Please Wait
6495
Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir:
1. Əhli-kitabın (istər yəhudi, istər məsihi, istərsə də zərdüşt) təlimlərində “cismani məad” adlı bir ünvan irəli çəkilməmişdir. Bu barədə bəyan etdiklərimiz məadın özünə etiqadın əsli ilə əlaqədar əhli-kitabın dini mətnlərindəki çıxarışlarımızdır.
2. Bu məqalədə çalışmışıq ki, əhli-kitabın öz əqidələrinin bəyanı ilə əlaqədar mövcud yazılarından istifadə edək. Halbuki, bizim nəzərimizdə ilahi peyğəmbərlərin hamısı yeganə Allah tərəfindən göndərildiyi üçün vahid bir dini təbliğ etmişlər; mövcud ixtilaflar isə icmal və təfsillə əlaqədardır. Amma dinin həqiqətində, o cümlədən tövhid və məad məsələlərində heç bir ixtilafları yoxdur. Əsaslı ixtilaflar bəzi dinlərdə mövcud olan təhriflərdən irəli gəlir.
3. Məadın cismani olması ilə əlaqədar əhli-kitabın əqidəsini bəyan etmək üçün üç dinin: zərdüşt, yəhudi və məsihi dininin bu barədəki nəzəriyyələrini araşdırırıq:
a) Cismani məad barəsində zərdüştlərin etiqadları
Zərdüştün özünə mənsub edilən “Qatlar” adlı kitabdakı təlimlərə istinad edərək cismani məadı isbat etmək olar. Məsələn, orada deyilir: “İnsan öldükdən sonra Çinud körpüsündən (günahkarların keçə bilmədiyi bir körpünün adıdır) keçir. Yaxşı insanların axır-aqibəti behişt, pis əməllilərinki isə cəhənnəmdir.”
Müasir zərdüşt yazıçısı da “zərdüşt dininin etiqad əsasları”nda insan ruhunun ölümdən sonra əbədi və diri qalmasını, yaxşı əməllərinin mükafat və ya pis əməllərinin cəzasını, behişt və cəhənnəmi, qiyaməti sadalamışdır.
b) Cismani məad barəsində yəhudilərin etiqadı
Yəhudilərin etiqadına əsasən məada inanc dinin və imanın əsas prinsiplərindən biridir və onun inkar edilməsi böyük bir günah sayılır. Amma onların etiqadına əsasən məadın cismani, yoxsa ruhani olmasına gəldikdə isə, sözlərinin məcmusundan cismani məada inanmaları əldə olunur. Onlar deyirlər ki, “məad əvvəldə cismanidir, lakin on iki aydan sonra cisim aradan gedir və ruh tək qalır.”
v) Məsihilərin cismani məad barəsindəki etiqadları
İncillərdə gələnlərin məcmusundan məsihilərin məad barəsindəki əqidəsini əldə etmək olar ki, onların ibarələrinin zahiri cismani məadla daha çox uyğundur.
Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Əhli-kitabın (istər yəhudi, istər məsihi, istərsə də zərdüşt) təlimlərində “cismani məad” adlı bir bəhs irəli çəkilməmişdir. Bu barədə bəyan edəcəyimiz məsələlər əhli-kitabın dini mətnlərində məada etiqadla əlaqədar məsələlərdən əldə etdiklərimizdir.
2. Bu məqalədə çalışmışıq ki, əhli-kitabın əqidələrini bəyan etmək üçün öz kitablarında mövcud olan yazılardan istifadə edək. Bizim nəzərimizdə bütün ilahi peyğəmbərlər vahid Allah tərəfindən göndərilmiş, vahid bir dini təbliğ etmişlər. Mövcud olan ixtilaflar isə icmal (yığcam olmaq) və fəsil ilə əlaqədardır. Amma dinin həqiqəti, o cümlədən tövhid və məad barəsində heç bir ixtilaf olmamışdır. Əsaslı ixtilaflar bəzi dinlərdə baş verən təhriflərdən qaynaqlanır.
3. Məadın cismani olması ilə əlaqədar əhli-kitabın etiqadlarını bəyan etmək üçün hər üç dinin: zərdüşt, yəhudi və məsihi dininin bu barədəki nəzəriyyələrini qeyd edirik:
a) Cismani məad barəsində zərdüştlərin etiqadı
Zərdüştün özünə mənsub edilən “Qatlar” adlı kitabda olan təlimlər Avestanın bəzi hissələrindəki təlimlərlə fərqlidir. “Qədim, yaxud ilkin zərdüşt dini” adlandırılan zərdüşt dininin əqidə prinsiplərindən biri də aşağıdakılardan ibarətdir:[1] “İnsan öldükdən sonra Çinud (seçən) körpüsündən keçəcəkdir. Elə bir körpüdür ki, günahkarlar onun üzündən keçə bilməz. Axırda yaxşı insanlar behiştə, pis insanlar isə cəhənnəmə gedəcəklər.”[2]
Müasir zərdüşt yazıçısı da ölümdən sonra insan ruhunun əbədi qalmasını, yaxşı və pis əməllərinin əvəzini görməsini, behişt, cəhənnəm və qiyaməti zərdüşt dininin əsaslarından hesab etmişdir. Hər bir halda “Çinud körpüsündən keçmək” təbirini Zərdüştün cismani məada etiqadına dair bir dəlil hesab etmək olar.
b) Cismani məad barəsində yəhudilərin etiqadı
Yəhudilərin cismani məad barəsindəki etiqadlarının bəyanında bir neçə məsələni qeyd etmək lazımdır:
1. Məad məsələsi barəsində yəhudi firqələrinin ixtilafı
Bəzi mənbələrdə qeyd olunur ki, səduqilər firqəsi Tövratın yalnız beş sifrini (kitabını) qəbul edir və nəticədə məadı (Əhdi-qədimin zahirən sonrakı hissələrində gəlmişdir) qəbul etmirlər. Şumerunilər, yaxud samireilər də ölülərin dirilməsinə etiqadı inkar edir və deyirlər ki, Tövratda ölülərin diriləcəyinə dair heç bir dəlil yoxdur.[3] Amma Əhdi-qədimin bütün kitablarını qəbul edən ferisiyanlar məada inanırlar.[4]
Əlbəttə, hal-hazırda səduqi və samiri firqələrinin heç bir tərəfdarı yoxdur.
2. Hazırkı yəhudilərin məad barəsindəki etiqadı
Bəziləri hazırkı Tövratda məaddan aşkar söhbət açılmadığını deyir. Bəzi yəhudi alimlərinin məadın isbat edilməsi ilə əlaqədar Tövratdan müəyyən məqamlara istinad etdikləri zaman deyirlər: “Tövratda sözügedən məsələ xüsusunda aşkar bəyan yoxdur.” Bəziləri də deyirlər: “Tövratın elə heç bir hissəsi yoxdur ki, məada dəlalət etmiş olsun. Lakin onu bu mənaya təfsir etməyə bizim səlahiyyətimiz yoxdur.”[5]
Lakin yəhudilərin dini mənbələri təkcə Tövrat deyildir; digər mənbələrinə də diqqət yetirməklə məlum olur ki, onların nəzərində qiyamətə və məada etiqad iman və dinin prinsiplərindən biridir və onun inkar edilməsi böyük günah hesab olunur. Onlar deyirlər: “Qiyamətə inanmayan və onu inkar edənlərin qiyamətdə heç bir payı olmayacaq və onlar dirilməyəcəklər.”[6]
Yəhudi alimləri məada etiqadı gündəlik namazlarda mühüm rol ifa edən dualardan (“on səkkiz bərəkətlər”dən) biri hesab edirlər. O duada deyilir: “(Ey Allah!) Sən əbədiyyətə qədər cəbbarsan (bərpa edən)! Ey Allah! Sən ölüləri dirildənsən.... Ey o padşah ki, ölüm və həyat Sənin əlindədir.... Sən əminsən ki, ölüləri dirildəcəksən! Mübarəksən, ey o Allah ki, ölüləri dirildərsən.”[7]
Yəhudilərin nəzərində məadın ruhani və ya cismani olması ilə əlaqədar onların sözlərinin məcmusundan aydın olur ki, cismani məada inanmırlar. Çünki onların dini mənbələrinə əsasən ruh və cisim hər ikisi ilahi ədalət məhkəməsində qərarlaşacaqdır. Lakin Allah cismi boşlayaraq ruhu məzəmmət edəcəkdir. Allah-taala ruhun etirazı müqabilində deyir: “Cisim dünyada vücuda gəlmişdi və varlıqlar orada xəta edirlər. Lakin sən yüksək aləmlərin əhalisisən və orada heç bir şəxs xətaya düçar olmur. Buna görə də Mən cismi boşlayaraq səni cəzalandırıram!”[8]
Yəhudilər inanırlar ki, insan öləndən sonra onun cismi 12 aya qədər qalır, sonra ruhu yuxarı-aşağı gedir. 12 aydan sonra cəsəd aradan gedir və ruh yüksəklərə qalxır və bir daha qayıtmır.[9]
v) Məsihilərin cismani məad barəsindəki əqidələri
Məsihilərin bu barədəki etiqadlarına bir neçə yolla nəzər vermək olar:
1. Onlar ümumi şəkildə Tövratda qeyd olunanlara etiqad bəsləyirlər. Çünki Kitabi-müqəddəsdə İsa (əleyhis-salam)-ın dilindən belə nəql olunur: “Fikirləşməyin ki, mən Tövratı və əvvəlki peyğəmbərlərinin yazılarını mənsux etmək (qüvvədən salmaq) üçün gəlmişəm; əksinə gəlmişəm ki, onları kamala çatdıram.”[10]
Bu cümlələrdə və bir çox digər hissələrdə bəyan olunduğu kimi həzrət İsa (əleyhis-salam) Əhdi-qədimin etiqad və əməli əsaslarını qəbul edir və onu təsdiqləyir. O, yeganə Allaha pərəstişə təkid edir və məad barəsində danışır.[11]
Əlbəttə, bu yol indiki dövrdə o zaman qəbul oluna bilər ki, əvvəla, hazırda mövcud olan Tövratın həzrət İsanın dövründə olan Tövrat olduğunu qəbul edək. İkincisi, qeyd olunduğu kimi, məada etiqadı Tövrata istinad vermək şübhəlidir. Üçüncüsü, bu iki iradı nəzərə almadıqda ruhani məadı məsihilərə nisbət vermək olar.
2. İncildə gələn xüsusi halların bəzilərinə işarə edirik:
a) Qiyaməti inkar edən səduqilər dünyada yeddi qardaşla (hər birinin ölümündən sonra) evlənən bir qadın barəsində həzrət İsadan soruşdular, həzrət buyurdu: “Ölülər dirilən zaman nə evlənirlər, nə də ərə gedirlər.”[12]
b) O həzrətə qarşı izdiham edən şər insanlar barəsində buyurdu: “Mühakimə (qiyamət) günündə Cənub mələkəsi bu firqənin insanlarına qarşı qalxaraq onlara (qarşı) hökm edəcəkdir.”[13]
v) “Tezdən və ya axşam yemək (ehsan) verən zaman varlı olan dostlarını, qardaşlarını, qohumlarını və ya qonşularını dəvət etmə. Məbada onlar da səni çağırsınlar və sənə əvəz versinlər. Əksinə, qonaqlıq verdiyin zaman fəqirləri, şilləri, çolaqları, korları dəvət et ki, xoşbəxt olarsan. Çünki onların heç nəyi yoxdur ki, sənə əvəz versinlər. Qiyamətdə sənə ədalətli şəkildə əvəz veriləcəkdir.”[14]
Qiyamət barədə və o gündə Allahın ədalətli mühakiməsindən aşkar söhbət açan bu kəlmələrdə məada etiqad açıq-aydın şəkildə görünür.
Qeyd olunan sənəd və şahidlərdən belə nəticə alırıq ki, məada etiqad əhli-kitabın və ilahi dinlərin etiqadlarından biridir, onların ibarələrinin zahiri cismani məadla uyğundur. Yalnız yəhudilər məadı əvvəlcə cismani hesab edir və inanırlar ki, 12 aydan sonra cəsəd aradan gedir və ruh tək qalır.
Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
Kitabi-müqəddəs, qədim tərcümə (Əhdi-ətiq və Əhdi-cədid kitablarına şamildir ki, əsil ibrani, arami və yunan dillərindən tərcümə olunmuşdur.)
2. “Həft iqlime əqyan və məzahib”, “Elmi tələbə” jurnalı, ikinci nömrə
3. “Dünyanın canlı dinlərində (islamdan başqa) seyr”, Əbdür-Rəhim Süleymani Ərdistani, “Ayəti eşq” nəşriyyatı, birinci çap, 1383-cü şəmsi il
4. "Təfsiri nümunə", Nasir Məkarim Şirazi və həmkarları, "Darul-kutubil-islamiyyə", 15-ci çap, 1373-cü şəmsi il
[1] Bu təlimlər altı prinsipdə gəlmişdir ki, qeyd edəcəklərimiz altıncı bənddədir.
[2] “Asiya dinləri”, səh. 42 və 43; “Dünyanın canlı dinlərində seyr”, Əbdür-Rəhim Süleymani Ərdistani, səh. 112
[3] “Həft iqlime ədyan və məzahib”, Cavad Qasimi Qummi, “Telmudun rəvayətinə əsasən yəhudilərin axır-aqibəti”
[4] “Yəhudi tarixi”, 2-ci cild, səh. 53-66, “Dünyanın canlı dinlərində seyr” kitabında nəqlən, Əbdür-Rəhman Süleymani Ərdistani, səh. 186
[5] “Sifre davəran”, 306, səh. 131- a. “Həft iqlime ədyan və məzahib”, Cavad Qasimi Qummi, “Telmudun rəvayətinə əsasən yəhudilərin axır-aqibəti”ndən nəqlən.
[6] “Gəncineyi əz təlmud”, səh. 363, “Dünyanın canlı dinlərində seyr” kitabından nəqlən, Əbdürl-Rəhim Süleymani Ərdistani, səh. 158; “Sifre davəran”, səh. 306. 131; “Həft iqlime ədyan və məzahib” kitabından nəqlən, Cavad Qasimi Qummi, “Telmudun rəvayətinə əsasən yəhudilərinin aqibəti”
[7] “Məşəyna bil-uxuvvət, 5, 9; “Həft iqlime ədyan və məzahib”, Cavad Qasimi Qummi, “Telmudun rəvayətinə əsasən yəhudilərin axır-aqibəti”, səh. 16
[8] Viqrariya, 5-4; “Həft iqlime ədyan və məzahib”, Cavadi Qasim Qummi, “Telmud rəvayətinə görə yəhudilərin axır aqibəti”, səh. 21
[9] Şəbat, 153-b; “Həft iqlime ədyan və məzahib”, Cavadi Qasim Qummi, “Telmud rəvayətinə görə yəhudilərin axır-aqibəti”, səh. 21
[10] Matta incili, 5: 17
[11] Matta incili, 22-ci bab; “Dünyanın canlı dinlərində seyr”, Əbdür-Rəhim Süleymani Ərdistani, səh. 201-dən nəqlən
[12] “Kitabi müqəddəs”, səh. 1155 və 1119; Matta incili, 22-23; Mərqos incili, 12-25
[13] “Kitabi müqəddəs”, səh. 1189; Luka incili, 11-31
[14] “Kitabi müqəddəs”, səh. 1195; Luka incili, 14-14