Please Wait
7689
Bəzi rəvayətlərdə qeyd olunan “iki peyğəmbərin besəti arasındakı zaman fasiləsindən ibarət olan “fətrət dövrü”nün varlığı “yer üzü heç vaxt Allahın höccətindən boş qalmaz” rəvayəti ilə ziddiyyətli deyildir. Çünki “höccət” kəlməsi ümumi mənaya malikdir və həm məsum imamlara, həm də peyğəmbərlərin vəsilərinə şamildir. İslami mənbələrdə qeyd olunur ki, yer üzü ya aşkar və məlum şəkildə, ya da irticaçı mühitdə və gizli şəkildə yaşayan ilahi höccətdən boş qalmaz. Səbəbi də budur ki, Allahın höccətləri və Onun aydınlıq gətirən dəlilləri batil (əbəs) olmasın.
Şəriət sahibi olan iki peyğəmbərin göndərildiyi zamanlar arasında fasilənin mövcudluğu mümkündür. Amma bu iş höccətin əsl vücudunun varlığında rəva deyildir. Buna görə də hər bir zamanda Allahın höccətinin mövcud olması zəruridir ki, yaradılış aləmi onun səbəbi ilə qalıb davam etsin; istər camaat o höccəti tanısın, istərsə də yer üzündə tanınmaz surətdə olsun.
Həzrət İsa (əleyhis-salam)-dan etibarən hazırkı vaxta qədər məsum canişinlərin varlığına dəlalət edən rəvayətlər çoxdur. O canişinlər: (İsa peyğəmbərdən sonra) Həmunun oğlu Şəm`un, Zəkəriyyanın oğlu Yəhya, Münzər, Səlimə, Bərdə... Sonra həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən başlayaraq həzrət Məhdi (əleyhis-salam)-a qədər davam edir.[1]
Əli (əleyhis-salam)-ın xüsusi səhabələrindən olan Kümeyl deyir: İmamla birlikdə səhraya getmişdik. Soyuq ah çəkdi, sonra müəyyən sözlər buyurdu və davamında dedi: “Yer üzü dəlil və bürhan əsasında Allah üçün qiyam edən bir höccətdən boş qalmaz. O höccət ya zahir və məlumdur, ya da pərdə arxasında və gizlindir. Səbəbi budur ki, Allahın höccətləri və Onun aydın dəlilləri batil olmasın.”[2]
Digər müfəssəl bir rəvayətdə isə deyilir: İmam Sadiq (əleyhis-salam)-ın səhabələrindən bəziləri güman edirdilər ki, ondan sonrakı imam onun oğlu İsmaildir. Amma İsmail İmam Sadiq (əleyhis-salam)-ın sağlığında dünyadan getdikdə həmin şəxslər “yer üzü imamsız qalmışdır!” deyə şəkk-şübhəyə düşdülər. Bundan sonra imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəldilər, həzrət onlara belə cavab verdi:
هَیْهَاتَ هَیْهَاتَ أَبَى اللهُ وَ اللهِ أَنْ یَنْقَطِعَ هَذَا الْأَمْرُ حَتَّى یَنْقَطِعَ اللَّیْلُ وَ النَّهَارُ
“Xeyr, əsla! Allaha and olsun! Dünyanın axırına qədər imamətin riştəsi (silsiləsi) heç vaxt kəsilməz!”[3]
Şeyx Səduq (rəhmətullahi əleyh)-in “Kəmaluddin” kitabında nəql etdiyi bir rəvayət buna dəlalət edir ki, Adəmin yaradıldığı vaxtdan qiyamət gününə qədər yer üzü heç vaxt Allahın höccətindən boş qalmayacaqdır.[4]
Şeyx Səduq bu məsələ ilə əlaqədar həmin kitabda kamil izah da vermişdir.
[1] Şeyx Səduq, “Kəmalud-din”, 1-ci cild, 22-ci bab, səh. 212, “Darul-kutubil-islamiyyə”, Qum, 1395-ci qəməri il
[2] Nö`mani, Məhəmməd ibni İbrahim, “Əl-ğeybət”, səh. 136, “Məktəbətu Səduq”, Tehran, 1397-ci qəməri il
[3] Yenə orada, 2-ci cild, səh. 657
[4] “Kəmalud-din”, 1-ci cild, bab 22, səh. 212 (Mərhum Şeyx Səduq bu məsələ ilə əlaqədar münasib izahlar da vermişdir ki, o kitaba müraciət edə bilərsiniz.)