibarət olan bu “ağır kəlam” müxtəlif yönlərdən ağırdır. Möhtəva və məzmun, ayələrin məfhumu, qəlblərin onun qarşısında dözə bilməsi baxımından ağırlıq, təbliğ cəhətindən ağırlıq, dəvət yolunda mövcud çətinliklər, proqram tökülməsi və icra edilməsi cəhətindən ağırlıq və sair.[2]
[1] “Həşr” surəsi, ayə: 21
[2] Bax Təbatəbai, Seyid Məhəmməd Hüseyn (rəhmətullahi əleyh), “Əl-mizan” (farsa tərcüməsi, mütərcim: Musəvi Həmədani, Seyid Məhəmməd Baqir), 2-ci cild, səh. 97, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 25-ci cild, səh. 160-170, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il