Please Wait
6917
Bu hədis Əbdüllah ibni Cəfər Himyərinin “Qurbul-əsnad” kitabında Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunmuşdur. “Qurbul-əsnad” kitabı mötəbər rəvayət kitablarından sayılır.
Rəvayətin etibar dərəcəsi onda bəhs olunan mövzuya diqqət yetirməklə araşdırılır. Etiqad prinsipləri (üsuli-din) barəsində olan rəvayətlər mütləq müxtəlif silsilələrlə və etimad olunması yollarla nəql olunmalıdır. Fiqhi rəvayətlər yalnız bir silsilə rəvayətə malik olmaqla ona etimad olunur və icra edilir.
Adətən, nəzərdə tutduğunuz rəvayətin məzmununda olan rəvayətlərin etibarı – nə etiqad prinsiplərindən, nə də əməli hökmlərdən olmadığına görə araşdırılmır.
Bu müqəddimə ilə sizin sualınızın cavabınızda demək lazımdır: Bu hədisi Əbdüllah ibni Cəfər Himyəri “Qurbul-əsnad” kitabında Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir. O həzrət buyurur: “Əgər elm Sürəyya ulduzunda olsa, fars ölkəsindən olan kişilər mütləq onu əldə edəcəklər.”[1]
Bu rəvayətin sənədi ilə əlaqədar iki məsələ araşdırılır: 1. Himyəridən məsum İmama (əleyhis-salam) qədər olan sənədi; 2. Bizim “Qurbul-əsnad” kitabına qədər olan sənədimiz.
Əbdüllah ibni Himyərinin məsum İmam (əleyhis-salam)-a çatan sənədi barədə demək lazımdır ki, Əbul-Abbas Əbdüllah ibni Cəfər ibni Hüseyn ibni Malik ibni Came Himyəri Qummi, İmam Həsən Əskəri (əleyhis-salam)-ın köməkçilərindən, şiənin üçüncü hicri əsrindəki böyük ravilərindən və fəqihlərindən sayılır. O, şiənin böyük alimləri və fəqihləri nəzərində yüksək məqam və mənzilətə malikdir. Şeyx Səduq “Əl-fəqih” kitabında, Nəcaşi “Rical” kitabında, İkinci Məclisi “Rozətul-muttəqin” kitabında, Mamaqani “Tənqihul-məqal” kitabında, Əlyari “Behcətul-amal” kitabında Qum şəhərinin məşhur ravi şeyxləri (hədis alimləri) arasında onun fəqahət və vəcahəti irəli çəkilmişdir.
O, Məhəmməd ibni Yəqub Kuleyninin hədis şeyxlərindən hesab olunur. Mərhum Kuleyni “Kafi” kitabında ona ciddi şəkildə etimad edərək ondan rəvayət nəql etmişdir.
Himyəri imam Hadi və İmam Həsən (əleyhiməs-salam) ilə məktublaşırdı. Abbasi hökumətinin şiələrin bu iki imamla əlaqəsini kəsmək üçün ciddi təzyiqlərinə baxmayaraq, o, bu iki imamla əlaqəsini qorumuş və onlarla daim əlaqə saxlamışdı.
İmam Həsən Əsgəri (əleyhis-salam)-ın şəhadətindən sonra Himyəri qeybəti-suğra dövründə vəhy mədəni ilə olan əlaqəsini kəsməmişdi. O, Məhəmməd ibni Osman Əmrinin vasitəsi ilə İmam Zaman (əleyhis-salam)-la olan əlaqəsini davam etdirmişdi. O həzrətlə məktublaşmış, çoxlu çətin məsələ və problemlərini məktub vasitəsi ilə imam Zaman (əleyhis-salam)-dan soruşmuş, o həzrətin nurani vücudundan bəhrələnmişdi. O, bu məktubların məcmusunu “Məsailu ən Məhəmməd ibni Osman əl-Əmri vət-tovqiat” adlı kitabında bir yerə toplamışdır. Deməli, o, böyük hədis alimlərindən sayılır və onun kitabı da etimad olunan mötəbər rəvayət mənbələrindəndir.[2]
Amma bizim “Qurbul-əsnad” kitabına qədər olan sənədimizə gəldikdə isə, deməliyik:
Bu rəvayət "Biharul-ənvar"da “Qurbul-əsnad”dan nəql edilmişdir və biz də bu yolla “Qurbul-əsnad” kitabına əl tapa bilərik. Bu kitabın əsl nüsxəsi Ayətullah Burucerdinin kitabxanasında mövcuddur və 1359-cu hicri ilində Həsən Mirxaninin əl yazması ilə köçürülmüşdür. Bu nüsxə müəllifin özünün – Əbdullah ibni Cəfər Himiyərinin 304-cü hicri ilində nüsxə köçürülməsinə icazə verdiyi həmin nüsxənin üzündən yazılmışdır.[3]
Axırda qeyd etmək lazımdır ki, təfsirlərdə “Maidə” surəsinin 54, “Muhəmməd” surəsinin 38-ci ayələri ilə əlaqədar qeyd olunan rəvayətlərdə “elm” kəlməsinin yerinə “din” və ya “iman” kəlməsi gəlmişdir.
Əlavə izah:
Ərəblərin məzəmmətində, yəni onların imanda sabit qalmayacaqlarına və onların imanı qəbul etməyə hazırlıqlı olan başqa bir qövm ilə əvəz olunacaqlarına dair ayələr nazil olanda, məsələn: “Əgər siz bu dini qəbul etməkdən üz çevirsəniz, Allah sizin yerinizə, sizin kimi olmayan başqa bir qövmü gətirəcəkdir”[4], həmçinin, “Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə (Allaha heç bir zərər yetirməz), Allah gələcəkdə elə bir qövmü gətirəcəkdir ki, onları sevir və onlar da Allahı sevirlər, möminlərin qarşısında təvazökar, kafirlərin qarşında məğlub edilməzdirlər, Allah yolunda cihad edərlər və heç vaxt məzəmmət edənlərin məzəmmətindən qorxmazlar”[5] kimi ayələr nazil olduqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən soruşdular: “Bu ayələrdə “başqa qövm” dedikdə kimlər nəzərdə tutulur?” Bu zaman Salman Peyğəmbərin yanında oturmuşdu. Həzrət əlini onun buduna (və ya çiyninə) vuraraq buyurdu: “Bu kişi və onun qövmü nəzərdə tutulur. O Allaha and olsun ki, canım Onun əlindədir, əgər iman Sürəyya ulduzunda olsa, fars kişilərindən bir qrup onu mütləq əldə edəcəklər.”[6]
[1] "Biharul-ənvar", 64-cü cild, səh. 175; “Qurbul-əsnad”, səh. 53
[2] Bu kitab şiənin ilkin 400 prinsipindən (usuli ərbəə miət) sayılır. Onun yazıldığı dövrdən indiyə qədər 1000 ildən artıq vaxt ötsə də, böyük şiə alimləri və şəxsiyyətləri tərəfindən daim diqqət mərkəzində olmuşdur. Onun nəql etdiyi rəvayətlər böyük hədis məcmuələrində mövcuddur. O cümlədən: Şeyx Kuleyninin “Kafi”, Şeyx Səduqun “Fəqih” və “Xisal”, Şeyx Tusinin “Təhzib”, Əllamə Məclisinin "Biharul-ənvar", Şeyx Hurr Amilinin “Vəsailuş-şiə”, Mühəddis Nurinin “Müstədrəkül-vəsail” kitabında və sair. Əlavə məlumat üçün bax: Sual 1181, Görünüş: “İranlılar və ərəblər”
[3] Əlavə məlumat üçün “Camiul-əhadis” CD-lərinə müraciət edə bilərsiniz.
[4] “Muhəmməd (səlləllahu əleyhi və alih)”, surəsi, ayə: 38
[5] “Maidə”, surəsi, ayə: 54.
[6] "Biharul-ənvar", 22-ci cild, səh. 52, bab 37, “ma cəra beynəhu və beynə əhlil-kitab” bölməsi; "Təfsiri nümunə"nin xülasəsi, 4-cü cild, səh. 464