Please Wait
6336
Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin bərəkəti ilə Onu dərk və müşahidə edə bilər.
Əgər “Allahı görmək” dedikdə məqsəd zahiri gözlərlə görməkdirsə, onda cavab mənfidir və həm əqlin hökmü, həm də şəriətin aşkar bəyanına əsasən Allahı heç vaxt görmək olmaz.
Əqlin hökmünə gəldikdə, görmə əməliyyatı xarici şeyin gözün önündə qərarlaşması, həmin şeydən inikas olunan işıq dalğalarının əsəb sisteminə ötürülməsi ilə baş verir. Yəni bu iş əvvəla, xarici bir cismin olmasını, sonra isə həmin xarici cismin göz ilə müqabil nöqtədə (qarşı-qarşıya) dayanmasını tələb edir. Buna görə də bizim gözümüz arxamızda olan şeyləri görmür. Halbuki, Allah-taala nə cisimdir, nə də cismin xüsusiyyətlərinə malikdir (o xüsusiyyətlərdən biri də qarşı-qarşıya qurmaqdır.) Buna görə də başdakı göz ilə heç vaxt Allahı görmək olmaz.
Amma şəriətin hökmünə gəldikdə isə, Quran və rəvayətlər aşkar şəkildə Allah-taalanın görünməsinin qeyri-mümkün olduğunu bəyan edir:
1. Quranda:
a) لَنْ تَرَانِی “Ey Musa! Heç vaxt Məni görə bilməzsən!”[1]
b) لَا تُدْرِکُهُ الْأَبْصَارُ “Gözlər Onu görə bilməz.”[2]
2. Rəvayətlərdə:
a) وَامْتَنَعَ عَلَی عَیْنِ الْبَصِیرِ “Allah-taala heç vaxt görənlərin gözü önündə zahir olmaz.”[3]
b) لَمْ تَرَکَ الْعُیُونُ “Gözlər heç vaxt Səni görməz!”[4]
v) لَا تُدْرِکُهُ الْعُیُونُ بِمُشَاهَدَةِ الْعَیَانِ “Gözlər heç vaxt Onu aşkarda görə bilməz.”[5]
Lakin əgər “görmək” dedikdə məqsəd batini görünüş, yəni Allah-taalanın sifətlərinin və isimlərinin şühudu, mərifət və elm olarsa, əlbəttə, ayrı-ayrı insanların batini cəhətdən qüdrət və istedad tutumları miqdarında müşahidə oluna bilər. Necə ki, Əli (əleyhis-salam) buyurur: لَکِنْ تُدْرِکُهُ الْقُلُوبُ “Qəlblər Onu dərk edər.”[6]
Başqa hədisdə qeyd olunur ki, Həzrət Əli (əleyhis-salam) Zələbə buyurdu: “Vay olsun sənə! Zahiri gözlər Onu görməz, lakin qəlblər Onu müşahidə edər.”[7]