Please Wait
6340
Nəfsin islahı və rəzalətlərdən saflaşdırılması məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Bu, Quranda və rəvayətlərdə göstəriş verilən məsələdir. Çünki insan öz ruhunu islah edib aludəliklərdən, rəzalətlərdən saflaşdırılmayınca başqalarını hidayət edə bilməz. Amma dua edib Allahdan hacət istəmək məqamında çox yaxşı olar ki, insan başqalarını özündən irəli keçirsin. Rəvayətlərimizdə də bu məsələyə dair çox tövsiyə edilmişdir. Çünki bu iş insanın öz hacətinin mümkün olan tez bir zamanda yerinə yetirilməsinə səbəb olur və bu cür dua etdikdə daha artıq meyarla qəbul olunur.
Belə nəzərə çarpır ki, “nəfsin rəzalətlərdən saflaşdırılması və günahlardan uzaqlaşmaq” məqamı ilə dua edərək Allahdan bir şey istəməklə əlaqədar verilən sualda anlaşılmazlıq və səhv baş vermişdir. Çünki ayə və rəvayətlərdən məlum olduğu kimi, birinci məqamda, yəni nəfsin islahı, ruhun saflaşdırılması və günahdan uzaq olmaq məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Qurani-kərim nəfsin təzkiyəsi (ruhun rəzalətlərdən saflaşdırılması) yolu ilə insanın özünü cəhənnəm odundan uzaq saxlaması, nəfsin rəzalətlərdən, əxlaqi çirkinlik və mənəvi aludəliklərdən paklaması istiqamətində mömin insanlara xitab edərək buyurur: “Ey iman gətirənlər! Özünüzlə məşğul olun və özünüzü (zəlalət, azğınlıq və üsyankarlıqdan) hifz edib saxlayın! Əgər siz hidayət olunsanız, yolunu azan şəxs sizə heç bir ziyan çatdıra bilməz.”[1] Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və əhl-əyalınızı yanacağı camaat və daşlar olan bir oddan qoruyub saxlayın!”[2] (Yəni günah etməklə özünüzü belə bir atəşə düçar etməyin!)
Gördüyünüz kimi, burada duadan, Allahla raz-niyazdan söhbət getmir; bu məqam nəfsin islah olunması, əxlaqi rəzalətlərdən uzaq olmaq məqamıdır. O da insanın özünü və əhl-əyalını başqalarından irəli keçirməsini tələb edir. Əlbəttə, bu məsələ əmr be məruf və nəhy əz münkərin təkrarı mənasına deyildir. Çünki vacib əməllərin yerinə yetirilməsinin özü nəfsin islah olunma yollarından biridir və insanın “özünü islah etməsi” bəhanəsi ilə onları (əmr be məruf və nəhy əz münkəri) tərk etməsi rəva deyildir.
Amma dua edib Allahdan müəyyən bir hacət diləmək məqamına gəldikdə isə, rəvayətlərdən aydın olduğu və çoxlu hallarda işarə edildiyi kimi bu məqamda vəziyyət tamamilə əksinədir. Çünki məsumların (əleyhimus-salam) göstərişlərinə uyğun olaraq burada daha yaxşı olar ki, insan başqalarını özündən qabağa salsın. İmam Həsən Müctəba (əleyhis-salam)-dan nəql olunur ki, əziz anası dua məqamında başqalarını özündən qabağa keçirir və oğlunun bu məsələ ilə əlaqədar sualının cavabında buyururdu: “Əvvəl qonşular, sonra evdəkilər.”[3]
İmam Səccad (əleyhis-salam)-dan da belə rəvayət olunur: “Həqiqətən məlaikələr hər vaxt insanın öz mömin qardaşı üçün – onun yanında olmadığı halda – dua etdiyini, yaxud onu yaxşılıqla xatırladığını görsə, ona xitab edərək deyirlər: “Necə də yaxşı qardaşsan! Öz mömin qardaşın üçün xeyir-dua və onu yaxşılıqla yad edirsən, halbuki o sənin yanında deyildir. Həqiqətən Allah mömin qardaşın üçün istədiyin şeyləri sənə də bəxş edəcəkdir.”[4]
Hədis mənbələrində bu qəbildən olan rəvayətlər çoxdur. Nümunə üçün, “Vəsailuş-şiə” kitabında “dua edərkən insanın möminləri özündən qabağa keçirməsinin müstəhəbliyi” adlı bir bab (bölmə) vardır. Orada insanın dua məqamında başqalarını özündən irəli keçirməsi ilə əlaqədar çoxlu rəvayət qeyd olunmuşdur.
Əlavə məlumat üçün aşağıdakı görünüşə baxa bilərsiniz:
“Azğın həyat yoldaşı qohum-əqrəba üçün dua etmək”, sual 14979 (sayt 14755