Please Wait
6232
- bölüşdürülməsi
Ailədə həyat və məişət xərclərinin təmin edilməsi kişinin vəzifəsidir və o öz həyat yoldaşını bu işdə şərik olmağa vadar edə bilməz. Əlbəttə, öz ərinin razılığını əldə etmək üçün qadının gördüyü hər bir iş əgər şəriət qayda-qanunları və meyarları ilə zidd olmazsa onun üçün çoxlu savab da gətirəcəkdir.
İzahda demək lazımdır ki, sual həqiqətdə üç hissədən təşkil olunur:
1. İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə vadar edə bilərmi?
2. Ümumiyyətlə, qadın üçün evdən kənarda işləmək rəvadırmı?
3. Bu sahədə qadının ərinə itaət etməsinin savaba da vardırmı?
Aşağıda bu sualları qısa şəkildə araşdırırıq:
1. Birinci sual barəsində. “Nisa” surəsinin 34-cü ayəsinə[1] diqqət yetirməklə demək lazımdır ki, hər bir halda həyat və məişət xərclərinin təmin olunması ailəyə başçılığı öz öhdəsinə alanın – kişinin öhdəsinədir. Buradan belə nəticə almaq olar ki, qadının vəzifələri qısa şəkildə əməliyyə risalələrində, eləcə də mədəni qanunlarda qeyd olunan yerlərdə hüdudlanır və o, məişət xərclərini təmin etməkdə, ailə üçün qazanc və gəlir əldə etməkdə qanuni və şəri cəhətdən heç bir məsuliyyət daşımır. Hətta əgər evlənməzdən əvvəl onun müəyyən qədər mal-dövləti və sərvəti olsa da, onu ailə işləri üçün xərcləməyə vəzifəli deyildir. Ərin də haqqı yoxdur ki, onun sərvətini xərcləməyə məcbur etsin. Böyük fəqihlər də bu mətləbi xatırlatmışlar. O cümlədən imam Xomeyni (rəhmətullahi əleyh) buyurur: “Nəfəqəsinin (xərclərinin) kişi tərəfindən verilməsi vacib olsun deyə, qadının fəqir və möhtac olması vacib deyildir, hətta əgər qadın ən varlı şəxslərdən olsa belə, yenə də onun nəfəqəsini və xərclərini vermək ərin vəzifəsidir.”[2] Bu da islam hüququnun qadınlara verdiyi imtiyazlardan biridir. O, hətta izdivacdan sonra da öz sərmayəsini müstəqil şəkildə idarə edə bilər. Bu şərtlə ki, işlədiyi surətdə gərək öz işinin növündə həyat yoldaşını mülahizə edib nəzərə alsın. Maraqlıdır ki, ərin hətta öz həyat yoldaşını evin içindəki işləri görməyə vadar etməyə də haqqı yoxdur. Qadın əncam verdiyi ən atifi və ülvi-insani işlərdən olan övlada süd vermək müqabilində belə, öz ərindən əmək haqqı ala bilər.[3] Bu da heç bir vəchlə qadının şəxsiyyətinə hörmətsizlik və ya təhqir deyil, əksinə ərin ailə mühitində qəyyumluq haqqı müqabilində ona verilən hüquqlardan biridir ki, bunun nəticəsində hüquqların və məsuliyyətlərin arasında müəyyən qədər tənasüb bərqərar olunur. Buna əsasən, nəinki evdən kənarda, hətta evin daxilindəki işlərə əlaqədar belə ərə itaət etmək vacib deyil. İmam Xomeyninin (rəhmətullahi əleyh) buyurduğu kimi: “Qadına vacib olmayan işlərdə ərinə itaət etməməsi onun (Quranda buyurulan) “sözə baxmamazlığına” səbəb olmur. Əgər qadın bu kimi işlərdən və ailə münasibətləri ilə əlaqəsi olmayan mənzil xidmətlərindən imtina edərsə, məsələn, evi süpürməzsə, tikiş işlərinə baxmazsa, yaxud xörək bişirməzsə və s. habelə, hətta əgər su gətirmək, yorğan-döşəyi yığmaq və sair kimi cüzi işlərdən də imtina edərsə, “naşizə” – sözəbaxmaz hesab olunmur.”[4]
2. Ümumiyyətlə, qadınların istər evlənməkdən qabaq, istərsə də ərə getdikləri halda evdən kənarda işləməklərinin şəri cəhətdən caizliyinə gəldikdə isə, demək lazımdır ki, İslam dini bu barədə heç bir qadağa qoymamışdır. Misal üçün, bildiyimiz kimi, həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in həyat yoldaşı Xədicənin sərvəti var idi və onunla ticarət edirdi. O alicənab xanım besətdən əvvəl və sonra islamın yayılmasında çox mühüm rol ifa etmişdir. Belə ki, Peyğəmbər buyurmuşdur: “Heç bir sərmayə Xədicənin mənim ixtiyarımda qoyduğu mal-dövlət qədər mənə fayda verməmişdir!”[5]
Qadınların cəmiyyətdəki işləri ilə əlaqədar mühüm məsələ şəriət qayda-qanunlarına və iffətə riayət etmələridir. Bu məsələlərə dəqiq riayət etməklə onlar kişilər kimi cəmiyyətdə iştirak edə bilərlər. Bizim imamlarımız qadınların küçə-xiyabanda olmasını qadağan etmir, sadəcə onlara tövsiyə edirdilər ki, yolun qıraq tərəflərindən keçsinlər və yolun ortasına gəlməkdən çəkinsinlər (çünki bu halda təbii olaraq daha çox diqqət mərkəzində olurlar).[6]
İslamın əvvəllərində də qadınların cəmiyyətdə, hətta əsas etibarı ilə kişilərin iştirak etdiyi yer olan müharibə meydanlarında da iştirakından ibarət olan belə səhnələr gözə dəyir.[7] Deməli, qadınlar üçün evdən kənardakı işləri “yaramaz iş” hesab etmək və nəticədə onun qarşısını almaq olmaz. Çünki bəzi işləri qadınlar daha yaxşı və dəqiq yerinə yetirirlər.
3. Yuxarıda qeyd olunanlara diqqət yetirməklə bu kimi işlərdə ərə itaət etməyin savabı olub-olmamasına gəldikdə isə, xatırladırıq ki, islamda çox təkid olunan isar – fədakarlıq və öz haqqından keçməyin məfhumu o zaman əməli olaraq həyata keçir ki, insan öz haqqından güzəştdə getsin və başqalarını özündən irəli keçirsin. Bu barədə Quranın bir ayəsi çox hallarda öz haqlarından keçdiyinə, mühacirlərin ehtiyaclarını təmin etməkdə özlərindən qabağa keçirdiklərinə görə ənsarı tərifləmişlər.[8] Ənsarın gördüyü iş vacib və zəruri deyildi, əksinə onların əxlaqi vicdanları belə iş görməyə səbəb olmuşdu.[9]
Xədicənin öz əmlakını Peyğəmbərə bağışlamasını da bu istiqamətdə dəyərləndirmək olur. Peyğəmbərin ona təşəkkür etməsi hətta vəfatından uzun müddət sonra belə, davam edirdi.[10] Bu böyük islam xanımının öz haqqından keçərək maddi köməklərlə əlaqədar öz həyat yoldaşına göstərdiyi fədakarlıq isarın bariz nümunəsidir.
Nəticə:
Ailə həyatında ər-arvad arasında hakim olan hüquq qanunlarından əlavə, əxlaqi meyarlar da mövcuddur; onlara riayət etmək vacib olmasa da, “Allah dərgahına yaxınlaşmaq” məqsədi ilə onlara əməl olunduğu təqdirdə qəti şəkildə çoxlu savabı da olacaqdır. Qadınların məişət xərclərinin təmin olunmasında öz ərlərinə kömək göstərməsi də bu qəbildəndir, xüsusilə əgər ər öz ailə xərclərini təmin etməkdə çətinliklərlə qarşılaşmış olarsa.
Əlbəttə, evdən kənardakı iş islam və şəriət meyarlarına riayət etməklə yanaşı olmalıdır.
[1] الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ
[2] Xomeyni, Ruhullah, “Təhrirul-vəsilə”, “Darul-elm”, Qum, 2-ci çap, 2-ci cild, səh. 319
[3] Yenə orada, səh. 312
[4] Yenə orada, səh. 305
[5] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 19-cu cild, səh. 63, hədis, “Vəfa” müəssisəsi, Beyrut.
[6] Şeyx Səduq, Məhəmməd ibni Əli ibni Hüseyn, “Mən la yəhzuruhul-fəqih”, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü hicri qəməri il, 3-cü cild, səh. 561
[7] Peyğəmbərlə yanaşı Ühüd müharibəsində iştirak edən və yaralıları müalicə edən Nəsibə adlı xanımı qeyd etmək olar.
[8] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 20-ci cild, səh. 52
[9] “Həşr” surəsi, ayə: 59
[10] Şeyx Müfid, “Əl-ifsah fil-imamə”, “Şeyx Müfid” konfransı, Qum, 1413-cü qəməri il, səh. 217