Please Wait
6483
Hermonotik kəlməsi iki termində işlənir:
a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur.
b) Xüsusi termin: Xüsusi termində bu kəlmə yalnız xüsusi keyfiyyətə şamildir və o, mətnin mənasının dinləyicilərə hakim olan mədəni fəzaya bağlı olduğunu qələmə verən bəhslərə nəzər yetirir.
Ümumi mənada olan hermonotik həqiqətdə mətnin yaranması ilə eyni zamanda əmələ gəlmişdir və onun tarixi bəşər mədəniyyətinin tarixi qədərdir. Lakin hal-hazırda hermonotik adlanan və qərb ölkələrində müstəqil bir elm ünvanı ilə irəli çəkilən şey təqribən üç əsr bundan öncə yaranmışdır.
Buna əsasən deyilir: Hermonotik dedikdə əsas hədəf elə bir üslub irəli çəkməkdir ki, onun vasitəsi ilə müfəssir müəllifin məqsəd və hədəflərini düzgün şəkildə əldə edə bilsin. Buna görə də bu nəzəriyyədə deyilmişdir ki, təfsirin əsası kimi beş müqəddimə fərz olunur:
1. Müfəssirin ilk məlumatı, yaxud ilk düşüncələri;
2. Müfəssirin hidayətedici maraqları və təvəqqeləri;
3. Tarixdən sorğu;
4. Mətnin mənasının mərkəz və məğzini, habelə bütün mətləblərin bir yerə cəm olduğu mehvərin əsl nəzərini kəşf etmək;
5. Müfəssirin tarixi üfüqlərində mətnin mənasının tərcüməsi.
Hermonotik məsələsi, yəni “mətnin düzgün dərk olunmasında müqəddimələrin təsiri” mənasına olan bu məsələ Kantdan təsirlənmişdir. Onun əqidəsinə görə xarici aləmlə (zehin arasında) birbaşa əlaqə mövcud deyildir. Çünki mərifət və agahlıq xaricdən və zehindən təsirlənmədən və bu ikisinin tərkibindən ibarətdir.
Nisbilik nəzəriyyəsində olduğu kimi, hermonotik nəzəriyyəsi tərəfdarları inanır ki, müqəddəs mətnlər barəsində mütləq (qeydsiz-şərtsiz) və vahid bir çıxarış mövcud deyildir. Çünki müfəssirin mövqeyi və müqəddimələr onların düşünülməsində təsir qoyur. Buna görə də hər kəs qərarlaşdığı özünə məxsus şəraitlərin tələbinə uyğun olaraq müqəddəs mətnləri təfsir və onlardan müəyyən çıxarışlar əldə edir. Buna əsasən hermonotik əslində nisbiliyin nəticəsidir. Necə ki, hermonotikin nəticəsi də dini püloralizmdir.[i]
Hermonotik nəzəriyyəsinin bəzi mənfi nəticələri aşağıdakılardan ibarətdir:
1. Vahid bir mətndən müxtəlif çıxarışların əldə edilməsinin mümkünlüyü və vahid bir meyarın mövcud olmaması;
2. İnhirafçı və azğın firqələrə etibar vermək;
3. Şəxsi rəy əsasında olan təfsirə etibar və dəyər vermək;
4. Dini təfsirlərdə nisbiliyi qəbul etmək;
5. Dini mətnlərdən dəqiq və səhih düşüncənin əldə edilə bilməməsi.
Bu cəhətdən hermonotik nəzəriyyəsi çoxlu əsaslı problem və iradlarla qarşılaşır. Çünki nə ilahi dinlər bu nəticələri qəbul edirlər, nə də bəşəriyyətin hidayətindən ibarət olan ilahi dinlərin məqsədləri ilə uyğun deyildir. Bundan əlavə, alimlərin və nəzər sahiblərinin nöqteyi-nəzərindən dini mərifət müəyyən çərçivəyə malikdir, müəyyən prinsiplərə tabedir. Əgər dini mətnlərin düşünülməsindən hasil olan nəticələrdə müəyyən ixtilaf olsa da, bunu mülahizə edirlər ki, əvvəla, bu ixtilaflar bütün prinsiplərə riayət edilmədiyinə, yaxud bəzi əsaslarda və görüşlərdə ixtilafın olduğuna görədir. İkincisi, bu ixtilaflar əsas prinsiplərdə deyil, təfərrüatdadır.
Hermonotikin məfhumu
“Hermonotik” kəlməsi qədim Yunanıstanda olan “Hermos” adlı ilahəyə etiqaddan götürülmüşdür. Hermos sərhədlərin ilahəsi və məbudlarla camaatın arasında bir vasitə, sözün xaliqi, ilahələrin istəklərinin camaat üçün təfsir olunma vasitəsi idi. Buna görə də hermonotik lüğətdə “təfsirə bağlılıq” mənasına gəlmişdir.[1] İstilahda isə, “mətnin təfsiri və onun düşünülməsi” barəsində olan bəhslər məcmuəsinə şamildir.[2]
Amma bu ibarədə “təfsir”[3] və “mətn” hansı mənayadır? Təfsir nəzərdə tutulan mənanın əldə edilməsi və danışanın istəyinin kəşf və bəyan olunmasıdır. Bunun təvil (yozum) ilə fərqi vardır. Çünki təvil – sözün mənasının köklərini və sayələrini kəşf (aşkar) etmək mənasınadır. Bu təbirdə “mətn” arxasında müəyyən bir mətləb və məfhum gizlənmiş olan hər bir şeyə şamildir. Buna əsasən, təkcə yazılara deyil, hətta (şifahi) kəlama və hər bir incəsənət əsərinə, o cümlədən rəssamlıq əsərinə, musiqi əsərinə, kinoya və s. kimi şeylərə də aid olur. Bəzi hallarda da (Haydgerin bəhslərində müşahidə olunduğu kimi) mətnin mənası çox geniş səviyyədə götürülərək, əyani aləmə də şamil olur. Belə olan halda hermonotik özünün təfsir hövzəsindən xaric olur, fəlsəfə və varlıqşünaslıq hüdudlarına qədər genişləndirilir.
Deməli, mətnin təfsiri ilə əlaqədar olan hər bir bəhs, müəllifin nəzərdə tutduğu şeylərin (mənanın) kəşf olunması istiqamətində nəzərdə tutulan prinsiplər və qayda-qanunlar, mətnin son və yekun mənasını əldə etmək, yaxud belə şeylərin varlığını inkar etmək üçün mövcud olan hər bir bəhs hermonotik bəhslər çərçivəsində qərarlaşır. Ümumi termində hermonotik adlanan bu məna bütün təfsir üslublarına şamildir. Bu baxışda hətta islam elmiyyə hövzələrində rəvacda olan mədəniyyətdə – üsul elmində “kəlmə” ilə əlaqədar mövcud olan bəhslər də hermonotik bəhsləri kimi qələmə verilə bilər – hətta “elm” ünvanı ilə müstəqil şəkildə irəli çəkilməsə də, habelə digər çoxlu bəhslərə şamil olan üsul elminin daxilində bəyan olunsa da. Bu termində hermonotik həqiqətdə mətnin yaranma vaxtından etibarən vücuda gəlmişdir və onun tarixi bəşər mədəniyyətinin tarixi qədərdir.
Amma hal-hazırda “klassik hermonotik” adı ilə irəli çəkilən, özünü bir növ müstəqil elm hesab edən və qərbdə də həmin adla məşhurlaşan məsələnin çox keçmişi yoxdur: o, son yüzilliklərdə vücuda gəlmişdir.
Qeyd etmək lazımdır ki, bəzən (xüsusilə hazırkı mədəniyyətimizdə) hermonotik kəlməsi bir sıra xüsusi təfsir üslublarına aid edilir. Bunun müqabilində sair təfsir üslublarını hermonotik ünvanı ilə qeyd etmirlər. Bu üslubda bəhslərin xülasəsi və nəticəsi bundan ibarətdir: vahid bir mətn müxtəlif mədəniyyət və sünnətlərin cərəyanında bir-birindən fərqli olan müxtəlif çıxarışlara malikdir və o mədəniyyətlərin fəzasına münasib olan bir mənanı dinləyicilərə təqdim edir. Həqiqətdə dinləyicilər, onların zehni fəzaları və mədəni şəraitləri mətnlərə (düzgün) məna verir. Buna görə də bir kəs mətndən nəyi başa düşürsə, əgər onun mədəni fəzası ilə mütənasib olarsa, düzgün olacaqdır. Çox hallarda dinləyici müəllifdən də yüksəyə qalxır və mətn barəsində daha dolğun düşüncəyə malik olur! Hermonotikdə bu termin və üslubun yaranma tarixi və 19-cu əsrin axırlarına və 20-ci əsrin əvvəllərinə qayıdır. Bu təfəkkür Qadamerin rəylərində özünün yüksək nöqtəsinə çatmışdır və hal-hazırda qərbdə onun çoxlu tərəfdarları vardır.
Bu kiçik məqalədə həmin terminlərin hamısını izah etmək mümkün olmadığına görə onlara qısa işarə edəcəyik. Hermonotik bəhsləri ilə əlaqədar ətraflı məlumatı böyük kitablardan əldə etmək olar. Burada “İctihadın kəlam əsasları” adlı kitab özünə məxsus rol ifa edir.[4]
Mətnin təfsiri bu müqəddiməyə əsaslanır ki, hər hansı bir mətnin oxunması, yaxud sözün eşidilməsi – kəlmələrin və cümlələrin dəlalət etdiyi şeylər məlum olsa da, mətn və söhbətin özündə ehtiva etdiyi və gizlətdiyi şeylər onların özündə aşkar olmur və bu məsələ yalnız gizlində olan şeyləri təfsir etməklə aydınlaşır.[5] Hər bir mətnin mənası gizlin bir gerçəklikdən ibarətdir ki, təfsir vasitəsi ilə aşkar olmalındır və həqiqətdə mətn təfsirin vasitəsi ilə dilə gətirilir.[6]
Mətnlərin təfsirində beş məsələ təfsirin əsası və müqəddiməsi ünvanı ilə bəyan olunur ki, qısa şəkildə aşağıda qeyd edirik:
1. Müfəssirin öncədən bilməli olduğu şeylər; təkcə mətnlərin təfsirində yox, hətta hər bir digər elmi tədqiqatda da müfəssir və tədqiqatçının belə bir müqəddiməyə ehtiyacı vardır və bu olmadan mətnin təfsiri və ya elmi tədqiqat mümkün deyildir.
2. Müfəssirə yol göstərən bağlılıqlar və təvəqqelər; Müfəssirin şəxsən özünün mətn barəsində sual etməyə və onu başa düşməyə vadar edən bağlılıqları və təvəqqeləri mətnin düzgün düşünülməsinin əsasını təşkil edən müqəddimələrdəndir. İnsan hər bir sualı müəyyən təvəqqe və bağlılıq üzündən irəli çəkir, bu təvəqqe və bağlılıqlar da mütləq sualının əsasını təşkil edən əvvəlki məlumatlarına mütənasib olmalıdır.
3. Tarixdən soruşmaq: Tarixdən sorğu – mətni icad edən şəxsin fikirləri barəsində tədqiqat aparmaq, dinləyicilərə başa salmaq istədiyi şeyləri dərk etməkdən ibarətdir. Bu mərhələdə tarixi tədqiqatla bəzi məsələlərin düzgünlüyü aydın olur. Misal üçün, hansı bağlılıq və təvəqqelərin müəllifi həmin mətni yazmağa sövq etməsi, hansı tarixi şəraitdə və vəziyyətdə danışması, dinləyicilərinin tarixi vəziyyət və şəraitinin necə olması və s.
4. Mətnin məna mərkəzinin və məğzinin kəşf edilməsi: Məqsəd elə əsaslı nəzəriyyədir ki, mətnin bütün mətləbləri onun mehvəri əsasında tənzim olunur. Bu əsl nəzəriyyə kəşf olunmalı və bütünlükdə mətnin mətləblərinin hamısı o görüşlər əsasında başa düşülməlidir. Mənanın mərkəzinin kəşf olunması müfəssirin sualları və təcrübələrindən müəyyən qədər təsirlənir. Belə olan halda müfəssirlərin hər biri digərindən fərqli olan təcrübə və suallarından təsirlənə bilər, mətnin mənasının mərkəzi başqa yollardan əldə edilən mənalara nisbətən fərqli ola və müfəssir tərəfindən fərqli şəkildə düşünülə bilər, nəticədə bir mətndən bir-biri ilə fərqli olan müxtəlif çıxarış və düşüncələr əldə edilə bilər.
5. Müfəssirin tarixi üfüqlərində mətnin mənasının tərcüməsi: Hermonotik nəzəriyyəsinə inananlar deyirlər ki, müfəssir ilə mətni icad edən (yazan) şəxsin əsri və tarixi zamanı bir-biri ilə fərqli olarsa, təfsir müfəssirin təcrübəsi və onun verdiyi nəticələr əsasında olunacaqdır. Bu təfavüt və fərqlilik də insanın tarixi varlıq olmasından qaynaqlanır. Müxtəlif mədəniyyətlər, həmçinin müxtəlif dünya görüşlər, dinlər və s. öz növbəsində müxtəlif təcrübələri tələb edir. İnsanın ibtidai həyata malik olduğu və təbiət qanunlarına məhkum edildiyi bir dövrdə onun özü, ətraf mühiti və dünya ilə əlaqədar təcrübəsi, şübhəsiz, təbii qüvvələrə hakim kəsildiyi və inkişaf etdiyi hazırkı əsrlə müqayisədə onun özü və ətrafındakı aləmdən əldə etdiyi təcrübədən fərqlidir.[7]
Mətnin düşünülməsində müqəddimələrin təsiri mənasına olan hermonotik məsələsi Kant fəlsəfəsindən təsirlənmişdir.[8] Onun etiqadına görə xarici aləmdəki əşyalar öz-özlüyündə bizim nəzərimizdə (zehnimizdə) olan əşyalardan tamamilə fərqlidir. Çünki bizim dünya barəsindəki agahlıq və mərifətimiz xariclə zehnin arasındakı tərkibin düşünülməsindən ibarətdir. Xarici aləm duyğu üzvlərinin vasitəsi ilə zehnə daxil olur, sonra zehni qaliblərdə qərarlaşır və elm əmələ gəlir. Mərifət həqiqətdə zehinlə xarici aləmin qarşılıqlı əlaqəsinin nəticəsidir. Bizim xaricdən əldə etdiyimiz şeylər xaricdə yoxdur. Çünki mərifət və agahlıq zehinlə xaricin tərkibindən ibarətdir. Buna əsasən, xarici həqiqətlərin tanınması üçün öz-özlüyündə heç bir yolumuz yoxdur.
Nisbiliklə hermonotik arasındakı əlaqə
Nisbiliklə hermonotik arasındakı əlaqə onun nəticələrindən aydın olur. Çünki nisbilik deyir ki, mütləq və həqiqi mərifət mövcud deyildir, mütləq gerçək aləmə yol yoxdur. Hermonotik də deyir ki, mətnin dərk olunması nisbidir və hər bir mətn barəsində bir-biri ilə fərqli olan müxtəlif çıxarışlar əldə edilə bilər; hansı çıxarışın gerçəkliklə müvafiq olmasını demək olmaz. Buna əsasən, bütün təfsirlər malik olduqları ixtilaflarla belə, müştərək səhih cəhətə malikdir.
Başqa sözlə desək, nisbiliklə hermonotikin nəticəsi bəşərin məlumatları ilə əlaqədar şəkkdir. Bu fərqlə ki, nisbilik bəşərin bütün elmlərində və onun xariclə əlaqəsindədir, amma hermonotik aşağısı bəzi mətnlərin təfsiri, bəzi təbirlər, xüsusilə müqəddəs mətnlərlə əlaqədardır və nisbiliyin nəticəsidir.
Hermonotikin tənqidi[9]
Nisbiliyin nəticəsi və sofistika məktəbinin hasili olan hermonotikin çoxlu mənfi nəticələri vardır ki, onların bəzilərini qeyd edirik:
1. Eyni bir şeydən müxtəlif çıxarışların mümkünlüyü, bir təfsirin digər təfsirdən üstünlüyünü ayırd etmək üçün heç bir meyarın olmaması;
2. Bütün inhirafçı və azğın firqələrə etibar vermək. Çünki firqələrin hamısı din barəsində öz təfsirlərinin sairlərdən üstün olduğunu iddia edirlər və onların azğın olması üçün heç bir meyar da mövcud deyildir;
3. Şəxsi rəy əsasında olan təfsirə etibar vermək; çünki təfsirdə ümumi bir meyar yoxdur.
4. Dini təfsirlərdə nisbilik;
5. Dini mətnlərdə əyani və səhih düşüncənin əldə edilməsinin qeyri-mümkünlüyü.
Bu nəticələr heç vaxt qəbul edilə bilməz. Çünki əvvəla: İlahi dinlər din barəsində hər növ təfsiri qəbul etmir.[10] İkincisi, bu halda Xaliqin və peyğəmbərlərin kəlamında puçluq və əbəslik lazım gəlir. Çünki peyğəmbərlər insanların zəlalətdən haqqa doğru hidayət edilməsi, haqq yolunun göstərilməsi və onların həqiqi kamala çatdırılması üçün göndərilmişlər. Əgər dindən hər növ çıxarış və təfsir düzgün olarsa və bir təfsirin sairlərdən üstün olması üçün heç bir meyar olmazsa, onda hər bir əqidə və üslub səhih olacaq, nəticədə bütpərəstlik də tövhid və yeganəpərəstliklə yanaşı səhih olacaqdır. Bu da şəriət sahibinin nəzərdə tutduğu məqsədlə ziddir və məqsədin əksinə hərəkət etmək mütləq Həkim (hikmət sahibi) üçün qeyri-mümkündür.[11]
Bundan əlavə, nəzər sahiblərinin dini agahlıq və mərifəti dini məqulələrdə (kateqoriya) və məfhumlarda tam aşkar şəkildə və əsl mənbələrə əsasən, o cümlədən müqəddəs mətnlərin təfsiri və düşünülməsi kimi işlərdə dini təcrübələrə, əqli idraklara müraciət etməklə baş verir. Əlbəttə, tövhid dinlərində müqəddəs mətnlər əsas rol və mehvər ifa edirlər.[12] Bu prinsiplərə və qayda-qanunlara riayət etməklə biz qəti və yəqin əsasında olan nəticələr əldə edə bilərik. Bu da həqiqi mərifətin əldə olunmasını mümkün edir.
Dini fəhm və düşüncənin aydın olmasının əlamətləri
Diqqət yetirmək lazımdır ki, həqiqi mərifət əldə etmək mümkündür və müfəssir düzgün qayda-qanunlara və səhih şərtlərə riayət etməklə bu işi görə bilər.[13] Bəziləri dini düşüncənin düzgün üslub və səhih qayda-qanun əsasında olmasını ayırd etmək üçün müəyyən meyar və əlamətlər qeyd etmişlər, o cümlədən:
1. Bütün insanların arasında yayılması;
2. Xilqətdə köklərə malik olması;
3. Siyasi və coğrafi şəraitlərə tabe olmaması;
4. Müxalif təbliğatların müqabilində dini məfhumlarda sabitqədəm olmaq.
Dini maarifin düşünülməsinin də müxtəlif qayda-qanunları vardır. Bu barədə nəzər irəli sürmək istəyən hər bir şəxsin də gərək o qayda-qanunlar barədə kifayət qədər məlumatı olsun. Bu da təkcə dini mətnlərə məxsus deyil, əksinə bütün elmlərdə qüvvədədir. Aşağıdakı meyarlar həmin qayda-qanunların bəziləridir:
1. Qrammatik və sintaktik qaydalara tam agah olmaq, ayrı-ayrı kəlmələrin mənasını bilmək;
2. Ayənin ayə vasitəsi ilə təfsir olunmasına qadir olmaq;
3. Ayənin şəni-nüzuluna diqqət yetirmək; belə ki, bu, məqsədin daha yaxşı aydın olmasına səbəb olur.
4. Ayələrin təfsiri hesab olunan hədislərə müraciət etmək;
5. Müxtəlif qiraətlərlə tanış olmaq;
6. Ayənin düzümünə, ondan əvvəlki və sonrakı ayələrə diqqət yetirmək;
7. Quranın möhkəm və mütəşabih ayələrini nəzərə almaq, mütəşabih ayələrin təfsirində möhkəmlərdən kömək almaq.
8. Şəxsi rəy əsasında təfsirdən uzaq olmaq.[14]
Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə baxa bilərsiniz:
1. “İctihadın kəlam əsasları”, Hadəvi Tehrani, Məhdi, səh. 119-288
2. “Dini mərifətin əsasları”, Hüseynzadə, Məhəmməd, səh. 160-173
3. “Əsərlərinin külliyyatı”, Mütəhhəri, Mürtəza, 13-cü cild, səh. 343, 15-ci cild, səh. 419
4. “Fəlsəfə prinsipləri və realizm metodu”, 1-ci cild, səh. 98, 111-114
5. “Zehin” jurnalı, 19-cu nömrə, səh. 42-57
6. “Tənqid” jurnalı, 5 və 6-cı nömrələr, səh. 154
7. “Fəlsəfə təlimləri”, Misbah, Məhəmməd Təqi, 1-ci cild, səh. 145
8. “Mərifət nəzəriyyəsi”, Sübhani, Cəfər, səh. 227
[1] Başqa sözlə desək, bu kəlmə kök və mənşə baxımından Hermos (məbudların peyğəmbəri) kəlməsi ilə əlaqəsiz deyildir. Sanki müfəssir peyğəmbər kimi gətirilən ilahi kəlamın mənasını kəşf etmək məqsədi güdür. Deməli, hermonotikdə əsas məqsəd elə bir üslub təqdim etməkdir ki, onun vasitəsi ilə müfəssir müəllifin məqsəd və hədəflərinə nail olsun.
Sübhani, Cəfər, “Hermonotik”, səh. 7, “Qəbəsat” jurnalı, nömrə 17, səh. 3; Riçart Palmer, “Hermonotik elmi”, tərcüməçi: Hənai Kaşani, Məhəmməd Səid
[2] Mircea Eliadei. The Encyclopedia of Religion, Hermeneutics, Van A.Harvey. p. 279 - kurt Mueller - Vollmer, The Hermeneutics Reader. Philological Hermeneutics, Philip August Boeckn, Basil Blackwell, 1986, p. 134"
[3] Interpretation
[4] Hadəvi Tehrani, Məhdi, “İctihadın kəlam əsasları”, səh. 119-288
[5] Müctəhid Şəbistəri, Məhəmməd, “Kitab sünnət, hermonotik”, səh. 30
[6] Hermonotik barəsində müxtəlif təbirlər vardır, o cümlədən:
1. Müəllifin və danışan şəxsin təfəkkürünü kəşf etmək üçün mövcud olan qaydalara elm və agahlıq (Aqest Volf);
2. Düzgün olmayan, yaxud reallığa əks olan düşüncələr təhlükəsinin qarşısını almaq üçün istifadə olunan üslub (Şlayer Maxer);
3. Mətnlərin təfsiri cərəyanında düşüncənin (idrakın) əməliyyatı (Pol Riko);
Qeyd etmək lazımdır ki, yeni hermonotikdə 4 mühüm nəzəriyyə vardır ki, qısa şəkildə onlara işarə edirik:
1. Şlayer Maxerin nəzəriyyəsi: “Hermonotik – mətnlərin təfsiri ətrafında tədqiqat ünvanıdır. Hermonotik elmi – eşitmək fənnidir.”
2. Diltayın nəzəriyyəsi: “Hermonotik insani (humanitar) elmlər üçün bir əsas və bünövrə ünvanıdır.” Diltay hermonotiki təbiət elmləri müqabilində insani (humanitar) elmlər üçün əsas sistem və üslub ünvanı ilə qeyd edir.
3. Haydgerin nəzəriyyəsi: “Hermonotik hər növ düşüncə şəraitində dərindən mülahizə etməkdir.” Onun əqidəsinə görə bəşərə məxsus olan vücudun strukturunun özü hermonotik quruluşa malikdir ki, bizim hər növ mövzu əsasında təfsirlərimizə şərait yaradır. Yəni müqəddimələrin bizə qəbul etdirdiyi vəziyyət; biz də onları öz düşüncəmizə qəbul etdiririk.
4. Qadamerin nəzəriyyəsi: Haydgerə tabe olaraq o inanır ki, təfsir düşüncəni qəbul etməkdən sonra gəlir, müfəssirin etiqadları və fərziyyələri müqəddimə ünvanı daşıyır və düşüncənin müqəddiməsidir. Əşyalarla və mətnlərlə qarşılaşan zaman müfəssirin görüş üfüqləri normal hala düşür, heç bir əyani (gerçək) və yekun təfsir mövcud deyildir. Buna görə də biz heç vaxt öz təfsirimizin səhih olmasına, yaxud əvvəlki təfsirlərin hamısından yaxşı olmasına xatircəm ola bilmərik.
“Qəbəsat” jurnalı, 17-ci nömrə, səh. 4-7, Babək Əhmədi, “Quruluş və hermonotik”, səh. 97
Qeyd olunan nəzəriyyələrə diqqət yetirməklə aydın olur ki, hermonotik barəsində bir-biri ilə fərqli olan iki növ təfsir vardır: 1. Üslub şünaslıqda hermonotik; 2. Fəlsəfi hermonotik.
Cəfər Sübhani, “Hermonotik”, səh. 9; Riçard Palmer, “Hermonotik elmi”, tərcümə: Hənai Kaşani, Məhəmməd Səid, səh. 41. Bu barədə əlavə məlumat almaq üçün Hadəvi Tehraninin “İctihadın kəlam əsasları” kitabına ( səh. 119-288) baxa bilərsiniz.
[7] Müctəhid Şəbistəri, Məhəmməd, “Kitab, sünnət, hermonotik”, səh. 17-31
[8] Özünə məxsus üslub və nəzəriyyəyə malik olan və mərifət növü sayılan “başa düşmək” mövzusunun araşdırılması və tədqiq edilməsi 19-cu əsrdən başlamışdır. O zamana qədər yalnız dini, fəlsəfi, incəsənət və hüquq məsələlərinin və mətnlərinin təfsiri ilə əlaqədar qaydalardan danışılırdı (əvvəllər bu barədə müəyyən bəhslər də olmuşdu). Bu qaydalar aşağıdakılardan ibarətdir: mətnin yazıldığı zamanla tanışlıq, o dövrə hakim olan qrammatik və sintaktik qaydalarla agahlıq, mətnin müəllifinin vasitəsi ilə kəlmə və ifadələrin necə işlədilməsində kifayət qədər diqqət, mətnin hər bir yerində dərindən diqqət yetirmək, ehtimal üzrə müəllifin mətni yazdığı mövqelərə diqqət yetirməyin zərurəti. Bu barədə hələ dəqiq tədqiqat aparılmamışdır ki, ümumiyyətlə, “başa düşmək” müstəqil mərifətin bir növü kimi əlaqədar mərifətin müqabilində bəyan olunsun. Kantın transendental fəlsəfəsindən əlavə, bu tədqiqatların yaranmasında mühüm təsir qoyan digər bir məsələ dil ilə əlaqədar yaranan dəqiq bəhslərdən ibarət idi. Tədriclə məlum oldu ki, dil tarixi bir hadisə və dəyişikliklərin bəyanına imkan yaradan bir şərt olduğu kimi, “başa düşmək” də tarixi bir məsələdir, onun şərtləri və imkanları da günbəgün dəyişilir. Müəyyən tarixi üfüqdə bəyan olunan şeylərin digər bir tarixi üfüqdə başa düşülməsi üçün yeni bəyan və möhtəvanın tərcüməsinə ehtiyac duyulur. Babək Əhmədi, “Saxtar və hermonotik”, səh. 74
[9] Bu barədə əlavə məlumat almaq üçün bax: “Dini mərifətin əsasları”, Hüseynzadə, Məhəmməd, səh. 160-173
[10] Sual oluna bilər ki, əgər mərifətdə nisbilik, hermonotik və çoxlu çıxarışlar səhih deyilsə və hər din və mətn birdən artıq təfsiri qəbul etmirsə, onda təfsirçilərin və fəqihlərin arasındakı ixtilafın səbəbi nədir?
Cavabda deyilməlidir: Əvvəla, müfəssirlərin arasında dinin zəruri məsələləri, əsas etiqadlar barəsində heç bir ixtilaf yoxdur. İkincisi, cüzi hallarda ixtilafları olsa da, əksər hallarda bu ixtilaf zahiri ola bilər və həqiqətdə müxtəlif nəzəriyyələr biri digərini təkmil edə, hər biri məsələyə bir yöndən nəzər sala bilər. Üçüncüsü, bir çox hallarda ixtilafların mənşəyi təfsir qayda-qanunlarına riayət edilməməsidir. O cümlədən: 1. Dilçilik (qrammatik və sintaktik) qanunlarına riayət edilməməsi, 2. Nasix və mənsuxdan qəflət; 3. Təfsir üslubunda cüziyyətə varmaq; 4. Əqlin yol tapması (dərk etməsi) mümkün olmayan hüdudlarda əqldən istifadə edilməsi; 5. Sənədin etibar dərəcəsində ixtilaf; 6. Hədis və ayənin nümunəsində ixtilaf; 7. Həvayi-nəfsin, məzhəbi təəssüblərinin dəxaləti və həqiqətə göz yumulması.
Amma fəqihlərin fətvalardakı ixtilaflarına gəldikdə isə, əvvəla: külli hökmlərdə və dinin zəruri məsələlərində onların arasında heç bir ixtilaf yoxdur, hətta demək olar ki, məsələlərin əksəriyyətində müştərəkdirlər, yalnız çox cüzi və fəri məsələlərdə ixtilafları vardır ki, onların ixtilafı da aşağıdakılardan qaynaqlana bilər: 1. Hədis ravilərinin siqə olması ilə əlaqədar ixtilaflar; Məsələn, bir fəqihin nəzərinə görə filan ravi siqədir (etibarlıdır), onun nəql etdiyi rəvayətə etina edir, başqasının nəzərinə görə isə o, siqə deyildir, buna görə də onun rəvayətinə əsasən fətva vermir. Əks halda, hər ikisi bir hədisdən eyni şeyi başa düşürlər. 2. Rəvayətlərin dəlalətində ixtilaf; 3. Məşhurluğa və bəzi dəlillərə etibar verməklə əlaqədar ixtilaf; 4. Rəvayətlərin arasında təarüz (təzad) və ixtilaf; belə ki, bu təzadı və ziddiyyəti aradan qaldırmaq (həll etmək) üçün istifadə olunan üslublar müxtəlif rəylərin vücuda gəlməsinə səbəb olur. 5. Külli qanunların nümunələrə tətbiq edilməsində ixtilaf. “Qəbəsat” jurnalı, nömrə 17, səh. 11, 22, 23, 29-30
[11] Sübhani, Cəfər, “Hermonotik”, səh. 73 və 76; “Qəbəsat” jurnalı, 17-ci nömrə səh. 7-8; Fərzin, Cəlal, “Qiraəti-din, hermonotik anarxiya”, səh. 147-189
[12] “Qəbəsat” jurnalı, 17-ci nömrə, səh. 26
[13] Əlaqədar görünüş: “Quran ayələrinin düzgün düşünməyin şərtləri”, sual 11669 (sayt: az11517)
[14] Sübhani, Cəfər, “Hermonotik”, səh. 13-15; “Qəbəsat” jurnalı, 17-ci nömrə, səh. 15-17